Qərb-İran yaxınlaşmasından itirən Rusiya və Türkiyə olacaqmı?

664

BMT TŞ-nin 5 daimi üzvü+Almaniya) arasında nüvə proqramı ilə bağlı əldə edilən razılıqdan sonra Qərb-Tehran münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan diqqəti cəlb edən ən önəmli amillərdən biri Qərb ölkələrinin yüksək səviyyəli dövlət rəsmilərinin İrana səfərlərinin intensivləşməsidir. Ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabrielin, iyul ayının 28-də isə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə nümayəndəsi xanım Federika Mogerininin İrana səfəri faktiki olaraq Tehran-Qərb münasibətlərinin yeni dönüş mərhələsinə qədəm qoymaqda olmasının nümayişinə çevrilib. Xüsusilə, Mogerininin Tehranda apardığı rəsmi danışıqlarda əsas müzakirə hədəf İranla Qərb arasında hərtərəfli, bütün sahələrdə inteqrasiyanın dərinləşdirilməsi, nüvə danışıqları ilə bağlı əldə edilən razılığın yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən regional məsələlər olub. Diqqəti cəlb edən ən önəmli məsələlərdən biri də Mogerininin İran Prezidenti Həsən Ruhani ilə görüşündə İraq, Suriya və Yəməndəki vəziyyətin müzakirə edilməsi olub. Bəzi məlumatlara görə, Qərb Mogerini vasitəsilə Tehrana müəyyən şərtlər daxilində İranın regiondakı hərbi, siyasi və iqtisadi maraqlarının nəzərə alınacağı, Suriya, İraq və Yəmən məsələsində qarşı tərəfə güzəştə getməyə hazır olduğunu çatdırıb.
Qeyd edək ki, Mogerini Tehrana səfəri çərçivəsində iyulun 28-də Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. Federika Mogerini jurnalistlərin suallarına cavab verərkən bildirib ki, nüvə proqramına dair razılaşmanın yerinə yetirilməsi İrana Qərb dövlətləri ilə yeni əməkdaşlıq yolları açacaq.
Mogerininin İrana səfəri və burada apardığı danışıqlarla bağlı isə Həsən Ruhani administrasiyasının sözçüsü Məhəmməd Baqir Noubəxt deyib ki, AB rəsmisinin Tehrana səfəri hər iki tərəf üçün uğurlu olub. Onun sözlərinə görə, Mogerininin səfəri zamanı tərəflər İranın nüvə proqramı ilə bağlı razılaşmadan məmnun olduqlarını bildirərək, İranla Avropa arasında əməkdaşlığın genişləndirilməsi yolları barədə fikir mübadiləsi ediblər: “Mogerini Suriya, İraq və Yəmənə münasibətdə İranın maraqlarının olmasını Qərbin təbii qarşıladığını söyləyib. F.Mogerininin Tehrana səfəri İranla dünya birliyi arasında xoş münasibətlərin qaytarılmasına yönələn ilk addımlardan biridir”.
Əslində İranın nüvə tədqiqatları ilə bağlı uzun sürən danışıqlardan sonra tərəflər arasında razılığın əldə edilməsinin arxasında yalnız bu məsələnin olduğunu düşünmək də sadəlövhlük olardı. Belə ki, Qərb İranla nüvə tədqiqatları məsələsində razılığa gəlməklə, həm də faktiki olaraq Tehranın Suriya, İraq və Yəməndəki maraqlarını nəzərə aldıqlarını dolayısilə nümayiş etdirmiş oldular. Çünki İranın regional lider kimi maraqlarını nəzərə almadan əldə edilən nüvə razılaşmasının reallaşdırılması faktiki olaraq mümkün deyil. Şübhəsiz ki, Qərbin aparıcı simaları nüvə danışıqları başlayanda nüvə tədqiqatlarına paralel olaraq bölgədə İranın maraqlarını nəzərə almağın önəmli şərtlərdən biri olduğunu yaxşı anlayırdılar. İran-Qərb münasibətlərinin yeni dönüş mərhələsinə daxil olduğunu Mogerininin İrana səfəri ərəfəsində Səudiyyə Ərəbistanını ziyarət etməsi və burada yüksək səviyyəli dövlət rəsmiləri ilə apardığı danışıqlar da bir daha sübut etdi. Qərb mətbuatının yazdığına görə, Mogerini Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşündə Qərb-İran yaxınlaşmasının Ər-Riyadla Tehran əlaqələrinə də müsbət təsir edəcəyini və onlar arasında gərginliyin azaldılacağına yol açacağını vəd edib. Belə başa düşmək olar ki, İran-Qərb yaxınlaşması nəticəsində Tehran və Ər-Riyad bölgədəki maraq dairələri barəsində ortaq məxrəcə gələ biləcəklər. Bütün bunlar isə regiondakı qanlı qarşıdurmalara son qoyulmasına yol aça bilər. Nəhayət, Qərb-İran yaxınlaşmasının Bakı ilə Tehran arasındakı münasibətlərə də müsbət təsir edəcəyi və bunun tərəflərin Xəzərin statusu məsələsində ortaq məxrəcə gəlməsinə yardım edə biləcəyi gözlənilir.

