Qan dövranı sistemi xəstəliklərindən yarım milyon insan itirmişik

0
364

Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin, dünyasını dəyişənlərin sayı illər ötdükcə kəskin şəkildə artır.

Səbəblər müxtəlifdir və kardioloqların şərhləri ilə bu məsələyə aydınlıq gətirməyə çalışacağıq. Lakin, əvvəlcə, gəlin statistikaya diqqət yetirək. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, təkcə son 5 ildə bu xəstəliklərdən 167 min 891 insan itirmişik. Belə ki, 2010-cu ildə 32 min 554 nəfər, 2011-ci ildə 32 min 835 nəfər, 2012-ci ildə 34 min 832 nəfər, 2013-cü ildə 34 min 379 min nəfər, 2014-cü ildə 33 min 291 nəfər həyatını itirib.

Son 10 il ərzində, yəni 2000-ci ildən bəri isə 454 min 975 insanımız qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib. Statistik məlumatları şərh etdikdə isə çox maraqlı bir məqam diqqəti cəlb edir. Belə ki, əgər son onillikdə bu xəstəlikdən ölənlərin sayı 450 mindən çox olubsa, onda əvvəlki onillikdə bu göstərici 240 min 155 nəfər təşkil edib. Yəni əvvəlki onilliklə indiki onillik arasında yarıbayarı artım müşahidə olunur.

“İnfarkt keçirib, heç özünün də xəbəri olmayıb”

Həkim-terapevt Sevil Eyvazova bizimlə söhbətində ürək xəstəliklərinin artmasını müxtəlif səbəblərlə əlaqələndirdi: “Ürək-damar xəstəlikləri nə üçün cavanlaşıb? Mənə elə gəlir ki, burada birinci stress məsələsi çox önəmli rol oynayır. İstər-istəməz stres faktoru artıbdır. Ürəyin tac damarının uzunmüddətli spazmı gətirib çıxarır infarkta. Bundan başqa, oturaq həyat tərzinin çox böyük rolu var. Qida rejiminə əməl olunmamasının təsiri var. Yağlı qidalar, qızardılmış qidalar, pəhriz saxlanılmaması, nə vaxt vaxtın oldu onda yemək və s. hamısı gətirib xəstəliyə çıxarır”.

S. Eyvazova dedi ki, xəstəliyin müalicəsinə vaxtında başlanılması çox əhəmiyyətlidir: “Bir də görürsünüz, xəstə tamam başqa problemlə bağlı gəlir tibb müəssisəsinə, ancaq müayinə, exo-kardioqram etdikdə ürəyinin divarında çapıq olduğu məlum olur. Yəni 30 yaşında, 35 yaşında bir insan infarkt keçirib, heç özünün də xəbəri olmayıb. Xəstəliyin vaxtında aşkar olunması, vaxtında müalicəyə başlanılması çox əhəmiyyətlidir”.

“Tamam başqa xəstəliklər adı ilə insan dünyadan köçürdü”

Kardioloq Abdulla Abdullayev isə qəzetimizə müsahibəsində məsələyə belə aydınlıq gətirdi: “Qan dövranı sistemi xəstəlikləri dedikdə, bura ürəyin işemiya xəstəlikləri, ürəyin revmatik xəstəlikləri və s. aiddir. Ölümlərə, əsasən, ürək çatışmazlıqları səbəb olur. Əvvəllər ürək-damar sistemi xəstəliklərinin aşkarlanması indiki qədər deyildi. Yəni müasir avadanlıqlar yox idi. Statistikadakı artımı mən bir az da bununla əlaqələndirərdim. Tutaq ki, əvvəl bir insan dünyasını ürək xəstəliyindən dəyişirdi, diaqnoz dəqiq olmadığından bilinmirdi. Amma indi hər şey dəqiqdir. Ümumiyyətlə, digər xəstəliklərin sayında da artım var. Əvvəllər ürəyin anadangəlmə qüsuru heç aşkar olunmurdu. Tamam başqa xəstəliklər adı ilə insan dünyadan köçürdü. Bundan başqa, 90-cı illərlə 2000-ci illər arasında bizdə ürək əməliyyatları yox idi. Həm əməliyyat olunmurdu, həm də o xəstəliklərin aşkar olunması az idi. Lakin son illər açılan diaqnostik mərkəzlərin sayı artıb, müasir avadanlıqlarla təmin olunublar və s. Ona görə də xəstəliklərin aşkar olunması çoxdur”.

