“Qafqaz”ın müəllimi Polşadan təhsil təəsüratları ilə qayıdıb

463
Son zamanlar Azərbaycan təhsilinin sürətli inkişafı nəinki tələbələrin xaricdə təhsil almasını, eyni zamanda müəllim heyətimizin də xaricdə təcrübə keçməsini sürətləndirdi. Xarici təcrübənin Azərbaycan təhsilində bariz şəkildə əks olunduğunu orada təcrübə keçmiş Qafqaz Universiteti müəllimləri ilə söhbət zamanı şahidi oldum. Həmin müəllimlərdən birini sizinlə də tanış etmək istədim. Bir ay müddətində Polşanın bir neçə universiteti ilə yaxından tanış olan Qafqaz Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin dekanı, dosent Mayis Əzizov xaricdə təcrübə ilə bağlı verdiyimiz sualları belə cavablandırdı.
– Mayis müəllim, Polşa səfəriniz haqqında oxucularımızı məlumatlandırmağınızı istərdik.

– Qafqaz Universiteti hər il Avropa ölkələrinə müxtəlif təhsil proqramları ilə müəllimlər üçün təcrübələr təşkil edir. Mən də bu il “Erasmus MundusAlarkis” II proqramı vasitəsilə Polşaya  getmişdim. Bu program coxməqsədlidir, ancaq mənim iştirak etdiyim proqram əsas olaraq Akademik heyətin mübadiləsi məqsədli idi. Programın müddəti isə iştirak edilən proqramın mahiyyətinə görə dəyişir. Məsələn bizim müəllimlərimiz içərisində digər proqramlar vasitəsilə 10 ay müddətində iştirak edənlər də var. Ancaq mənim iştirak etdiyim proqram bir aylıq idi. İştirakımızın əsas məqsədi, Avropa tədris məkanı təcrübəsini öyrənmək, orada görülən təcrübənin ən yaxşı şəkildə bizim universitetlərdə də tətbiq edilməsi idi.

– Polşanın hansı universitetlərində oldunuz?

– Polşanın “Warsaw University of Life Sciences” – SGGW- də oldum. İştirak etdiyim universitetlərdə dərslərin necə keçirilməsi, tədrisin keyfiyyətinin hansı səviyyədə olması, tədris prosesində hansı metodlardan istifadə etdikləri ilə bağlı məlumat aldım. Bizim bu ölkələrə səfərimizin əsas məqsədlərindən biri də, həmin universitetlərdə tətbiq edilən “Boloniya” təhsil sistemi ilə bağlı təcrübə əldə etmək idi. Bu təcrübə də Azərbaycan Universitetləri üçün nələrdən faydalana biləcəyimizlə bağlı informasiya əldə etdim. Bizim həmin universitetlərə səfərimizin onlar üçün əhəmiyyəti isə  ondan ibarət oldu ki,Azərbaycandan gedən müəllimlər həmin universitetlərdə doktorantura tələbələrinə və mümkün olduğu qədər də digər tələbələrə seminar verirlər. Varşavada özəl universitetlərdən Vistula Universiteti və Varşava dövlət universitendə də qonaq oldum. Onların dərslərində iştirak edərək tələbə-müəllim münasibətlərini müşahidə etdim. Xüsusilə də dərs sistemləri ilə yaxından maraqlanaraq, universitetlərimiz arasındakı fərqləri müqayisə edim. Həmçinin, getdiyimiz universitetlərdə dekan, dekan müavinləri, kafedra müdirləri ilə ayrıca görüşlər təşkil olunurdu. Tətbiq etdikləri Boloniya sistemində hansı mərhələdə olduqları ilə bağlı məlumat alırdıq. Gördüyümüz qədərilə onlar bu sistemə tamamən keçmiş hesab olunurlar. Apardığımız müzakirələrdə sistemlə bağlı çətinliklər, onlardan çıxış yolu kimi istifadə etdikləri metodlarla tanış olduq.

