Martın 10-da futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.
Günün açılış matçında “Sevilya” İspaniyada İngiltərənin “Vest Hem” klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Munir El-Haddadi vurub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyada “Barselona”nın qonağı olub. “Kamp Nou” stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.
Gecənin digər qarşılaşmalarında “Reyncers” Şotlandiyada Serbiyanın “Srvena Zvezda” klubuna, “Braqa” Portuqaliyada Fransa “Monako”suna, “Atalanta” isə İtaliyada Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qalib gəlib.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i dörddəbir finala birbaşa vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyun günündə Fransanın “Lion” klubu Portuqaliyada “Portu”nu 1:0, Almaniyanın “Ayntraxt” komandası isə İspaniyada “Betis”i 2:1 hesabı ilə məğlub edib.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) – 1:0;
“Qlazqo Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) – 3:0;
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa) – 2:0;
“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:2;
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 0:0.