Qalabəyinin saydıqlarını “Neftçi” də saymaq istəyir

603

Uzun müddət xarici ölkələrin birində səyahət etmiş padişah səfərdən qayıdırdı. Şahın gəlməsi münasibətilə bir neçə gün əvvəldən paytaxt bəzədilir, yollar süpürülüb təmizlənir, küçələrə sərbazlar düzülür. Qalabəyinə isə əmr edilir ki, şah şəhər darvazasından içəri girən kimi on iki topdan yaylım atəşi açılsın.

Müəyyən olunmuş vaxtda şah onun pişvazına çıxmış vəzir-vəki və əyanlarla birgə şəhərə varid olur. Lakin şah darvazadan şəhərə daxil olarkən yaylım atəşi açılmır. Vəzir əsəbiləşib qalabəyini yanına çağırtdırır və ondan bunun səbəbini soruşur. Qalabəyi cavab verir:

– Vəzir sağ olsun, yaylım atəşi açmamağımızın on iki səbəbi var.

Vəzir bu səbəblərin nədən ibarət olduğunu soruşur. Qalabəyi barmaqlarını bir-bir bükərək deyir:

– Əvvəla, kükürdümüz yox idi, ikincisi…

Vəzir onun sözünü yarımçıq qoyur:

– Kükürdün olmadığını dedin, kifayətdir, o biri səbəbləri saymamaq da olar.

Bu günlərdə “Neftçi” komandası ilə bağlı bir məlumatı oxuyarkən bu hikmətli rəvayət yadıma düşdü. Həmin məlumat da ondan ibarətdir ki, sən demə, 0:0 hesabı ilə başa çatmış “Neftçi” – “Simurq” görüşündə əsas söz sahibi, həmin oyunu idarə edən gənc FIFA referisi Əliyar Ağayev olubmuş. Yəni hakimin “ağ-qaralar”a qarşı haqsızlığı nəticəsində komanda qələbə qazana bilməyibmiş. Yuxarıda söylədiyim rəvayətdəki qalabəyidən fərqli olaraq, klub rəsmiləri hakimi düz 7 epizodda günahlandırıblar. Mən bu kiçik “meydança”mda həmin epizodlardan ətraflı söz açıb, vaxtınızı almaq istəmirəm. Odur ki, yazımı öz ampulamda davam etdirirəm. Bəri başdan deyim ki, vallah, belə baxanda uğursuzluğa görə on bir nəfəri, yaxud bütövlükdə komandanı mühakimə etməkdənsə elə bir hakimi günahlandırmaq daha sərfəlidir, həm də əlverişlidir.

Fikrimcə, bu, klubun bəzi yetkililərinin, daha doğrusu, arifsevərlərin (komandanın baş məşqçi Arif Əsədovdur) “Neftçi”nin uğursuzluğunu pərdələməkdən ötrü atılan bir addımdır, özü də çox uğursuz bir addım. Əvvəla, bu, gənc bir hakimi qaralamaqdır. Yeri gəlmişkən, neçə illərdir ki, “Neftçi” bu gənc hakimi quru yuyub yaş sərir. Hətta onu “Neftçi”nin düşməni, başqa sözlə, onu düşərsiz hakim kimi qələmə verməyə cəhd edir. Axı nə vaxta qədər hakimdən gileylənəcəksiniz? Axı nə vaxta qədər öz hakimlərimizi yandırmaqla məşğul olacağıq? Onsuz da onlardan bir neçəsini elə yandırmışıq ki, heç soraqları da gəlmir. Digər tərəfdən, belə bir addım “ağ-qara”lar kimi qocaman bir komandaya əsla yaraşmır. Bir də axı həmin epizodlarda oyunun nəticəsinə təsir edəcək elə pozuntular yoxdur. Yenə deyirəm, başqa mənbə axtarmayın, bu, mənə məxsus fikirlərdir.

Görünür, son iki oyunda bir xal toplayan və bununla da azarkeşlərin etirazlarına tuş gələn “Neftçi” başqa çıxış yolu tapa bilmir. Yox mən demirəm ki, bu qış mövsümündə “Neftçi” Antalyaya düşən kimi başdan-başa gəncləşməli idi. Guya ağsaqqallara həsrət qalmış “Xəzər-Lənkəran” qaz vurub qazan dolduracaq? Ay hay… Hazırda özünü “günə verən” Tahir Süleymanovun sözü olmasın, futbolçunu meydana buraxanda yaşına yox, oyun kefiyyətinə baxarlar da… Mən demirəm ki, bu qış mövsümündə “Neftçi” Antalyaya düşən kimi öz heyətinə yeni legionerlər cəlb etməli idi. Guya gətirənlərin əli bala batıb?

Mənim fikrimcə, uğursuzluq zolağına düşmüş “Neftçi” xeyli vaxtdır ki, əgər belə demək mümkünsə, özünü, öz oyununu itirib. İndi də onu tapa bilmir. Harada itirdiyini də xatırlamır. Mənə elə gəlir ki, ya “Neftçi” öz oyununu hər cür şəraiti olan Antalyadakı təlim-məşq məkanında qoyub gəlib (başqa yerdə də ola bilər), ya da bu komandanın sabiq baş məşqçisi Böyükağa Hacıyev onu elə itirib ki, indi heç nə ələ gəlmir. Uzun sözün qısası, “Neftçi”nin uğursuzluqları üçün çeşidli-ceşidli bəhanələr gətirmək (“bəxt amili öz sözünü dedi”, “hələ komandaya uyğunlaşma dövrunu keçir”, “problemlər müdafiənin cinahları ilə bağlıdır” və sairə.. ), yaxud hakimi qaralamaq lazım deyil. Sadəcə demək lazımdır ki, komanda formada olmadığı üçün öz oyununu tapa bilmir, o biri səbəbləri saymamaq da olar…

Qvami Məhəbbətoğlu