Qərb Pribaltikanı Rusiya təhlükəsi qarşısında tək qoymayacaq

Krımı işğal etdikdən sonra Rusiyanın Ukraynanın şərqində separatizmi körükləməsi və bu müstəvidə bölgədə hökumət qoşunları ilə Rusiya tərəfindən dəstəklənən silahlı dəstələr arasında gedən döyüşlər Qərblə Moskva arasında ziddiyyətlərin daha da dərinləşməsinə gətirib çıxarıb.
 Faktiki olaraq,Rusiyanın Ukraynanın Şərq hissəsini işğal etmək üçün separatçılardan istifadə etməsi və Qərbin iqtisadi sanksiyalarına məhəl qoymadan təcavüzkarlıq hərəkətlərini davam etdirmək niyyətində olması Avropada ötən əsrin 30-cu illərində baş verən hadisələri xatırlatmaqdadır. Belə ki, həmin dövrdə Almaniya addım-addım qonşu ölkələrə münasibətdə təcavüzkarlıq niyyətlərini həyata keçirməyə başladı. Bu müstəvidə də Çexoslovakiyanı parçalamaq üçün Almaniya bu ölkənin Sudet vilayətində yaşayan etnik almanlardan istifadə etdi. Günümüzdə Rusiyanın Ukraynaya münasibətində sanki Almaniyanın Çexoslovakiya ssenarisi təkrar olunur. Hədəflər də,demək olar,eynidir. O dövrdə əgər Almaniya Sudeti özünə birləşdirərək Çexoslovakiyanın parçalanmasına nail olmaq istəyirdisə, günümüzdə Rusiya Ukraynanın Şərqini işğal edərək,bu ölkəni parçalamaq planlarını işə salıb. Amma o da aydındır ki, vaxtı ilə  Gürcüstanı işğal edən zaman olduğu kimi, Rusiya Ukraynanı parçalamaqla  da kifayətlənməyəcək.  Yenə də Rusiyanın hədəfinin ötən əsrin 30-cu illərinin sonlarında olduğu kimi,Polşa və Pribaltika olacağı istisna edilmir.

Qərbdə Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Pribaltika ölkələri olması təhlükəsini artıq ciddi şəkildə dərk etməyə başlayıblar. Bu baxımdan Almaniya kansleri Angela Merkelin Pribaltikanın Rusiya tərəfindən daha çox təhlükəyə məruz qalacağı ölkəsi hesab edilən Latviyaya səfəri diqqəti cəlb edib.  Rusiyanın Avropa üçün təhlükəsinin durmadan artdığı bir vaxtda Angela Merkelin Latviyaya səfərini təsadüfi hesab etmək olmaz. İş orasındadır ki, Ukraynadan sonra ən çox rusdilli əhali Latviyada yaşayır və onlar haradasa təxminən ölkə əhalisinin 40-45 faizini təşkil edirlər. Bu çərçivədə də Putin Rusiyasının Ukrayna ssenarisini eynilə Latviyaya münasibətdə təkrar edə biləcəyi ehtimalı ortadadır. Belə bir təhlükə isə Almaniya kansleri Merkelin region ölkələrinə ilk səfərini məhz Latviyaya etməsinə gətirib çıxarıb. Siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə, Merkel Latviyaya səfər etməklə bu ölkəyə hərtərəfli dəstək verəcəyi və Ukrayna ssenarisinin bu ölkədə təkrarlanmasına imkan verməyəcəyi barədə Putinə özünəməxsus şəkildə siqnal göndərib. Latviyada keçirdiyi rəsmi görüşlərdə Merkel Almaniyanın  bölgə ölkələri üçün əmələ gələ biləcək hər hansı təhlükəyə qarşı sərt addımlar ata biləcəyini vurğulayıb. Angela Merkel: “Şimali Atlantika Bloku ölkələri arasında olan anlaşmanın 5-ci paraqrafında deyilir ki, quruma üzv ölkələrdən birinin üzərinə edilən hücum digərlərinin  də üzərinə edilən hücum kimi dəyərləndiriləcək və təcavüzə məruz qalan ölkəyə hərbi yardım göstəriləcək. Biz də anlaşmanın şərtlərinə uyğun olaraq,Latviyaya xaricdən gələ biləcək hər hansı təhlükənin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.  Latviyaya edilən hücum bizim də üzərimizə edilən hücum demək olacaq və müttəfiqlərimizlə birlikdə dərhal bu ölkənin yardımına gələcəyik”,-deyib.

