Qadınların güclü müşahidə bacarığı da var.

539

Ordudan, xidmətdən danışarkən öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir. Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı durmadan artmaqdadır. Müsahiblərimiz zərif cinsin nümayəndələri olmalarına baxmayaraq, bu peşəni seçməyi özlərinə borc bildiklərini deyirlər.

Xəyalə Abışova: “Uzun illər bu arzuma çata bilmirdim”

Müsahibimiz Xəyalə Abışova Mingəçevir şəhərində anadan olub. Orta təhsillidir. İki ildir ki, orduda rabitəçi kimi çalışır.

– Xəyalə xanım, hansı səbəbdən hərbçi olmaq qərarına gəldiniz?

– Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Könüllü olaraq orduda qulluq edirəm.

– Ordu sıralarına daxil olmaqda məqsədiniz nə idi?

– Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. Hal-hazırda rabitəçi kimi çalışıram, amma lazım gəlsə, mən də cəbhə bölgəsinə yollanıb düşmənlə döyüşə hazıram. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verər. Əgər mən bu yolu seçib gəlmişəmsə, bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edə bilərəm.

“Geyindiyiniz forma şəhidlərimizin kəfənidir”

– Ailəniz seçdiyiniz çətin və şərəfli yolda sizi dəstəkləyir?

– Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük dayağım ailəmdir. Hər gün xidmətim necə keçməsi ilə maraqlanırlar, tez-tez əlaqə saxlayırlar. Yaxınlarımızın çoxu düşmən gülləsindən şəhid olub və tanıyanlar bizə deyirlər ki, geyindiyiniz forma şəhidlərimizin kəfənidir. Ona görə də vətən eşqi ilə döyünən bir azərbaycanlı kimi deyə bilərəm ki, qadın olmağımızdan asılı olmayaraq, əgər bu formanı geyinmişiksə, deməli, bunun məsuliyyətini də dərk edib şəhidlərimizin qisasını alacağıq.

– Orduda xidmət etmək istəyən qadınlara nə demək istəyərdiniz?

– Onu deyə bilərəm ki, torpaqlarımız işğal altındadır. Bu torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında olmalıdır…

Rəvanə İsgəndərova: “İş elə gətirdi ki, hərbçi oğlanla da ailə həyatı qurdum”

Digər müsahibimiz də qadın hərbi qulluqçu, baş rabitəçi Rəvanə İsgəndərova Mingəçevir sakinidir. 1 ildir ki, hərbidə qulluq edir. Ailəlidir, həyat yoldaşıda hərbçidir.

– Rəvanə xanım, deyirlər hərb sənəti məsuliyyətlidir. Məsuliyyətli yola qədəm qoymağınızın səbəbi nədir?

– Mən hələ uşaq olarkən bizə məktəbdə vətənpərvərlik mövzusunda tədbirlər keçirilirdi. Elə o vaxtdan məndə vətənə, vətən uğrunda döyüşlərə böyük maraq yarandı. Həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli insan yararlandı. İş elə gətirdi ki, hərbçi oğlanla da ailə həyatı qurdum. Bir övladımız da var. Xoşbəxt hərbçi ailəmiz var. Gələcəkdə oğlumu hərbçi kimi görmək istərdim.

“Ən böyük dayağım atamdır”

– Ordu sıralarında qulluq etmək qadın kimi sizi qorxutmur?

– Səbir, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə görə qadınlar daha üstündürlər. Yüksək özünümüdafiə instinktinə görə qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da var. Heç bir qorxum yoxdur.

– Bu yolda ən böyük dəstəkçiniz kimdir?

– Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb, mənə dəstək verdi.

Hər birimiz yaxşı başa düşürük ki…

– Ordu sıralarında xidmət edən döyüşçü yoldaşlarınıza nə deyə bilərsiniz?

– Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var. Lakin Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sıralarında xidmət edirik. Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi, bu günümüzün gəncləri özlərini xoşbəxt sanmalıdırlar ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub.

Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq…

Esmira Hidayətova, Mingəçevir.