Qəzzəda İsrail tərəfindən qırğınlar ara vermir

İsrailin Qəzzəda keçirdiyi hərbi əməliyyatları nəticəsində ölən fələstinlilərin sayı getdikcə artır. Belə ki, Qəzzəda son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinli ölüb, 3100-dən çox adam isə yaralanıb.
İsrail Qəzzəda quru əməliyyatlara başlayandan sonra bölgədə ölənlərin sayı kəskin artıb. İsrail qırıcılarının bölgəni bombardman etməsi nəticəsində xeyli sayda yaşayış evi yerlə bir olub.

Təkcə ötən gün Xan-Yunis və Rafax şəhərlərində yaşayış məntəqələrinin bombalanması zamanı 9 nəfər ölüb. Onlardan 7-si uşaq olub.

Son məlumatlara görə, hazırda İsrail ordusu ilə Həmas hərəkatı arasında qızğın döyüşlər Qəzzənın mərkəzi hissəsində gedir.

 

BMT baş katibi zorakılığı

dayandırmağa çağırıb

BMT baş katibi Pan Gi Mun Doha şəhərində Qətər əmiri Tamim bin Xamad əl Tani və Fələstin lideri Mahmud Abbasla görüşlər keçirib.

Pan Gi Munun Yaxın Şərq turnesinin məqsədi uzunmüddətli atəşkəsə nail olmaq, İsrail və Fələstinə üçün kömək etməkdir.

BMT baş katibi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, habelə zorakılığı dayandırmağa çağırıb.

Pan Gi Mun Qətərdan sonra Küveyt, Qahirə, Qüds, Ramallah və Əmmana səfər edəcək.

 

Ramzan Kadırovdan

“birləşin” çağırışı

Çeçenistan lideri Ramzan Kadırov “Facebook” səhifəsində yazıb ki, Fələstindən atılan raketlər İsraildə dağıntı və tələfata səbəb olmur: “Lakin İsrailin atdığı raketlər yüzlərlə günahsız fələstinlinin canını alır. İsrail uşaqları, müdafiəsiz qadınları, yaşlıları öldürür”.

O, bildirib ki, ABŞ və Avropa İsrailin bu qəddarlığını kənardan sakitcə izləyir, heç bir tədbir görmür.

“ABŞ və onun müttəfiqləri İsrailin Qəzzədakı hərbi əməliyyatlarını qınamır, amma Ukrayna hadisələrinə görə, Rusiyanı günahlandırır, ölkəmizə qarşı iqtisadi sanksiyalar tətbiq edir. İsrailin Qəzzədakı hərbi əməliyyatları dövlət terrorudur. Müsəlmanların birləşməyinin vaxtı çatıb. Suriya, İraq, Əfqanıstan, Liviya, Misirdə müsəlmanlar cihad adı altında bir-birlərini qırır. Cihad bu deyil. Bizim cihadımız təhsil, mədəniyyət, elm, idman, incəsənət olmalıdır”, -deyə Kadırov bildirib.

Çeçenistan lideri Fələstində sülhün bərqarar olması üçün bütün müsəlmanları dua etməyə çağırıb.

Öz növbəsində İran Prezidenti Həsən Ruhani deyib ki, hökumət olaraq bütün gücümüzlə müdafiəsiz qalan Qəzza xalqını qoruyacağıq və dəstəkləyəcəyik: “Bütün gücümüzlə Qəzzə xalqının yanındayıq”.