Qərbin öz vətəndaş cəmiyyəti.., Şərqin də öz vətəndaş cəmiyyəti…

540
Avropada həyata baxışda, fərd – cəmiyyət – dövlət münasibətlərində ən öndə nəfs, yəni fərdi, sonra qrup mənfəətləri durur. Başqa sözlə, MƏN, EQO ön sıradadır. Bunun adını da qoyublar – insan haqq və azadlıqları. Fərdi baxımdan eqoizm olan bu dünyagörüşünün cəmiyyət baxımından, ictimai baxımdan adı liberalizmdir. “Mənə toxunma, mənə qarışma, mənə zərər vermə, nə edirsən et!” “Mənə toxunmayan ilan min il yaşasın!” məntiqi hakimdir.
Vətəndaş cəmiyyətinin tam inkişaf etməsi üçün hələ illərin gərək olması danılmaz bir faktdır. Sadəcə, onun inkişafında bizlər – vətəndaşlar da iştirak etməliyik. Çünki vətəndaş cəmiyyətinin inkişafı məhz bizdən asılıdır. Elə Beynəlxalq Təhsil Mərkəzinin təhsil üzrə müşaviri Nazim Əkbərovla da söhbətimiz bu mövzudadır.

– Nazim müəllim, vətəndaş cəmiyyəti dedikdə nə başa düşülür?

– Vətəndaş cəmiyyəti anlayışının tərifini açıqlamalı olsaq, söhbət çox uzanıb gedər və bəlkə, məsələnin içindən heç çıxa bilmərik. Çünki bu anlayışın tarixi çox qədimdir. Bəlkə insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bu qədər uzaq keçmişi olan bir anlayışın, fəaliyyətlərin isə, əlbəttə, forma və metodları da müxtəlif olub, müxtəlif olduğu üçün daima mübahisələrə, müzakirələrə yol açıb. Vətəndaş cəmiyyəti anlayışını anlamağımız üçün sadə şəkildə belə deyə bilərik. Vətəndaş cəmiyyətinin əsasında bu məntiq dayanır. İnsanlar maraq, həvəs, qabiliyyət, fəaliyyət və s. görə qruplaşır, bu qruplar da bir-biriləri ilə münasibətlərini qurur, dövlət isə onlara qruplaşmada və qrup halında fəaliyyətlərində, həmçinin qruplararası fəaliyyətlərində yardım edir, həmçinin onların müdafiəsini, təhlükəsizliyini təmin edir, onlara hər cür yardım edir. Yuxarıda dediklərimiz, əlbəttə, vətəndaş cəmiyyəti anlayışının tam tərifi və izahı deyildir, amma onu anlaya bilməyimiz üçün bir istiqamətdir. Vətəndaş cəmiyyəti, yuxarıdakı izahdan da göründüyü kimi, özünün fəaliyyətinə kənardan heç bir müdaxiləni qəbul etməyən bir ictimai özünüidarə təşkilatıdır. İctimai təşkilat anlayışının bugünkü, müasir səviyyəyə gəlib çatması, yuxarıda da qeyd etdiyim kimi, uzun bir tarixi yolun nəticəsidir.

– Bəlkə bu yoldan bir qədər ətraflı söz açasınız?

– Onun ilk rüşeymlərini qədim fəlsəfə məktəblərinin və onların nümayəndələrinin – Platonun, Aristotelin, Siseronun və digər yunan-Roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Belə ideyalar intibah dövründə də olub və H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapıb. Dünyamız müasir dövrə yaxınlaşanda səhnədə V.Humbolt, İ.Kant, G.Hegel, Karl Marks, M.Veber kimi mütəfəkkirləri görürük. Daha sonrakı dövrlərdə artıq sosializmin, kommunizmin utopistləri meydan sulayır, insan kütlələrini məftun edərək öz arxalarınca sürükləyirlər. Görünür, Qiyamət gününədək də bu axtarışlar davam edəcək. Böyük şair-dramaturqumuz Hüseyn Cavidin təbiri ilə desək, “Xəyal içində bəşər daim səadət arar…”

