“Qərbi Çıraq”ın işə düşməsi “AÇG”də hasilatı artırıb

498
Bu ilin I rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 160 milyon dollar əməliyyat məsrəfləri və 470 milyon dollar əsaslı məsrəflər xərclənib. 
Bu barədə “BP-Azerbaijan” şirkətinin “Zaman-Azərbaycana” daxil olan rüblük hesabatında məlumat verilib. Hesabatda yer alan məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, 2014-cü ilin I rübü ilə müqayisədə bu ilin ilk 3 ayı ərzində AÇG layihəsində əməliyyat məsrəfləri üçün 25,9% və ya 56 milyon dollar, əsaslı məsrəflər üçün isə 32,1% və 222 milyon dollar az vəsait xərclənib.Birinci rübdə AÇG-nin “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə üç ay ərzində 59 milyon barel (təxminən 8 milyon ton) və ya gündə orta hesabla 661 min barel neft hasil edilib. Məlumat üçün bildirək ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 2,3% və ya 15,2 min barel, ümumi hasilat isə 1,7% və ya 1 milyon barel artıb. Məlumat üçün onu da bildirək ki, “Qərbi Çıraq” platformasında hasilata ötən ilin yanvar ayının 28-də başlanılıb. Bundan başqa bu ilin ilk rübündə AÇG-də 84 hasilat və 40 injektor quyusu istismarda olub. Beləliklə son bir il ərzində 5 hasilat və 5 injektor quyusu istismara verilib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, yeni quyuların istismara verilməsi hasilatın az da olsa artmasına səbəb olub.Rüb ərzində ARDNŞ-a gündə təxminən 13,6 milyon kubmetr AÇG səmt qazı verilib. Qeyd edək ki, ötən ilin ilk 3 ayı ərzində ARDNŞ-a bundan 2,2 dəfə az – gündə 6,2 milyon kubmetr AÇG səmt qazı verilib.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

 

“Şahdəniz”də də qaz hasilatı artıb

Cari ilin ilk 3 ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 100 milyon dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər çəkilib. Ötən ilin analoji dövrü ilə müqayisədə əməliyyat məsrəfləri 16,6% və 20 milyon dollar azalıb, əsaslı məsrəflər isə 40,1% və 315 milyon dollar artıb. Onu da bildirək ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir. Birinci rübdə yataqdan 2,6 milyard kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 12% və ya 0,28 milyard kubmetr artıb.

Xatırladaq ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), SOCAR (16,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər. Onu da bildirək ki, ötən ilin ilk rübündən keçən dövr ərzində Statoyl və Total şirkətləri  “Şahdəniz” layihəsindəki paylarını müvafiq olaraq Petronas və TPAO şirkətlərinə satıblar.

 

Birinci rübdə BTC vasitəsilə 9 milyon ton neft ixrac olunub

Hesabatda həmçinin qeyd olunur ki, AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Birinci rüb ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə 4 milyon dollar, əməliyyat xərclərinə isə təxminən 44 milyon dollar xərclənib. Birinci rüb ərzində BTC vasitəsilə 9 milyon ton (69 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 96 tankerə yüklənərək bazarlara yola salınıb. Qeyd edək ki, 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilən ümümilikdə təxminən 2,2 milyard barel (289 milyon ton) xam neft Ceyhanda təxminən 2 850 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Xatırladaq ki, BTC boru kəmərinin səhmdarları BP (30,1%); AzBTC (25%); Şevron (8,9%); Statoyl  (8,7%); TPAO (6,5%); ENİ (5%); Total (5%), İTOÇU (3,4%); İNPEKS (2,5%), KonokoFillips (2,5%) və ONGC (2,36%) şirkətləridir.

Allahverdi Cəfərov