Qərb-İran yaxınlaşması: hədəf Rusiyadırmı?

671

Ötən həftənin sonunda başda ABŞ olmaqla Qərb ölkələrinin İrana tətbiq etdikləri sanksiyalarla bağlı məsələyə, nəhayət ki, aydınlıq gətirilib. Belə ki, Avropa Birliyi İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarını aradan qaldırdığını bəyan edib. İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvi barədə Avropa Birliyinin qərar qəbul etməsinə səbəb isə yanvarın 16-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranla imzalanan nüvə proqramı üzrə Birgə Hərtərəfli Tədbirlər Planı sazişinin bütün tələblərinin yerinə yetirilməsi barədə hazırladığı hesabat olub. Xatırladaq ki, AB İranın nüvə proqramı üzərində apardığı tədqiqatlarla bağlı Tehrana rəsmi şəkildə maliyyə və iqtisadi sanksiyalar tətbiq etmiş, adıçəkilən ölkənin xarici banklardakı hesablarını dondurmuşdu.

Lakin 2012-ci ilin noyabr ayında Tehran və “Altılıq ölkələri” arasında İranın nüvə tədqiqatlarını dayandırması ilə bağlı danışıqların başlanılması nəticəsində AB tərəfindən sanksiyaların qismən dayandırılması prosesinə start verildi. Danışıqların ağır getməsinə baxmayaraq, 2015-ci ilin iyulunda Vyanada tərəflər arasında razılaşmanın əldə olunması nəticəsində AB yeni Birgə Hərtərəfli Tədbirlər Planının reallaşdırılması çərçivəsində sanksiyaların dondurulması müddətini 2016-cı ilin yanvarın 14-dək uzatmaq barədə qərar qəbul etdi. Bu müddət ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranla imzalanan nüvə proqramı üzrə Birgə Hərtərəfli Tədbirlər Planı sazişinin bütün tələblərinin yerinə yetirilməsini yoxlamalı və bununla bağlı müvafiq hesabat hazırlamalı idi. Yanvarın 16-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranla imzalanan nüvə proqramı üzrə Birgə Hərtərəfli Tədbirlər Planı sazişinin bütün tələblərinin yerinə yetirliməsi ilə bağlı hazırlanan hesabatda əksini tapan fikirlər isə İran üzərinə qoyulan sanksiyaların aradan qaldırılmasına imkan verdi. Öz növbəsində, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də təmsil olunduğu qurum tərəfindən İrana tətbiq edilən sanksiyaların götürüldüyünü bəyan edib. İran Prezidenti Həsən Ruhani İran xalqını Birgə Hərtərəfli Tədbirlər Planına uyğun olaraq, ölkəyə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını İran xalqının böyük qələbəsi olduğunu bildirib və bu münasibətlə xalqını təbrik edib.

Onu da deyək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın “Altılıq” ilə əldə olunan saziş üzrə müddəaları yerinə yetirməsi barədə yazılı təsdiqi

BMT Təhlükəsizlik Şurasına təqdim edilib. Sənəddə 2006-2010-cu illərdə İrana qarşı sanksiyaların tətbiqinə dair BMT TŞ-də qəbul olunan bütün qətnamələrin ləğv edilməsi nəzərdə tutulur.

Məhdudiyyətlər davam edəcək

İrana qarşı sanksiyaların ləğv edilməsinə baxmayaraq onda bəzi məhdudiyyətlərin saxlanılması nəzərdə tutulur. Bu müstəvidə də İrandan silah ixracına qoyulan qadağa hələ bir müddət də qüvvədə saxlanılacaq. Bundan əlavə, İrana yeni nüvə texnologiyalarının satılması ilə bağlı qoyulan sanksiyalar da aradan qaldırılmayıb. Bu sanksiyaların 10 ildən sonra, 2026-cı ildə aradan qaldırılması nəzərdə tutulub. Bundan əlavə, İrana təklif edilib ki, 8 il müddətinə nüvə başlığı daşıya biləcək raketlərin istehsalına baş vurmasın və bununla bağlı məsələni gündəmə gətirməsin. İran bu məhdudiyyətlərə əməl etməyəcəyi təqdirdə, ona qarşı sanksiyaların yenidən qüvvəyə minməsi nəzərdə tutulur. ABŞ da, öz növbəsində, Tehrana qarşı sanksiyaların ləğv edilməsi istiqamətində addımlar atıb. Belə ki, ABŞ hökuməti tərəfindən İranın banklarda dondurulmuş 50 milyard dollar məbləğində olan aktivləri sərbəst buraxılıb və Tehran bu məbləğdən yenidən istifadə etmək hüququ alıb. ABŞ eyni zamanda İrana qarşı sanksiyalar siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb. Bununla bağlı jurnalistlərə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi tərəfindən verilən məlumatda deyilir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İrana dair sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb, lakin 200-dək İranla əlaqəli şəxs siyahıda qalacaq. Bununla belə, ABŞ Ədliyyə Nazirliyinin Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verməsi diqqəti cəlb edir. ABŞ-ın belə bir addım atmasının isə, öz növbəsində, Tehran-Vaşinqton münasibətlərində yeni mərhələ açacağı və onlar arasında siyasi yaxınlaşmada mühüm rol oynayacağı ehtimal edilir.

