“Qadağa saatlarında rayon maşınını Bakıda sürməyə görə cərimə yazıla bilməz”

555

Bu ilin sentyabr ayının 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta girişinə qadağa qoyulmuşdu. Bura Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillər də daxil edildi. Həmçinin həmin vaxtdan etibarən Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar da istifadəyə verildi. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə edildi. Amma yenə də paytaxta şəxsi avtomobili ilə gəlmək istəyənlər də az olmadı. Qərar tətbiq olunmağa başlanılan vaxtlarda çox ciddi nəzarət olduğuna görə Bakı şəhərinə şəxsi avtomobili ilə daxil olmaq istəyənlərin sayı get-gedə azalmağa başladı. Lakin son günlər paytaxt yollarında şütüyən rayon qeydiyyatında olan avtomobillərin sayı xeyli artıb.

Bəzi vətəndaşlar bu qaydanın ləğv olunduğunu zənn edərək, Bakıya rayon qeydiyyatında olan maşınlarla ilə gəlməyə davam edirlər. Bundan başqa, gündüz saatlarında Bakıya daxil olan avtomobillərin çox vaxt şəhərin girişində duracaqlara yönəldilməmələri də vətəndaşları qərarın ləğv olunduğuna inandırırdı. Buna görə də əhali arasında bu qadağanın aradan götürüldüyü və ya götürüləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bütün bunlarla bağlı suallara cavab almaq üçün Respublika Baş Dövlət Yol Polisi (BDYP) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq.

“Bir maşının, beş maşının keçməsi şəhər nəqliyyatında ciddi problem yaratmır”

Kamran Əliyev açıqlamasında dedi ki, məhdudiyyət tətbiq olunan vaxtlarda Bakı şəhərinə gələnlərin sayında azalma var: “Məhdudiyyət tətbiq olunan müddət ərzində (qış rejiminə keçildiyinə görə səhər saat 07:00-dan axşam 21:00-a qədər) xüsusi ayrılmış postlarda xidmət aparılır. Amma saat 21:00-dan səhər saat 07:00-a qədər həmin nəqliyyat vasitələrinin Bakı şəhərinə girişinə məhdudiyyət qoyulmadığına görə səhər şəhərdən çıxanda bir qədər həmin müddəti ötürürlər. Bu səbəbdən şəhərdə bir neçə avtomobil gözə çarpır. Bu o demək deyil ki, kütləvi şəkildə qadağa qoyulmuş vaxtlarda rayon qeydiyyatında olan avtomobillər şəhərə daxil olurlar. Qadağa ləğv olunmayıb, məhdudiyyət qüvvədədir”.

K. Əliyevin dediyinə görə, bir maşının, beş maşının keçməsi şəhər nəqliyyatında ciddi problem yaratmır: “Bu qaydalara məhdudiyyət tətbiq olunan avtomobil sahibləri də diqqət yetirməlidirlər. İctimai nəqliyyat bildiyiniz kimi, intensiv şəkildə fəaliyyətini davam etdirir. Xüsusilə də, Bakı-Sumqayıt yolunda əhalinin çoxu elektrik qatarından istifadə etdiyinə görə çox adam Sumqayıtdan Bakıya öz maşını ilə, ümumiyyətlə, gəlmir. Çünki vəsait baxımından da bu, əlverişli deyil. Həm də vaxta görə ictimai nəqliyyat daha səmərəlidir”.

“Cərimə sanksiyası yoxdur”

Bakı şəhərində qeydiyyata salınan avtomobillərin sayında elə də ciddi artım olmadığını deyən K. Əliyev cərimə məsələsinə də toxundu. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirdi ki, məhdudiyyət zamanında ancaq yük avtomobillərinin nişanın tələbini pozması aşkarlanarsa, cərimələnə bilər: “Amma minik avtomobillərinin məhdudiyyət tətbiq olunmuş vaxtlarda, şəhər ərazisində hərəkət etməsinə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayıb. Cərimə sanksiyası yoxdur. Bu səbəbdən də həmin sürücülər saxlanılıb cərimələnə bilməzlər. Onların ancaq hərəkətləri müəyyən olunmuş vaxtadək məhdudlaşdırıla bilər. Yəni həmin vaxt ərzində duracaqlarda saxlaya bilərlər, vaxt bitdikdən sonra cəriməsiz-filansız buraxılmalıdır. Bununla bağlı bizə müraciət edən vətəndaşlar olub. Halbuki müraciət edənlərə deyilmişdi ki, əgər 21:00-da şəhərə daxil olursunuzsa, səhər saat 07:00-da Bakı şəhərini tərk etməlisiniz, ya da o müddətdən sonra paytaxtda maşını idarə etməməlisiniz”. Kamran Əliyev bir daha qeyd etdi ki, bu qadağa Bakı şəhərində avtomobillərin sıxlığının aradan qaldırılması məqsədilə həyata keçirilir.

Rasim Məmmədli