Qərb-Rusiya qarşıdurması davam edir

0
310
Ukraynanın cənub-şərqində davam etməkdə olan qeyri-müəyyən vəziyyət və Rusiyanın hər vasitə ilə separatçılara hərbi və maliyyə yardımları etməsi, həmçinin canlı qüvvə vasitəsi ilə dəstək verməsi bölgədə hər an müharibənin yenidən başlaması təhlükəsini ortaya çıxarıb.
 Bu, həm də bu ilin fevral ayının 12-də “Normand dördlüyü” tərəfindən Belarusun paytaxtı Minskdə imzalanan anlaşmada nəzərdə tutulan şərtlərin yerinə yetirilməsini şübhə altına alıb. Məhz bunu nəzərə alaraq ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin daha bir il artırılması barədə qərar qəbul edib. Barak Obama məsələ ilə bağlı qərar qəbul etməzdən əvvəl Fransa, Almaniya, İngiltərə, İtaliya və Avropa Birliyinə üzv digər ölkə prezidentləriynən məsələhətləşmələr aparıb. Öz növbəsində Avropa Birliyi də bəyan edib ki, Minsk anlaşmasının şərtləri yerinə yetirilməyəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti artırılacaq. Məsələyə münasibət bildirən Almaniyanın səlahiyyətli dövlət rəsmisi Şteffen Zaybert deyib ki, münaqişənin nizamlanmaması və Rusiyanın Minsk anlaşmasının şərtlərini pozmaqda davam etməsi Moskvaya qarşı daha sərt sanksiyaların qəbul edilməsinə yol açacaq. Öz növbəsində Avropa Şurasının sədri Donald Tusk bildirib ki, martın 19-20-də keçirilməsi nəzərdə tutulan Avropa Birliyinə üzv ölkə prezidentlərinin sammitində Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsinə baxılacaq. Donlad Tusk Rusiyanı son Minsk anlaşmasının şərtlərini pozmaqda və separatçılar hərbi dəstəyi davam etdirməkdə günahlandırıb. Belə güman edilir ki, AB sammitində Rusiyaya qarşı sanksiyaların müddəti daha bir il artırılacaq. Belə ki, AB-nin aparıcı dövlət rəhbərlərinin qənaətincə, Rusiya müxtəlif bəhanələrlə Minsk anlaşmasının şərtlərini yerinə yetirməkdən yayınır və separatçılara hərbi dəstəyi davam etdirir.

Rusiyanın ümidləri davam edir

Son bir ildə Ukraynaya hərbi təcavüzə görə Qərb tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar nəticəsində milyardlarla dollar itirən Rusiya isə AB ölkələrinin Obamanın sanksiyalarına qoşulmaması üçün ABŞ-la onun Avropadakı müttəfiqlərinin arasını vurmaq üçün çoxsaylı cəhdlərə əl atmaqdadır. Bəzi məlumatlara görə Rusiya Avropadakı ABŞ əleyhidarı gücləri maliyyələşdirməkdə davam edir. Eyni zamanda ABŞ-a qarşı diplomatik hücumları da davam etdirməkdə olan Rusiya müxtəlif vədlərlə Qərb dövlətləri prezidentlərini özünə inandırmağa, bölgədə baş verən hadisələrə görə ABŞ-ı günahlandırmağa çalışır. Məsələn, Rusiya xarici işlər nazirliyinin səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç: “Bölgədə vəziyyət sabitləşməyə başlayan kimi Vaşinqton müxtəlif yollarla buna mane olur. Hazırda atəşkəsin davamlı hal aldığı bir vaxtda ABŞ yenidən sanksiyalar hədəsini işə salıb. Bu isə ABŞ-ın regionda sabitliyin tərəfdarı olmadığını göstərir”,-deyib.

Lukaşeviç həmçinin ABŞ Ukraynaya silahla yardım etdiyini iddia edərək bunun qarşılıqlı inamlara zərbə vurduğunu  söyləyib.

Rusiya xarici işlər nazirliyinin rəsmisi bundan əlavə ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdəki hərbi təlimlərinə də toxunub. O deyib ki, ABŞ və NATO hərbi gəmilərinin Qara dənizdəki təlimləri Ukraynadakı münaqişənin nizamlanması üçün ağır nəticələrə gətirib çıxara bilər.

”Mən bunu təxribat adlandırardım”, – deyə rusiyalı diplomat vurğulayıb.

Generallar Rusiyaya qarşı

Rusiyanın Krımı işğal etməsi və bu müstəvidə hərbi güc nümayişini yenidən önə çıxararaq başda ABŞ olmaqla Qərbə meydan oxuması öz növbəsində Amerikanın hərbi dairələrində anti Rusiya ovqatının körüklənməsi ilə müşahidə olunmaqdadır. Belə ki, ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general Ben Xoces Rusiyanın təcavüzkarlıq hərəkətlərinin qarşısının alınması üçün Ukraynaya hərbi texniki yardımların göstərilməsinin vacibliyini söyləyib. O deyib ki, Ukrayanaya hərbi texniki yardımın göstərilməsi Ukrayna ordusunun ruslara qarşı müqavimətinin daha da güclənməsinə yol açaraq bölgədə sabitliyə imkan verəcək. Ben Xoces: “Rusiya anaları cəbhədə nə qədər çox oğul itirsələr, o qədər də onlar müharibəyə, Rusiyanın təcavüz, işğalçılıq siyasətinə qarşı çıxacaqlar. Nəticədə ölkədə Putinin imici sürətlə aşağı düşməkdə davam edəcək”,-deyib.