Fransa təşəbbüsü ələ alır
Qərb-İran yaxınlaşmasına yol açan nüvə danışıqlarında müsbət irəliləyişin əldə edilməsində Fransa və Almaniyanın nümayiş etdirdiyi yumşaq siyasət olduqca önəmli oldu. Belə ki, həm Berlin, həm də Paris ilk günlərdən İrana münasibətdə sərt addımların atılmasının əleyhinə idilər. Bu da, öz növbəsində, tərəflər arasında danışıqların uğurla nəticələnməsinə yol açdı. Bu baxımdan diqqəti cəlb edən digər bir önəmli məsələ də Fransanın Qərb-İran yaxınlaşmasında önəmli fiqur oynadığını nümayiş etdirməsi oldu. Belə ki, iyulun 30-da Fransa xarici işlər naziri Loran Fabiusun 12 illik fasilədən sonra Tehrana səfəri Parisin Berlinlə bərabər, Tehran-Qərb yaxınlaşmasında körpü rolunu oynamağa cəhd etdiyini göstərir. Buna paralel olaraq, Fransa xarici işlər naziri Loran Fabiusun İranda apardığı danışıqlar bir daha göstərdi ki, yaxın illərdə İran bölgədə yenidən Qərbin əsas hərbi-strateji və iqtisadi müttəfiqlərindən birinə çevriləcək. Təsadüfi deyil ki, Fabiusun İrana səfəri ərəfəsində Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Romen Nadal demişdi ki, beynəlxaq aləmdə yeni geosiyasi vəziyyətin əmələ gəlməsi İran-Qərb münasibətlərinin müsbət istiqamətdə inkişaf etdirilməsini qarşısı alınmaz zərurətə çevirib. Onun sözlərinə görə, İran Avropaya gələn təhlükənin qarşısının alınmasına öz töhfəsini yenidən verə və həm iqtisadi, həm siyasi, həm də hərbi-strateji baxımdan Qərbin müttəfiqinə çevrilə bilər. Öz növbəsində, Loran Fabius Tehrana səfəri ərəfəsində mətbuata verdiyi açıqlamasında: “Bu, çox mühüm səfərdir. Biz iki mühüm müstəqil ölkəni, iki böyük sivilizasiyanı təmsil edirik. Məlum səbəblərə görə əlaqələrimiz kəsilib, lakin nüvə proqramı üzrə əldə olunmuş saziş sayəsində çox şey dəyişə bilər. Mənim səfərim ölkələrimiz arasında yeni münasibətlərin başlanğıcıdır. Həm İranın, həm də Fransanın regionda sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində bir sıra öhdəlikləri var”, – deyib.
L. Fabius həmçinin qeyd edib ki, Fransa Prezidenti Fransua Olland iranlı həmkarı Həsən Ruhanini Parisə dəvət edib: “Mən İran Prezidentinə bu ilin noyabrında Fransaya səfər etmək üçün dəvət məktubunu gətirmişəm”.
