“Qalatasaray” 21 illik “həsrət”ə son qoydu

0
220

Fevralın 23-də Türkiyə Superliqasının XXIII turunda İstanbul derbisi keçirilib.

“Şükrü Saracoğlu” stadionunda baş tutan görüşdə “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Matçın 21-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Maks Kruze hesabı açıb. Lakin qonaqlar 40-cı dəqiqədə Rayan Donkun vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər. Birinci hissə elə bu hesabla bitib -1:1. Matçın 80-ci dəqiqəsində “Qalatasaray”ın hücumçusu Radmel Falkao komandasını hesabda önə keçirib. Qarşılaşmanın 84-cü dəqiqəsində meydanda yaranan mübahisə səbəbindən Dəniz Turuc və Younes Belhanda qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Oyunun son dəqiqələrində Henri Onyekuru komandasının üçüncü qolunu vurub. Beləliklə “Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib.

Məlumata görə, bu oyundan sonra Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Ersun Yanal istefa verib.

Günün digər oyunlarında “Ankaragücü” səfərdə “Gənclərbirliyi”nə minimal hesabla məğlub olub. “Antalyaspor” səfərdə “Yeni Malatyaspor”u 2:1 hesabı ilə üstələyib.

Turun digər oyunları fevralın 24-də keçiriləcək.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 45 xalla “Trabzonspor” klubu liderlik edir. Eyni xala malik olan “Qalatasaray” və “Sivasspor” müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.