İranın əli ilə Rusiyaya neft zərbəsi

ABŞ başda olmaqla Qərb tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması beynəlxalq aləmdə nəinki iqtsadi, hərbi-strateji, həm də siyasi ağırlıq mərkəzinin bir qütbdən digərinə keçirilməsi anlamına gəlir. Belə ki, İrana qarşı sanksiyaların aradan qaldırılması şah rejimi devrildikdən ötən 37 il sonra Qərblə Tehran arasında münasibətlərin yeni hərbi-siyasi müttəfiqlik müstəvisinə keçirilməsinə zəmin hazırlayıb. Qərblə İranın yaxınlaşması isə, öz növbəsində, Rusiyanın bu günə kimi Avropa Birliyinə qarşı “kozır” kimi istifadə etdiyi İran kartının əlindən alınması, Moskvanın cənub qonşusundan təcrid olması anlamına gəlir. Qərb-İran yaxınlaşması Rusiyaya yalnız siyası, hərbi, strateji deyil, həm də iqtisadi baxımdan vurulan ən ağır zərbə olacaq. Belə ki, Qərb-İran yaxınlaşması İranın dünya bazarına yenidən neft çıxarmasına imkan verəcək. Necə deyərlər, sanksiyaların aradan qaldırılması İranın 14 ildən sonra yenidən dünyanın neft bazarına qayıtması demək olacaq. Bu isə bütün gəlirləri neft satışından asılı olan Rusiya üçün neftin daha da ucuzlaşması anlamına gəlir. Düzdür, İran dünya bazarına neft çıxarmadan da “qara qızıl”ın qiyməti ucuzlaşmaqda davam edirdi. Lakin İranın neft bazarına daxil olması ilə bu proses daha da sürətlənəcək. İranın ilkin mərhələdə dünya bazarına gündə 500 min barel neft çıxaracağı gözlənilir. Tehran tədricən dünya bazarına çıxaracaq neftin həcmini 1 milyon barelə çatdırmağı planlaşdırıb. İranın üzərinə qoyulan sanksiyaların aradan qaldırılması həm də Tehrana öz qazını dünya bazarına çıxarmağa imkan verəcək. Bu isə olduqca vacibdir. Belə ki, İranın Türkiyə və ya digər marşrutlarla öz qazını dünya bazarına nəql etməsi Qərbə Rusiyanın qaz asılılığından xilas olmağa imkan verəcək.

Bütün bunların müqabilində isə Rusiyanın iqtisadi durumunun daha da ağırlaşacağı və maliyyə böhranına sürüklənməsi prosesinin baş verəcəyi ehtimal edilir. Necə deyərlər Qərbin İrana tətbiq etdiyi sanksiyaların aradan götürməsinin arxasındakı əsas hədəfin Rusiya olduğu istisna edilmir. Qərb bu yolla Rusiyanın İrandan da təcrid edə və onun regionda daha da təklənməsi niyyətlərini həyata keçirə bilər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən məşhur politoloq, “Karnegi” fondunun Rusiya üzrə xüsusi nümayəndəsi Aleksey Malaşenko: “ Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırması Rusiyaya yaxşı heç nə vəd etmir. Qərblə İranın iqtisadi baxımdan yaxınlaşması siyasi, hərbi-strateji müttəfiqliyə yol aça bilər. Bu isə istər iqtisadi, istərsə də siyasi, hərbi baxımdan Rusiyanın təcrid olunması yolunda atılan daha bir addıma çevriləcək “,-deyib.

Qərb-İran yaxınlaşması neftin ucuzlaşması baxımından Azərbaycan üçün məqsədəuyğun olmasa da, bu, Bakı ilə Tehran arasında əvvəllər mövcud olan bəzi problemlərin aradan qaldırılmasına, o cümlədən Xəzərin hüquqi statusunın müəyyən edilməsi istiqamətində tərəflərin ortaq məxrəcə gəlməsinə yola aça bilər. Məsələyə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə, Qərb tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması adıçəkilən ölkəyə dünya bazarına öz neftini və qazını çıxarmağa imkan verəcək. Rasim Musabəyov: “İranın dünya bazarına neftini çıxarması, təbii ki, qiymətlərin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Bu isə həm Rusiya, həm də neft istehsalçısı olan digər ölkələr üçün yaxşı heç nə vəd etmir. İran-Qərb münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın da qonşu ölkə ilə münasibətlərində müsbət tendensiyaların əmələ gəlməsində, bank sektoru və digər sahələrdə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsində önəmli rol oynayacaq”,-deyib.

Politoloq Xəzərin hüquqi statusunun müəyyən edilməsi, türkmən qaznın dünya bazarına nəqlinə imkan verəcək yeni qaz kəmərinin inşası ilə bağlı məsələnin gündəmdən çıxarıla biləcyini də istisna etmədiyini söylədi. Onun fikrincə, İran üzərindən sanksiyaların aradan qaldırılması adıçəkilən ölkənin qazının da Qərb bazarına nəqlinə yola aça və Avropanın Rusiyadan qaz asılılığına son qoya bilər.