İrana münasibətdə Fransanın təşəbbüsü ələ almasının arxasında isə, şübhəsiz ki, həm iqtisadi, həm də siyasi maraqlar var. Belə ki, İran dünyanın ən zəngin neft-qaz yataqlarına malikdir. İki ölkə arasında yaxınlaşma Fransanın neft kompaniyalarının İranın yanacaq-enerji sahəsinə daha çox sərmayə qoymasına və bundan milyardlarla dollar gəlir götürməsinə imkan verə bilər. Xatırladaq ki, Yaxın Şərqdə Türkiyəyə stavka edən ABŞ-la müqayisədə Fransa və Almaniya bölgədə Qərbin əsas hərbi-strateji, siyasi və iqtisadi müttəfiqi kimi məhz İranı görürlər. Bütün bunlar isə Qərbin Yaxın Şərq siyasətində İran amilini önə çıxardığını və gələcəkdə Ankaraya deyil, əsas strateji müttəfiq ölkə kimi Tehrana “stavka” edəcəyini ehtimal etməyə imkan verir.

Qərb-İran yaxınlaşması Rusiya və
Türkiyəyə qarşı çevrilibmi?
Qərb-İran yaxınlaşmasının yeni mərhələyə daxil olması, öz növbəsində, Rusiya və Türkiyədə birmənalı qarşılanmır. Belə ki, faktiki olaraq Qərb-İran yaxınlaşmasının Rusiyanın Avropaya qarşı şantaj vasitəsi kimi tətbiq etdiyi “qaz silahı”nın əldən alınmasına və Tehranın Avropanın yanacaq-energetika sahəsində Moskvanın asılılığından xilas edilməsinə yol açacağı istisna edilmir.
Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən “Kommersant” qəzeti dünənki sayında yazıb: “İrana əvvəlcə Avropa Biriliyinin xarici siyasət məsələləri üzrə nümayəndəsi xanım Federika Mogerininin, onun ardınca da Fransa xarici işlər naziri Loran Fabiusun səfər etməsini yalnız iqtisadi yaxınlaşma ilə izah etmək səhv olardı. Avropa Birliyi ölkələrinin yüksək səviyyəli dövlət rəsmilərinin İrana səfərlərinin intensivləşməsi Tehranın dünya siyasətində rolunun artması ilə əlaqədardır. Bu baxımdan Rusiya İran məsələsində Qərbə uduzmaqdadır.”
Məsələnin digər tərəfinə gəlincə, siyasi müşahidəçilərin əksəriyyəti belə hesab edir ki, Qərb-İran yaxınlaşmasının yeni inkişaf mərhələsinə keçməsinin əsas günahkarı da məhz Rusiyadır. Belə ki, Rusiyanın dəfələrlə Qərbi “qaz silahı” ilə hədələməsi və Ukraynaya açıq şəkildə təcavüzə əl ataraq Krımı işğal etməsi Avropanı İranla yaxınlaşmağa məcbur etdi. Məhz Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb İranla nüvə tədqiqatları sahəsində apardığı danışıqlarda nümayiş etdirdikləri sərt mövqedən geri çəkilməyə və Tehranla yaxınlaşmaq üçün addımlar atmağa məcbur oldu. Bu müstəvidə də İran-Qərb yaxınlaşmasının nəinki Qərbin qaz bazarının Rusiyanın monopoliyasından çıxmasına və bundan milyardlar itirməsinə, həm də hərbi-strateji və siyasi baxımdan cənubdan Moskvaya qarşı yeni bir cəbhənin açılmasına gətirib çıxaracağı güman edilir.
Türkiyəyə gəlincə, uzun illər boyu bölgədə Qərbin əsas müttəfiqi rolunda çıxış edən Ankara üçün Avropa-İran yaxınlaşması regiondakı əvvəlki strateji əhəmiyyətini itirməsi demək ola bilər. Hər halda Türkiyənin son vaxtlar İŞİD-ə və PKK-ya qarşı həyata keçirdiyi hərbi əməliyyatların arxasında da Ankaranın Qərb üçün terrorçulara qarşı münasibətdə əsas müttəfiqi olmaqda qalmasının nümayişi kimi dəyərləndirilə bilər. Amma başda Almaniya və Fransa olmaqla Avropa Birliyinin Türkiyəyə münasibətdə öz planlarının olduğu və bu müstəvidə PKK və kürd kartından istifadə edərək, Ankaranı öz çaldıqlarına oynatmaq niyyətində olduqları aydın hiss edilməkdədir. Bütün bunlar isə bir daha sübut edir ki, Qərb-İran yaxınlaşması Rusiya və Türkiyəyə yaxşı heç nə vəd etmir…