“Qərb Putinə inanmır”

Vəfa Quluzadə: “Minsk razılaşması müvəqqətidir. Müharibə yenə də davam edəcək”. Rasim Musabəyov: “Atəşkəsin davamlı olub-olmaması, Ukraynanın ərazi bütövlüyünün bərpa edilib-edilməməsi sonrakı danışıqlardan asılı olacaq”.
“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən imzalanıb. Sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıb. İmzalanmış sənəddə aşağıdakı müddəalar nəzərdə tutulur:- Fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılması;

– Fevralın 16-dan gec olmayaraq ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi və bu prosesin 14 gün ərzində sona çatması;

– Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilməsi və yeni Konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin (desentralizasiya) təsbit olunması;

– Donbassın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı;

– Donbassın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması;

– Bütün qanunsuz silahlı dəstələrin tərksilah edilməsi;

– Bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması.

Mətbuata açıqlama verən Ukrayna Prezidenti Pyotr Poroşenko Ukrayna sərhədçilərinin 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhədin hazırda separatçıların əlində olan hissəsinə nəzarəti bərpa edəcəyini bildirib. O, bütün girovların 19 gün ərzində azad olunması barədə razılıq əldə olunduğunu söyləyib. Ukrayna və Rusiyanın Baş Qərargah rəisləri fevralın 15-də atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirəcəklər.

 

“Yaxın saatlar Minsk razılaşmalarının yerinə yetirilməsində

həlledici olacaq”

“Yaxın saatlar Minsk razılaşmalarının yerinə yetirilməsində həlledici olacaq”. Bunu Minsk danışıqlarının əsas iştirakçılarından biri olan Fransa Prezidenti Fransua Olland Avropa İttifaqının Brüsseldə keçirilən sammitinə gedərkən deyib. F. Olland bildirib ki, Minsk sazişi Ukraynada dayanıqlı sülhə təminat vermir və yaxın saatlar bu baxımdan həlledici olacaq: “Bu, o deməkdir ki, biz bundan sonra da ayıq-sayıq olmalı və təzyiq göstərməyə davam etməliyik”.

 

Rusiyada həbsdə saxlanılan

ukraynalı pilot azad ediləcək

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkonun azad edilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. P. Poroşenko Minsk görüşündə 19 gün ərzində bütün girovların, o cümlədən N. Savçenkonun azadlığa buraxılması haqda razılığa gəlindiyini söyləyib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçıları tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətini üzvüdür. Fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb.