“Qərbi Çıraq”da 5-ci quyu da işə düşdü, amma…

656
Cari ilin ilk 3 rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 720 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 741 milyon dollar əsaslı məsrəflər xərclənib. Bu barədə “BP-Azərbaycan” şirkətindən “Zaman-Azərbaycan”a məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2013-ci ilin ilk 3 rübü ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 25,4% artıb, əsaslı məsrəflər isə 14,6% azalıb.
AÇG-nin “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 9 ay ərzində 179 milyon barel (24,2 milyon ton) və ya gündə orta hesabla 655,7 min barel neft hasil edilib. Məlumat üçün bildirək ki, 2013-ci ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 1,1% və ya 7,5 min barel, ümumi hasilat isə 1,2% və ya 2 milyon barel (300 min ton) azalıb.

İlin ilk 3 rübü ərzində Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 7,3 milyon kubmetr AÇG səmt qaz verilib. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində ARDNŞ-a bundan daha az – gündə 5,1 milyon kubmetr AÇG səmt qaz verilib.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

 

“Qərbi Çıraq”da hasilat gündə 90 min bareldən artıq səviyyəyə çatıb

”BP-Azərbaycan” şirkətindən verilən məlumatda bildirilir ki, 2014-cü ilin birinci yarısında AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olunub – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olunub. “Qərbi Çıraq” platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başlanılıb. O vaxtdan bəri “Qərbi Çıraq” platformasından hasilat artaraq beş quyudan indiki həddinə – gündə 90 min bareldən artıq səviyyəyə çatıb. “Qərbi Çıraq”dan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq. Qeyd edək ki, son bir neçə ildir AÇG-də ümumi hasilat aşağı düşür. Belə ki, 2013-ci il ərzində AÇG-nin platformalarından gündə orta hesabla 655,4 min barel neft hasil edilib. Bu göstərici isə 2012-ci illə müqayisədə 1,3% və ya 9 min barel az olub. 2011-ci illə müqayisədə isə azalma daha çox olub – 62,2 min barel.

 

AÇG-də olduğu kimi “Şahdəniz”də də qaz hasilatı azalıb

Bu ilin ilk 9 ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 371 milyon dollar əməliyyat xərcləri və 2 milyard 797 milyon dollar əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 435 milyon dollar və 3 milyard 885 milyon dollar olacağı gözlənilir. Ötən ilin analoji dövrü ilə müqayisədə “Şahdəniz”də əməliyyat xərcləri 2,6 dəfə artıb. Doqquz ay ərzində yataqdan 7,25 milyard kubmetr qaz və 1,72 milyon ton (təqribən 13,8 milyon barel) kondensat və ya gündəlik təxminən 26,6 milyon kubmetr qaz və 50 min 450 bareldən artıq kondensat hasil edilib.

Məlumat üçün bildirək ki, AÇG-də olduğu kimi bu il “Şahdəniz”dən hasil olunan qazın da həcmi azalıb. Belə ki, ötən ilin ilk 3 rübü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında ümumi hasilat isə 0,7% və ya 50 milyon kubmetr azalıb. Qeyd edilir ki, 2006-cı ilin sonlarında “Şahdəniz”də hasilat başlanandan 2014-cü ilin 3-cü rübünün sonunadək yataqdan  55,2 milyard kubmetr qaz və 14,2 milyon ton (113,3 milyon barel) kondensat hasil edilib.

Xatırladaq ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6,7%), Statoyl (15,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər. Bu faizlərə Statoyl-dan müvafiq olaraq BP və Azərbaycan hökümətinin (Cənub Gaz Dəhlizi Upstrim) aldıqları iştirak payları və Total-ın TPAO-ya satdığı iştirak payı daxildir.

 

Bu ilin 9 ayı ərzində

BTC vasitəsilə 26,4 milyon ton

xam neft ixrac olunub

2014-cü ilin ilk 9 ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əsaslı xərclərə 84,3 milyon dollar xərclənib. Bütün il üçün əsaslı xərclərin 119 milyon dollar olacağı planlaşdırılır. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2014-cü ilin üçüncü rübünün sonunadək BTC vasitəsilə nəql edilən təxminən 272 milyon ton (təxminən 2 milyard 30 milyon barel) xam neft Ceyhanda 2 min 665 tankerə yüklənib və dünya bazarlarına göndərilib. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində BTC vasitəsilə 26,4 milyon ton (199 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 276 tankerə yüklənərək bazarlara yola salınıb. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Xatırladaq ki, BTC boru kəmərinin səhmdarları BP (30,1%)3, AzBTC (25%), Şevron (8,9%), Statoyl  (8,71%), TPAO (6,53%),  ENİ (5%), Total (5%), İTOÇU (3,4%), İNPEKS (2,5%), KonokoFillips (2,5%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

Allahverdi Cəfərov