General Rusiyanın Ukraynaya qarşı birbaşa hərbi təcavüzdə iştirak etdiyini bildirərək, bununla bağlı bəzi faktları da ortaya qoyub. Ben Xoces hazırda Rusiyanın Ukraynanın şərqində 12 min canlı hərbi qüvvə, onlarla tank, artilleriya və hava hücumundan müdafiə qurğuları yerləşdirdiyini xatırladıb. Onun sözlərinə görə, Rusiyanın yüzlərlə mütəxəssisi separatçlara hərbi təlimlər keçir. Ben Xoces: “Rusiya Krımı işğal edərək orada 29 min nəfər hərbi qüvvə yerləşdirib. Bundan əlavə 50 min nəfər rus əsgəri Ukrayna ilə sərhəddə cəmləşdirilib. Əgər separatçılar məğlubiyyətə uğrasalar, onda Rusiya 50 min nəfər əsgərdən Ukraynaya qarşı təcavüzdə istifadə edəcək. Bunun qabağını almaq, Ukraynaya qarşı yeni təcqvüzə yol verməmək üçünsə çıxış yolu həm Ukraynaya hərbi-texniki yardımın göstərilməsində, həm də Avropada hərbi texniki üstünlüyü ələ almağımıza imkan verəcək tədbirlər həyata keçirilməsindən asılıdır”,-deyib.

General bu müstəvid ədə ABŞ-ın Avropaya daha 220 tank göndərəcəyini və bu hərbi texnikanın Baltika ölkələrində, o cümlədən Almaniya və bəzi Şərqi Avropa dövlətlərində cəmləşdiriləcəyini vurğulayıb. Bu arada isə ABŞ-da nəşr olunan  “Defense News” jurnalının verdiyi məlumata görə, ABŞ müdafiə nazirliyi Ukraynaya rotasiya ( əvəzedilmə) yolu ilə 300 nəfərlik hərbi instruktorlar qrupu göndərmək niyyətindədir. Mart ayının 5-dən oktyabrın 31-nə kimi ABŞ-dan olan hərbi instruktorlar Ukrayna Milli qvardiyasının 4 rotasına hərbi təlim keçəcək, onlara müxtəlif şəraitlərdə döyüş aparmaq taktikasını öyrədəcəklər. Bundan məqsəd isə qeyd etdiyimiz kimi Rusiya yenidən Ukraynya qarşı hərbi təcavüzə əl atacağı halda Ukrayna ordusunun döyüş qabiliyyətini gücləndirməkdir. Buna paralel olaraq ABŞ müdafiə naziri Eşton Karter Rusiyanı yenidən hədələyib. O deyib ki, əgər Rusiya orta və qısa mənzilli raketlərin məhv edilməsi barədə anlaşmanı pozarsa, onda əks cavab tədbirlərinə əl atılacaq. Eşton Karter: “Bizim Rusiyanı yerində oturda, onlardan gələn təhlükəni aradan qaldırmaq üçün kifayət qədər hərbi gücümüz var. Rusiya orta və qısa mənzilli raketlərin ləğvi barədə anlaşmanı pozacağı təqdirdə ona ən sərt şəkildə cavab verəcəyik”,-deyib.

Karter bununla bağlı atılacaq cavab addımlarının da nədən ibarət olacağı məsələsinə aydınlıq gətirib. O deyib k, biz aktiv müdafiə, düşmən hücumunun qarşısının alınması və cavab zərbələri taktikasına üstünlük verəcəyik. Pentaqonun şefi xatırladıb ki, orta və qısa mənzilli raketlərin ləğvi barədə anlaşma ikitərəfli hərəkət küçəsinə bənzəyir.

Bu arada isə ABŞ silahlı qüvvələri baş qərargah rəisi general Martin Dempsi də hədələyici tonda bəyan edib ki, Rusiyanın istənilən hərbi addımlarına ən sərt cavablar veriləcək.

Xatırladaq ki, 1987-ci ildə SSR ilə ABŞ arasında imzalanan anlaşmaya əsasən 500-5500 kilometr məsafəni vuran yerüstü bütün  ballistik raketlərin ləğv edilməsi nəzərdə tutulub. Amma ötən ildən başlayaraq ABŞ Rusiyanı adı çəkilən anlaşmanı pozmaqda günahlandırır.

 

Rusiya qarşı tərəfi ittiham edir

ABŞ-ın Rusiyanı orta və qısa mənzilli raketlərin ləğv edilməsi barədə anlaşmanı mütəmadi olaraq pozmaqda günahlandırmasına Rusiyanın da reaksiyası sərt olub. Belə ki, bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ bu günə kimi onlara qısa və orta mənzilli raketlərin ləğvi barədə anlaşmanı pozmalarını sübut edən bir fakt da olsun belə təqdim etməyib.  Sergey Lavrov: “ Biz dəfələrlə qarşı tərəfə təklif etmişik ki, məsələnin araşdırılması üçün komissiya təşkil edək. Əgər anlaşmanı pozmuşuqsa, onda bizə qarşı iddia qaldırsınlar. Ancaq belə şey yoxdur və amerikalılar bununla bağlı yalnız ümumi fikirlər söyləməkdən uzağa getmirlər”,-deyib.

Bu arada  Rusiyada nəşr olunan”Ejednevneqo jurnal”nın hərbi şərhçisi Aleksandr Qolts deyib ki, orta və qısa mənzilli raketlərin ləğv edilməsinin guya Rusiya tərəfindən pozulması barədə iddia Ukrayna hadisələrindən sonra gündəmə gətirildi. Onun sözlərinə görə, ABŞ orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı anlaşmanın pozulması kimi “İsgəndər “ taktiki raketlərinin sınaqdan çıxarılması ilə əlaqələndirirlər.

O bu məsələnin araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here