Əslində Merkelin bu sözləri yalnız Latviyaya dəstək verərək onlara tək olmadıqlarını xatırlatmaq üçün deyil, həm də Rusiyaya Latviyanı hərbi təcavüz qarşısında tək qoymayacaqları barədə edilən açıq xəbərdarlıq oluğunu  ehtimal etmək olar. Latviyaya səfəri çərçivəsində Merkelin daha bir açıqlaması diqqəti cəlb edib. Merkel Latviyanın yüksək səviyyəli dövlət rəsmiləri ilə keçirdiyi görüşlərində qəti şəkildə bildirib ki, Ukrayna ssenarisinin Pribaltika ölkələrində təkrar edilməsinə imkan verilməyəcək. Merkel: “Bu məqsədlə də NATO-da təcili şəkildə çevik qüvvələr yaradılmalı və onlar istənilən an quruma üzv ölkələrin üzərinə hücum edən ölkəyə qarşı hərbi əməliyyatlar aparmağa hazır olmalıdırlar. Əgər Rusiya Baltik ölkələrinə münasibətdə də anaoloji addım atmaq istəsə, onda bu qüvvələr onlara qarşı hərəkətə gətirilməlidir”,-deyib. Amma iş bununla da bitməyib. Merkel Baltik ölkələrinin hərbi potensialının daha da güclənməsi üçün onlara  əlavə hərbi yardımlar göstərilməsinin vacibliyini qeyd edib. Merkelin sözlərinə görə,artıq Qərb belə bir təcrübəyə malikdir. Merkelin hansı təcrübədən söhbət açdığı və nəyə işarə vurduğu isə müxtəlif ehtimalların yenidən gündəmə gəlməsi ilə müşahidə olunmaqdadır. Belə bir fikir vurğulanır ki, Merkel Qərb təcrübəsi deyərkən ABŞ-ın  İsrailə göstərdiyi  və bununla da əhalisinin azsaylı, ərazisinin də kiçik olmasına baxmayaraq,onu regionun ən güclü dövlətinə çevirməsinə işarə vurub. Bu baxımdan belə başa düşmək olar ki, Qərb  dövlətləri Baltik ölkələrini hərbi baxımdan ən müasir silahlarla silahlandıra və onları Rusiyaya qarşı alınmaz qalaya çevirə bilərlər.

Yeri gəlmişkən,onu da deyək ki, Angela Merkelin Latviyaya səfəri ərəfəsində Almaniya hərbi hava qüvvələri Baltik ölkələrinin hava məkan üzərində keşik çəkmək funksiyasını  həyata keçirməyə başladılar. Bütün bunlar da Merkelin Baltik dövlətlərini Almaniyanın himayəsinə alması kimi də dəyərləndirilə bilər.

 

Merkeldən sonra Obama

Qərb ölkələrinin Ukraynada baş verən son hadisələrlə bağlı Baltik dövlətlərinin gələcək taleyindən narahat olmalarını və onların Rusiyadan gələn təhlükəyə məruz qalacaqlarından əndişəyə düşmələrini Obamanın bu ayın sonları, gələn ayın əvvəllərində regiona gözlənilən səfəri də sübut etməkdədir. Obama Merkeldən fərqli olaraq,regionun əhali və ərazi baxımdan ən kiçik ölkəsi olan Estoniyaya səfər edəcək. Obama Estoniyaya gözlənilən səfəri ilə bağlı  deyib ki, Rusiyadan gələn təhlükəyə qarşı NATO özünün yeni hərbi strategiyasını işləyib hazırlamalı və Baltik ölkələrini hər hansı təcavüzkarın hücumundan müdafiə etmək üçün hər an döyüşə hazır vəziyyətdə olmalıdır. Bununla da həm Obama, həm də Merkel Baltik dövlətlərini istənilən təcavüzdən müdafiə edəcəkləri barədə Moskvaya aydın şəkildə xəbərdarlıq ediblər.

 

NATO Polşada möhkəmlənir

Rusiyadan gələn təhlükəyə baxmayaraq,Qərb ölkələri Baltik ölkələrində hərbi baxımdan daha da möhkəmlənmək imkanından məhrumdurlar. Buna səbəb 1997-ci ildə Rusiya ilə Qərb arasında postsovet məkanı ölkələrində Qərb tərəfindən hərbi baza yerləşdirilməyəcəyi barədə anlaşma imzalamalarıdır. Rusiya da,öz növbəsində, bu anlaşmaya görə, Avropadakı sərhədlərin dəyişdirilməsinə yönələn hər hansı addım atmayacağı barədə öhdəlik götürmüşdü. Amma Rusiya 2008-ci ildə Gürcüstan ərazilərinin bir hissəsini işğal etməklə bu anlaşmanın şərtlərini pozmuş oldu. Buna baxmayaraq,Qərb analoji addım ataraq Baltik ölkələrində hərbi baza yerləşdirmədi. Əvəzində isə NATO Polşada möhkəmlənmək niyyətində olduğunu nümayiş etdirir. Bunu NATO-nun Avropadakı silahli qüvvələrinin komandanı,general Filip Bridlavın açıqlaması da bir daha sübut edir. Bridlavın sözlərinə görə, Polşanın Şetsin şəhərindəki hərbi bazası daha da möhkəmləndiriləcək, Baltikyanı dövlətlərdə isə azsaylı da olsa hərbi ehtiyat qüvvələri yerləşdiriləcək. Müharibə başlayacağı təqdirdə,onlara yardım üçün əlavə hərbi qüvvələr göndəriləcək. NATO güclərinin bölgədə daimi varlığını qoruyub saxlamaq üçünsə Baltikyanı dövlətlərdə mütəmadi olaraq müxtəlif səviyyəli hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub. Bridlav eyni zamanda qeyd edib ki, Baltikyanı ölkələr onlara istənilən an hərbi yardıma gələcək NATO gücləri üçün müasir infrastruktur yaratmalıdırlar.  Bridlav: “NATO Baltikyanı dövlətləri hər hansı xarici təcavüzdən müdafiə edəcək”,-deyib.

Bütün bunlar isə bir daha göstərir ki, Qərb Rusiyadan gələn yeni hərbi təhlükəni ciddi şəkildə dərk etməkdə və buna qarşı cavab tədbirləri görmək niyyətindədir. Qərbin bu yolla Rusiyadan gözlənilən təhlükənin qarşısını ala bilib-bilməyəcəyini isə gələcək göstərəcək. ƏZIZ MUSTAFA