– İki ölkənin təhsil sistemində qarşılaşdığınız fərqlərlə bağlı məlumat verərdiniz.

– Bütün bu proseslər sonrasında belə qənaətə gəldim ki, iqtisad sahəsində tədris olunan bəzi fənnlər bizdə daha yaxşı tədris edilir. Təbii ki, bəzi nüanslar var ki, onlar bizdən daha güclüdürlər. Onların universitetlərinin ən böyük üstünlüyü odur ki, əməkdaşları bizdən daha çoxdur. Bir kafedranın əməkdaşı 200-dən daha çoxdur ki, bunun da 50 nəfəri professordu. Ancaq bizdə məlum məsələdir ki, bir fakültədə belə o qədər adam yoxdu. Həmçinin onların hər həftə tələbələrlə konfrans keçirmə imkanları var.

Bu konfransların keçirilməsi də universitetdə tədrisin keyfiyyəti baxımından çox önəmlidir. Ancaq nəzərə alsaq ki, bizim kadrlarımızın böyük faizini gənclər təşkil edir, təbii ki, bu da bizim üstünlüyümüzdür. Digər bir tərəfdən də, onlarda tələbələrin mübadilə imkanları bizə görə daha geniş olur. Tələbələr rahat şəkildə Avropaya gedib təhsilini davam edə bilirlər, ancaq bu proses bizim tələbələr üçün nisbətən çətin olur. Bunun səbəbi isə, bizdə təhsil müddətinin 4 il olmasıdır. Belə ki, bütün Avropa ölkələrinin təhsil müddəti 3 illik olduğuna görə, Şərqi Avropa ölkələri də bunu tətbiq edir.

– Az öncə tələbələrlə dərslərdə də iştirak etdiyinizi dediniz. Bəs dərs müddətində tələbələrin iştirakı sizi nə dərəcədə qane etdi? Bizim tələbələrlə müqayisədə nə deyərdiniz?

– Orada olduğum müddətdə apardığım müşahidələrə görə belə qənaətə gəldim ki, bizim tələbələrimiz dərs müddətində daha aktivdilər və müəllim- tələbə münasibətləri daha səmimidir. Belə ki, bizim universitetdə müəllimlər tələbələrlə sadəcə dərsləri ilə deyil, onların digər problemləri ilə də yaxından maraqlanırlar. Digər bir tərəfdən də hesab edirəm ki, onlara nisbətən bizim müəllimlərimiz daha interaktiv dərs keçirlər. Tələbələrlə dərsdən kənar da görüşlər təşkil edirlər. Ancaq nəzərə alsaq ki, onların auditoriyasında 100 tələbə, bizdə isə 30 tələbə olur, bu zaman istəsələr belə bu tədris prosesini bu şəkildə qurmaq qeyri mümkündür. Bizdə olduğu kimi həmin universitetlərin də tərkibində yataqxanalar fəaliyyət göstərir. Tələbələr bu yataqxanalardan geniş şəkildə istifadə edirlər.

– Azərbaycanlı tələbələrdən Polşada təhsil alanlar varmı? Tanışlığınız oldumu?

– Bəli, Varşavada tanış olduğum magistratura, eyni zamanda bakalavriat pilləsində təhsil alan bir neçə Azərbaycanlı tələbə ilə qısa söhbətimiz oldu. Onlar Azərbaycandan uzaqda olsalar da, Azərbaycan haqqında hər hansı bir hadisə baş verdiyi zaman onunla dərindən maraqlanır, vətənlərini ən gözəl şəkildə təmsil etməyə çalışırlar. Və düşünürəm ki, orada təhsil alan tələbələr nümunəvi tələbələrdir və söhbətimiz zamanı oxuduqları universitetin təhsilindən razı olduqlarını bildirdilər.

– Çox sağ olun Mayis müəllim. Təşəkkür edirəm.

 

Əsgər Hüseynov