“Çox vaxt gec müraciət edirlər”

A. Abdullayev dedi ki, xəstəliklərin artmasının səbəbini müxtəlif cür əsaslandırmaq olar: “Məsələn, ekologiya, stress, qanqaraldıcı xəbərlər və s. Bu gün dünyada gedən böhranlı vəziyyətlə bağlı məlumatlar, terror xəbərləri, qanlı qarşıdurma xəbərləri, kriminal məlumatlar, streslər əhaliyə təsir edir. Bundan başqa, qan təzyiqi xəstəliyi artıb, şəkər xəstəliyi, zob, ürək qüsurları həddindən artıq artıbdır. Bunların hamısı ürək-damar sisteminə təsir edən faktorlardır. Bu dəqiqə şəkər xəstəliyi əhali arasında həddindən çox artıb. Həmin xəstələrin çoxu həkimə çox gecikmiş vəziyyətdə müraciət edirlər. Dediyim kimi, digər xəstəliklərin artması da ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb olub”.

Müsahibimiz tövsiyələrini də dilə gətirdi: “Yaxşı olardı ki, insanlarımız profilaktiki müayinələrdən keçsinlər. Heç olmasa, ildə bir-iki dəfə əhali profilaktiki müayinələrdən keçsə, yaxşı olardı. Yaxşı haldır ki, son vaxtlar Prezident İlham Əliyevin göstərişi ilə əhalinin dispanserizasiyası aparılır.

Əksər insanlar xəstəliyin əlamətlərini bilmədiklərinə görə elə bilirlər ki, bu ağrılar, narahatlıqlar ola bilər. Amma çox vaxt ciddi xəstəliklərin erkən əlamətlərini insanlarımız bilmirlər, başa düşmürlər. Ona görə də, heç olmasa, ildə bir-iki dəfə profilaktiki müayinələrdən keçmək lazımdır. Xəstələndikdə təsadüfi adamlara yox, həkimə müraciət etmək lazımdır. Həkimlər bütün xəstəlikləri sadəcə xəstəyə baxan kimi aşkarlaya bilməz axı. Elə xəstəliklər var ki, gizli gedir. Onların aşkar edilməsi üçün müəyyən laborator-rentgen müayinələr lazımdır. Xəstələrə bunu deyəndə əhəmiyyət vermirlər. Bir çox insanlar xəstəlik tam ağırlaşandan sonra həkimə müraciət edirlər və bu da çox gec olur. Yeri gəlmişkən, ürək əməliyyatlarının qiyməti çox bahadır. Mən xəstələr tanıyıram ki, maddi cəhətdən imkanları yoxdur deyə əməliyyata gedə bilmirlər. Əməliyyat olunanlar da var ki, vəziyyətləri yaxşıdır.

Hazırda xəstələrə çox müsbət təsir göstərən kardioloji preparatlar var. Üçüncü tərəfdən, ixtisas həkimlərinin də sayı artır. Amma bunların effektli olması üçün insanlar özləri həkimə müraciət etməlidirlər. Bir daha vurğulayıram – çox vaxt gec müraciət edirlər”.

“Gördüm ki, davam gətirə bilmirəm”

Həmsöhbətimiz bildirdi ki, ekologiya, radiasiya, içməli suyun keyfiyyəti, qidaların tərkibi məsələsi də bu gün qan dövranı sistemi xəstəliklərinin geniş yayılmasında önəmli rol oynayır: “Həmçinin konservləşdirilmiş məhsulların tərkibində ürəyə toksiki-zəhərli təsir edən maddələr var. Yaxud məhsulun istifadəyə yararlılıq müddəti keçir, ancaq həmin vaxtı uzadırlar və s. Səbəblər çoxdur. Televiziyanın mənfi təsiri ilə bağlı bir şeyi də deyim. O gün bir xəstə gəlib müayinəyə. Müəyyən etdik ki, infarkt xəstəsidir. Soruşuram ki, stress keçirmisən? Deyir yox. Ağır fiziki iş görmüsən? Deyir yox. Valideynlərində ürək xəstəliyi olubmu? Deyir yox. Onun həyat yoldaşı da otaqda idi. Qəfil qayıtdı ki, “yoldaşım o gün hind kinosuna baxırdı. Qəfildən möhkəm qışqırdı və ürəyindən ağrılar tutdu”. Dediyim odur ki, televiziyadan, bəd xəbərlərdən gələn stressin çox böyük rolu var. Əvvəllər mən özüm də belə xəbərlərə baxan idim. Gördüm ki, davam gətirə bilmirəm. Təzyiq, şəkər xəstəliyi əmələ gələndən sonra dözə bilmədim. Çox adamlar baxır və bu vəziyyətə gəlib düşürlər. Əsəb sistemi oyaq olan, təzyiqi, ürəyindən şikayəti, hətta şəkəri olan adamlar stress əmələ gətirən verilişlərə baxmasınlar”.

Havada maqnitləşmə olan vaxtlarda öncədən televizorda xəbərdarlıq edirlər. Həkimin sözlərinə görə, həmin saatlarda xüsusən ürək-damar sistemində problemi olan insanlar açıq havada olmamalıdırlar.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here