Vətəndaş cəmiyyətini daha aydın başa düşməyimiz üçün bir böyük ailə düşünün, orada ailə üzvləri özlərinin müxtəlif istək, arzu, maraqlarına görə qruplaşırlar, öz qanun-qaydalarını qoyurlar, sərbəst fəaliyyət göstərirlər və ailə başçısının, yaxud ailə başçılarının ora müdaxiləsini istəmirlər. Ailə başçısının onların fəaliyyətinə müdaxilə etmək imkanı təcavüz, totalitarlıq, despotluq kimi qiymətləndirilir. Ailə başçısının vəzifəsi onların təhlükəsizliyini qorumaq, onlar üçün istədikləri hər cür fəaliyyət sahəsi açmaq, onları narahat etməmək və sairdən ibarətdir.”Belə bir şey ola bilməz!” deməyə tələsməyin. Həsrətində olduğumuz Qərbdə, başqa sözlə, vətəndaş cəmiyyətində ailə məhz belədir. Sən övladına xoşagəlməz söz belə deyə bilməzsən. Əgər belə davransan, üç dəfə övladın səndən şikayətçi olsa, dövlət gəlib o uşağını alar və sən onun üzünü bir daha görə bilməzsən. Sən isə ömrünün sonunadək cani olaraq dövlətin dəftərinə düşərsən. Bax, belə!

Bəlkə Hüseyn Cavid əfəndidən yuxarıdakı iqtibasımla və vətəndaş cəmiyyətinə aid ailə modelini təqdim etməyimlə bu cəmiyyət formasını bəyənmədiyimi hiss edənlər etiraz edər: “Elə deyil, baxın, Avropa ölkələrində, dünyanın bir çox ölkələrində vətəndaş cəmiyyəti mövcuddur. Amma siz bunu utopiya adlandırırsınız, qara yaxırsınız!”- deyə bilərsiniz. Belə bir etiraz edənlərə belə cavab verərik: “Siz də haqlısınız, dünyanın bir sıra ölkələrində vətəndaş cəmiyyəti mayası tutmuş, insanlar öz fərdi və qrup maraqlarına görə sərbəst, rahat yaşayırlar. Dövlət də onlara hər cür yardım edir. Məsələn, belə cəmiyyətlərdə elmi, mədəni, dini və s. bu kimi fəaliyyətlərə yaşıl işıq yandırılıb, insanlar bu sahədə maraq, istedad, qabiliyyət, istəklərinə uyğun olaraq sərbəst, maneəsiz fəaliyyət göstərirlər, dövlət də onlara hər cür yardım göstərir – it-pişik, ilan-qurbağa haqlarından tutmuş sərbəst toplanmaq, hətta narkotik istifadəsində, eynicinslilərin evlənmələrinədək, onların dövlət və hökumətdə təmsil olunmasınadək imkanlar açıb”.

 

– Nazim müəllim, sizin sözünüzdən belə çıxır ki, Qərbin öz vətəndaş cəmiyyəti var, Şərqin də öz vətəndaş cəmiyyəti…

– Avropada həyata baxışda, fərd- cəmiyyət-dövlət münasibətlərində ən öndə nəfs, yəni fərdi, sonra qrup mənfəətləri durur. Başqa sözlə, MƏN, EQO ön sıradadır. Bunun adını da qoyublar – insan haqq və azadlıqları. Fərdi baxımdan eqoizm olan bu dünyagörüşünün cəmiyyət baxımından, ictimai baxımdan adı liberalizmdir. “Mənə toxunma, mənə qarışma, mənə zərər vermə, nə edirsən et!” “Mənə toxunmayan ilan min il yaşasın!” məntiqi hakimdir. Bu fərdi baxımdan da, ictimai baxımdan da, hakimiyyət və dövlət baxımından da belədir. Hər kəs özü üçün yaşayır, qanunlara əməl edir, vergisini verir, dövlət də onlardan topladığı vergi hesabına onların “azadlıqlarını”, təhlükəsizliklərini və müdafiəsini təmin edir.

Bizə gəldikdə, Şərqin hakim İslam-Türk əxlaqına, onun fəlsəfəsinə, bu gün dəbdə olan təbirlə desək, mentalitetimizə görə isə məsələ tam tərsinədir – yaşatmaq üçün yaşamaq. Baxın, Avropada, Qərbdə ən çox təkrarlanan terminlər “Fərd,” “Fərdi Haqq və Azadlıqlar,” “Liberalizm,” “Vətəndaş Cəmiyyəti”dirsə, Şərqdə, o cümlədən də bizdə sırası ilə “Allahın haqqı, Peyğəmbərin haqqı, valideyn haqqı, qonşu haqqı, qohum haqqı, müəllim haqqı, alimlərin haqqı, kimsəsizlərin haqqı, əlillərin haqqı, hətta heyvanların haqqı, ağacların, otların dənizlərin, çayların, havanın haqqı olaraq sonsuza qədər uzanıb gedən bir haqlar zənciri…

“Mən artıq həddi-büluğa çatmışam, sən mənim işimə qarışa bilməzsən”, – deyən, valideyninə şikayət edən, məktəb həyatını sevgi-məhəbbət və şəhvət məkanı ilə dəyişik salan kitablar, filmlər, mahnılar yaymaq, “moda” deyib çılpaq qadınlar sərgisi nümayiş etdirmək… Bunlar vətəndaş cəmiyyətinin atributlarıdır, demokratiyanın, liberalizmin təzahürüdür, yoxsa əxlaqsızlığı yaymaq, insanları buna alışdırmaqdır? Məsələn, sənin geyimin mənə, mənim hiss və duyğularıma, mənim geyimim sənin hiss və duyğularına təsir edirmi? Sənin beşmərtəbəli villan mənim evimə düşən günəş şüasının qarşısını alırmı? Mənim həyətimdəki peyin qoxusu sənin əhvalını pozurmu? Sənin balkonunda hürən it məni, mənim həyətimdə banlayan xoruz səni narahat edirmi?  
– Bunların hansının üstün olub-olmamasına qərar verməyimiz üçün ən başda bu məsələdə qərar qəbul etməliyik. Haqq, hüquq başqasının mənə zərər verməməsidir, yoxsa mənim başqasına zərər verməməyimdir? Yoxsa sənin mənə, mənim də sənə zərər verməyimdir? Bunları ayırd etməli, sonra vətəndaş cəmiyyəti arzusunda olmalıyıq.

“Bu mənim haqqımdır”, – deyib küçədə çılpaq gəzən, gündə biri ilə yatıb-qalxan, saçını-başını eybəcər hallara salıb, qoluna, sinəsinə, kürəyinə, orasına-burasına döymələr döydürən, yaxud sərxoşluq edən, söyüş söyən, bağıran, balkonunda, ictimai binada, evində, həyətində it-pişik, ilan-qurbağa və başqa heyvanlar saxlayan və s. bu kimi minlərlə davranışların başqalarına xeyri və ya zərəri toxunurmu?

Filmlərdə, tamaşalarda öpüşən, siqaret çəkən, içki içən, cinsi əlaqədə olan, valideyninə etiraz edərək: “Mən artıq həddi-büluğa çatmışam, sən mənim işimə qarışa bilməzsən”, – deyən, valideyninə şikayət edən, məktəb həyatını sevgi-məhəbbət və şəhvət məkanı ilə dəyişik salan kitablar, filmlər, mahnılar yaymaq, “moda” deyib çılpaq qadınlar sərgisi nümayiş etdirmək… Bunlar vətəndaş cəmiyyətinin atributlarıdır, demokratiyanın, liberalizmin təzahürüdür, yoxsa əxlaqsızlığı yaymaq, insanları buna alışdırmaqdır? Məsələn, sənin geyimin mənə, mənim hiss və duyğularıma, mənim geyimim sənin hiss və duyğularına təsir edirmi? Sənin beşmərtəbəli villan mənim evimə düşən günəş şüasının qarşısını alırmı? Mənim həyətimdəki peyin qoxusu sənin əhvalını pozurmu? Sənin balkonunda hürən it məni, mənim həyətimdə banlayan xoruz səni narahat edirmi? Mənim kəsdiyim bir budaqda, yerə tüpürdüyüm bir damla ağız suyunda, avtomaşınımın borusundan çıxan qara, natəmiz tüstüdə başqalarının da haqqı tapdalanırmı?

Bütün yuxarıda sadalananlar başqasına da təsir edirmi, etmirmi? Etmirsə, mən də razıyam, edirsə? Əgər bütün bu yuxarıda sadalananlar başqasına təsir etmək, onu da özünə oxşatmaq üçün deyildirsə, o zaman kimin üçündür, nə üçündür? Bunların heç birinə “Yox!” deyə cavab verə bilməyəcəyik, çünki biz varlıq etibarilə sosial, yəni ictimai varlığıq.

 

– Belə çıxır ki, o zaman vətəndaşın birinci vəzifəsi özünü deyil, qarşısındakı, yanındakı, bəlkə, üzünü heç görmədiyi, amma varlığından xəbərdar olduğu başqasını düşünməkdir?

