Qətnamələrin güc yolu ilə icrası qaçılmaz idi

0
30

44 günlük Vətən müharibəmiz şanlı Qələbəmizlə başa çatdı. Torpaqlarımızın 30 illik işğalını bitirdik, ana yurdumuz Qarabağı düşmən tapdağından azad etdik, yüzminlərlə məcburi köçkünümüzün yurd nisgilinə nöqtə qoyduq. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində keçirilən xüsusi sessiyasının videoformatda çıxışında bu barədə də ətraflı söz açmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir.

Prezident, həmçinin öz çıxışında müharibənin başlanması səbəbinə də aydınlıq gətirmişdir. Bildirmişdir ki, işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-də Azərbaycan Ordusu bunun layiqli cavabını verib, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlayıb və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçının təslim olması ilə nəticələnib.  Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad olunub.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri vardır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb edilirdi. Amma beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toqquşan maraqları və digər səbəblərdən həmin qətnamələrin tələbləri yerinə yetirilmirdi. Halbuki beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul olunmuş bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz təsbitini tapmışdı. Başqa sözlə desək, beynəlxalq hüquq baxımından ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud olmamışdır. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır.

Bu məsələnin reallaşmamasında vasitəçilik edən həmsədr dövlətlərin qətiyyətsizliyi də önəmli rol oynamışdır. Halbuki Azərbaycan ATƏT-in Minsk qrupuna böyük ümidlər bəsləyirdi. Amma onlar üzərilərinə düşən missiyanı yerinə yetirmədilər. Bir sözlə, BMT və Minsk qrupunun həmsədr ölkələri bu qətnamələri görməzliyə vururdular. Yəni, işğalçı Ermənistana heç bir təzyiq göstərmirdilər.  Baxmayaraq ki, BMT-nin ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrinin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr var. Ermənistana qarşı təzyiqlərin olmaması işğalçının cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Bu ölkə beynəlxalq hüququ və bu qətnamələri ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından daim Ermənistanın işğalçılıq siyasətini ifşa edərək BMT-nin 4 qətnaməsinin yerinə yetirilmədiyini dəfələrlə diqqətə çatdırdı. Amma münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərlərinə götürən beynəlxalq dairələr heç bir əməli tədbir görmədilər.

Yaranmış qeyri-müəyyənliyi  isə Azərbaycan özü dəyişdi və terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanın son təxribatından sonra rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnaməni uğurla reallaşdırdı. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapdı. Prezident İlham Əliyevin sözügedən tədbirdə bildirdiyi kimi, beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi.