“Qalmaqallar arxada qaldı, Mingəçevir teatrı tamaşaçılarını sevindirəcək”

533
Mingəçevir Dövlət Dram Teatrına yeni direktor Səxavət Məmmədov təyin edilib. Bu günlərdə Səxavət müəllimlə görüşüb, bizi maraqlandıran suallara cavab aldıq. Qeyd edək ki, ziyalı ailəsində dünyaya göz açan Səxavət Məmmədov təhsilini iqtisadiyyatın idarə olunması ixtisası üzrə alsa da, ali məktəbi bitirdikdən sonra daim media sahəsində çalışıb. Avropa ölkələrinin və Amerikanın Azərbaycanda fəaliyyət göstərən təşkilatlarında media mütəxəssisi kimi təcrübə toplayıb. Bu da rəhbər vəzifədə işləməyə müsahibimizə böyük imkanlar yaradır…   
– Səxavət müəllim, bəzən belə fikir səsləndirilir ki, bu şəhərin sənət məbədi onun inkişafından geri qalır. Bu barədə siz nə düşünürsünüz?

– Mən belə deməzdim! Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan teatrı 2009-2019-cu illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənib. Bu proqram çərçivəsində köhnə koloriti saxlanılmaqla yenidən bərpa olunan və müasir avadanlıqlar, işıq və səs effektləri ilə təmin olunan, yaradıcı insanlar üçün istənilən şəraiti olan Mingəçevir teatrı öz möhtəşəmliyi ilə şəhərimizə xüsusi bir gözəllik bəxş edir. Bununla yanaşı, təmirdən sonra günün tələblərinə uyğun teatrın repertuarı formalaşıb. Bu baxımdan maliyyə və informasiya resurslarından səmərəli istifadə edən Mingəçevir teatrı ötən illərin yekunlarına nəzər yetirsək görərik ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən öndə gedən teatrlar siyahısına salınıb. Biz də, öz növbəmizdə, bu ənənəni davam etdirmək üçün var gücümüzlə çalışırıq.

– Tamaşaçıların teatra cəlb olunması istiqamətində nə kimi yeniliklər tətbiq olunur.

– Bu gün Mingəçevir Dövlət Dram Teatrı klassik və müasir dramaturqlara, dünya ədəbiyyatının nümunələrinə müraciət edir. Bu, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən təsdiq olunmuş 2014-cü il üçün repertuar planında öz əksini tapıb. Bununla da “Əyalət çərçivəsindən çıxmaq” və dünya standartlarına uyğun tamaşalar qurmaq bizim qarşıda duran başlıca məqsədimizdir. Mingəçevir tamaşaçısını teatra kütləvi dəvət etmək məqsədilə yeni strategiya və yeni iş prinsipləri qurulur. İnternet vasitəsilə sosial şəbəkələrdə teatrın səhifəsi (https://www.facebook.com/mingechevir.dovlet.dram.teatri) yaradılıb. Buraya 1 ay ərzində 800-ə yaxın aktiv istifadəçi qoşulub. Həmin istifadəçilərə gün ərzində teatrda görülən işlər haqqında məlumatlar verilir. Tamaşaçıların istəyi müzakirə olunaraq nəzərə alınır.

Hazırda iki mobil operatoru ilə danışıqlar aparılır. Bu operatorlarla Mingəçevir sakinlərinə tamaşaların premyerası haqqında SMS vasitəsilə məlumatlar çatdırılacaq. Bu gün müasir inteqrasiyanın tələbi budur.

– Bir müddət öncə mətbuatda teatrınızda məlum qalmaqallarla bağlı  yazılar yayınlandı. Bu gün çoxları işdən çıxarılanların aqibəti ilə maraqlanır…

– Əslində mən bu əməkdaşların uzun müddət işsiz qalmalarına, özlərinin inkişafları üçün yaradıcılıqla məşğul olmamalarına çox təəssüfləndim.  Bilirsiniz, teatrda lazımsız və xoşagəlməz dedi-qodu ilə məşğul olmaq heç bir yaradıcı insana xeyir gətirmir. Biz işdən çıxarılan əməkdaşları teatra dəvət etdik. Onlara bu kimi neqativ hallara bir daha yol verməmələri və köhnə hadisələri yada salmayaraq daha çox yaradıcılıq işləri ilə məşğul olmaları tövsiyə edildi. Gəlsinlər, qollarını çırmalasınlar və iş prosesinə girişsinlər. Onlar üçün bütün şərait yaradılıb.

– Bu yaxınlarda mövsüm başa çatacaq. Mövsümə qədər hansı tamaşalar üzərində işlər davam etdiriləcək?

– Hazırda Mingəçevir teatrında müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası səhnələşdirilir. Tamaşanın rejissoru respublikanın Xalq artisti Vaqif Əsədovdur. Bu gün tamaşanın son məşqləri aparılır və iyun ayının sonu teatrsevərlərin ixtiyarına veriləcək. Tamaşanın rejissoru bu tamaşaya xüsusən gənc aktyor heyətini dəvət edib. Məqsəd gənclərin bu sahədə təkmilləşməsi və daha çox təcrübə toplamalarıdır.

– Paytaxtdan hansısa rejissorları və aktyorları dəvət etmək fikriniz varmı?

– Teatrın gənc aktyor heyətinin peşəkarlığının daha da artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyindən Mingəçevir teatrına   təcrübəli rejissorların dəvət olunması xahiş edilib və bu da nəzərə alınaraq, bu il Xalq artisti, rejissor Vaqif Əsədov başda olmaqla, tanınmış rejissorlar Bəhram Osmanov və Loğman Kərimov Mingəçevir Dövlət Dram Teatrına dəvət alıblar.

 

– Mingəçevirdə teatrın təbliği ilə bağlı elə bir reklam şiti yoxdur. Bu azmış kim,i teatrınızın saytı da özünü doğrultmur. Bu barədə nə deyə bilərsiniz?

– Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Mingəçevir şəhərinə 3 ədəd müasir afişa tumbaları ayrılıb. Xüsusi görkəmli, işıqlı bu tumbaların şəhər əhalisinin ən çox toplaşdığı ərazilərdə və münasib yerlərdə quraşdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət olunub. O ki qaldı internet saytına – biz teatrın əvvəlki internet səhifəsinin fəaliyyətini dayandırmışıq. Bu gün daha professional və təcrübəli şirkət tərəfindən teatrın yeni internet saytı yaradılır və son tamamlanma işləri görülür. Yaxın günlərdə həmin səhifənin təqdimat mərasimi keçiriləcək. Yenilik olaraq bildirim ki, bu sayt vasitəsilə tamaşaçı teatra “onlayn” bilet sifariş edə biləcək.

 

– Rejissor sarıdan probleminiz varmı?

– Ümumiyyətlə, ixtisaslı rejissor nəinki Mingəçevir, bütün bölgə teatrları üçün problemli məsələdir. Yerlərdə ixtisaslı və təcrübəli kadr tapmaq çətindir. Bu günlərdə teatrımızda olan vakant yerlərlə bağlı Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərəcəyik. Bizim bölgədən həmin universitetdə təhsil alan və ya oranı bitirən kadr olarsa, bizdəki iş yerləri ilə bağlı onlara məlumat verəcəyik.

 

– Xarici ölkələrə səfərləriniz gözlənilirmi?

– Mütəmadi olaraq ölkədən kənarda təşkil olunan teatr festivalları ilə maraqlanırıq. Bu ilin avqust ayında 10-20 noyabr 2014-cü ildə Ankara Beynəlxalq teatr festivalına və 25 oktyabr – 5 noyabr 2014-cü il  tarixlərində İstanbul Beynəlxalq teatr festivalına qeydiyyat başlayacaq. Bunun üçün tərəfimizdən lazımi sənədlər hazırlanır. Ümid edirik ki, bu festivallarda teatrımız layiqincə təmsil olunacaq.

 

– Qalmaqalı ilə ad çıxarmış bu sənət məbədində işləmək sizin üçün çətin deyilmi?

– Teatr kifayət qədər ciddi bir sənət ocağıdır. Teatr daxilində hər hansı bir problem, narazılıq varsa, bunu şouya çevirməyin qəti əleyhinəyəm. Çünki teatrlarda hələ Şekspir dövründən bu günə qədər müəyyən narazılıqlar, problemlər olub, olacaq da! Bu narazılığı mətbuatda müzakirə etməyi normal hal saymıram. Bütün bunlar teatrın daxilində çox rahatlıqla, asanlıqla, kompromis variantlarla həll oluna bilən məsələlərdir.

Mətbuatı gündəlik izləyənlər daha yaxşı bilər ki, Mingəçevir teatrı bu gün ancaq yaradıcı işlərlə məşğuldur. Qalmaqallar, köhnə söz-söhbətlər, hamısı keçmişdə qalıb.

Buraya gələn hər bir tamaşaçı daxili nizam-intizam görməli, yüksək mədəniyyətin şahidi olmalıdır. ESMIRA HIDAYƏTOVA