– Biz: “Heç kəs Mənim hüzuruma boynunda başqasının haqqı gəlməsin!”, “Heç kəs boynunda başqasının haqqı cənnətə girə bilməz!” xəbərdarlıqlarını bilən və bunlara inanan adamlarıq. Biz ağzımıza qoyduğumuz hər tikədə qonşunun, yetim-yesirin, kimsəsizin, xəstənin, kasıbın haqqı olduğunu bilməli, bu haqları yerinə yetirməli olan insanlarıq. Biz heç kəsi xor görməyəcək, kimsənin qeybətini etməyəcək, heç kəsin arxasınca danışmayacaq, heç kəsə həsəd aparmayacaq, heç kəsin eyib və qüsurlarını araşdırmayacaq, heç kəsi qısqanmayacaq, “bir darağın dişləri kimi bir-birimizə bağlı” bir insan olaraq tərbiyə edilməyə məhkum, bəli, bəli, məhkum olan insanlarıq. Biz bu gün hamımız beləyikmi? Yox, amma bu bizə insanlığımızı unutmaq, yalnız özümüzü düşünmək, başqalarını görməmək haqqı vermir. Bizim vətəndaş cəmiyyətimiz budur, bu olmuşdur, bu olmalıdır, belə qalmalıdır. Biz hərənin öz qınına çəkilərək, hər qrupun öz nəfsinin tələblərinə görə yaşadığı, başqasını görmədiyi bir dünyanı qəbul etməməliyik, əksinə, özümüzü başqaları üçün fəda edəcək qədər humanist bir dünya qurmağa çalışmalıyıq. Bu gün biz keçmişlə bağını qoparmış, gələcəklə olacaq bağını da hələ əlinə keçirə bilməmiş bir zavallı vəziyyətindəyik.

 

– Bu məsələdə məktəblərin rolu barədə nə deyə bilərsiniz?

– Məktəb hələ nə edəcəyini bilmir. Bu sözlərim məktəbi idarə edən, ona rəhbərlik edən şəxs və qurumların, təşkilatların xətrinə dəyməsin. Məktəb dəyişəcəksə, bu bir günün, beş günün, hətta bir nəslin belə işi deyildir, ən azı üç nəslin, başqa sözlə, bir əsrlik səbrin və fəaliyyətin işidir. Vətəndaş cəmiyyəti qurmağı qarşısına məqsəd qoymuş cəmiyyət, yaxud dövlət ən başda məktəbi idarə edən və məktəbdə təlim-tərbiyə prosesinin aparıcısı olan müəllimi, onun şüuraltını dəyişmək qayğısına qalmalıdır. Onu maddi və mənəvi olaraq bu işə hazır vəziyyətə gətirməlidir. Buna paralel olaraq, təlim proqramlarını (standartlarını), təlim siyasətini (kurikulumu) dəyişməlidir. İnqilabi dəyişikliklərdən qaçmaq başlıca şərtdir. Burada marksizm-leninizm təlimi – inqilabı təfəkkür və fəaliyyət iflas edər. Pedaqoji institutlar və onların əməkdaşları – təhsil rəhbərləri, idarəçilər, müəllimlər, hətta xidməti və yardımçı kadrlar belə yeni təfəkkürə sahib olmalıdırlar. Olmalıdırlar ki, yeni fikri daşıya və şagirdin beyninə yükləyə bilsinlər. Yoxsa bu gün kurikulum islahatında olduğu kimi, bir tərəfdən islahat keçirəcəksən, o biri tərəfdən köhnə metodların daşıyıcısı olan məzunlar verəcəksən, məktəblərdə, cəmiyyətdə islahatlarını anlamayan bir aləm düşmən kadrlar saxlayacaqsan… Bu da azdır. Çünki beyin qəlblə bəslənməsə, oradan ilan-çayan çıxması ehtimalı böyükdür. Qərbin hesaba almadığı da elə budur. Qəlb məsələsi nəzərdən qaçırıldığı üçün eqoizm, onun məhsulu olan alkoqolizm, narkomaniya, lesbianizm, homoseksualizm və bunlar kimi ictimai bəlalar cəmiyyəti içindən yeyib bitirir. Qəlb bəslənməlidir. Vicdan oyaq tutulmalıdır. Nəfs daima nəzarət altında saxlanmalıdır.

 

– Nə ilə bəslənməlidir? Necə oyaq tutulmalıdır? Necə nəzarət edilməlidir?

– Bunlar ayrıca bir müzakirənin mövzusudur. Amma bəri başdan yalnız bunu deyə bilərik. Qəlbi bəsləmək üçün gərək qəlbin məkanını, nələrə, kimlərə qonşu olduğunu, necə idarə olunduğunu, onların hər birinin məqsəd və vəzifələri bilinməlidir. Bilinməlidir ki, idarə oluna, ram edilə, istiqamətləndirilə, istifadə edilə, həm də düzgün istifadə edilə bilinsin. Qalan bütün hallarda bəşəriyyət uçurum üzərində dayanıb qarşısındakı mənzərənin dəhşətindən, vəhşətindən heç cür xilas ola bilməyəcək. Dünyalara sahib ola bilsə belə, mənzərə dəyişməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında  hazırladı:

Qvami Rəsulov