“Qəzaların əksəriyyəti məhz günün qızmar vaxtlarında baş verir”

536

“Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir”. Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. İdarə rəsmisinin sözlərinə görə, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: “Son günlərdə havanın temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq, nisbətən uzaq məsafələrə yola çıxan sürücülərindən kondisioneri olmayan avtomobillərin sürücülərindən saat 12.00-dan 18.00-dək mümkün qədər az istifadə etmələri və əhalidən də soyuducu sistemlərlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur”. Qeyd edək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təkcə şənbə və bazar günləri ölkə ərazisində 17 yol qəzası baş verib. Nəticədə 13 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası da isti havada avtomobil idarə etməməyi tövsiyə edib. Belə ki, isti havada insanlarda qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır və sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir.