Qərb-İran anlaşması Tehranın regionun güclü dövlətinə çevrilməsinə yol açacaq

512
Aprelin birində Lozannada altılıq ölkələri ilə İran arasında nüvə proqramı arasında əldə edilən razılıq və bunun beynəlxalq aləmdə doğurduğu güclü əks-səda davam etməkdədir.
 Buna da səbəb İranla altılıq ölkələri arasında 7 ildən artıq davam edən danışıqların uğurla başa çatmasının beynəlxalq aləmdə yeni siyasi vəziyyət əmələ gətirməsidir. Belə ki,  İranla altılıq ölkləri arasında əldə edilən son anlaşma faktiki olaraq Rusiyanın küncə sıxışdırılması anlamına gəlir.  Avropanın tanınmış siyasi xadimlərindən birinin də dediyi kimi 1 aprel anlaşması Rusiyanın dünyadan təcridi istiqamətində daha bir addımın atılması və Putinin ən sadiq müttəfiqlərindən birinin onun əlindən alınması anlamına gəlir.  Məsələnin bu tərəfinə diqqəti cəlb edən ABŞ-ın və dünyanın tanınmış siyasi xadimi və politoloqu Zbiqnev Bjezinski: “Aprelin 1-də Qərb İranla nüvə sahəsində  razılığa gəlməkə Rusiyaya qarşı cənubdan ikinci bir cəbhə açmış oldu. Bu anlaşma reallaşacağı təqdirdə Qərb  Rusiyadan enerji sahəsində asılılıqdan xilas olacaq və bununla da Kreml Qərbə qarşı ən güclü silahı olan qaz şantajından məhrum olacaq”,-deyib.

Məsələ ilə bağlı diqqəti cəlb edəcək bir maraqlı məqam da İrana münasibətdə Qərblə Rusiya arasında rolların dəyişdirilməsidir. Belə ki,

əgər dünənə kimi Rusiya İran kartından Qərbə qarşı istifadə edirdisə, bu dəfə sonuncular eyni tərzdə Tehran kartını Moskvaya qarşı işə salmağa cəhd edirlər.

Təsadüfi deyil ki, Rusiyanın əksər politoloqları, o cümlədən tanınmış politoloq Aleksey Malaşenko Tehranın son addımlarını Moskvaya arxadan vurulan zərbə kimi dəyərləndirirlər. Belə bir fikir vurğulanır ki,son 7 il ərzində dəfələrlə Qərbin İrana qarşı BMT Təhlükəsizlik Şurasında qəbul etdiyi sanksiyalarına veto qoyan və bununla da öz müttəfiqini təcriddən  xilas edən Rusiya qarşı tərəfdən dəstək almaq əvəzinə həmin ölkənin xəyanətinə məruz qalıb. Məntiqi baxımdan Rusiyanın siyasi dairələrində məsələyə belə yanaşmanı təbii qarşılamaq olar.  Çünki həqiqətən də Rusiyanın İranı Qərbin sərt sanksiyalarından müdafiə etməsi adı çəkilən ölkəyə Qərbin iqtisadi və siyasi təzyiqləri qarşısında tab gətirməyə imkan verdi.

 

Qərbin məğlubiyyəti, İranın qələbəsi

Altılıq ölkələri ilə İran arasında əldə edilən son razılıq faktiki olaraq Tehranın 7 il davam edən gərgin danışıqlardakı qələbəsi kimi dəyərləndirilir. Bu da təsadüfi deyil. İran ötən müddət ərzində nəinki Qərbin iqtisadi sanksiyalarına dözə bildi, həm də özünün nüvə tədqiqatlarını uğurla davam etdirdi. İranın intensiv diplomatik fəaliyyəti isə sonda ona uğur gətirdi. Ötən ayın sonlarına yaxın danışıqlarda uğur əldə edilməsinə böyük ümidlər əmələ gəldi. Lakin martın 29-da İran bəyanat verdi ki, sanksiyalar aradan qaldırılmadan nüvə danışıqlarında uğur əldə etmək mümkün olmayacaq. Bu bəyanat isə danışıqların uğurla başa çatacağını şübhə altına aldı. Amma aprelin 1-də gözlənildiyinin əksinə olaraq Lozannada keçirilən danışıqlarda tərəflər ortaq məxrəcə gələ və bununla bağlı müvafiq analşma imzalaya bildilər. Bu anlaşma İranın nüvə tədqiqatlarından dinc məqsədlərlə istifadə etməsinə imkan verəcək. Qeyd edək ki, İranın nüvə  tədqiqatları ilə bağlı aparılan danışıqların uğurla nəticələnməsində ilk növbədə Avropa Birliyi (AB) xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton və hazırda İran XİN-nin rəhbəri kimi fəaliyyətini davam etdirən Məhəmməd Cavad Zərifin böyük xidmətləri var. Məhz bu iki şəxsin səyləri nəticəsində danışıqlarda irəliləişə nail olmaq mümkün oldu. Bütün bunlarla yanaşı nüvə danışıqlarında tərəflər arasında əldə edilən razılıq İranın Qərb üzərində qələbəsi kimi dəyərləndirilir. Çünki İran faktiki olaraq Qərbi özünün nüvə maraqları ilə hesablaşmağa məcbur etdi. Eyni zamanda Qərbin təzyiq və şantajlarına baxmayaraq İran nəinki nüvə tədqiqatlarını davam etdirdi, həm də uzaq mənzilli ballistik raketləri sınaqdan çıxarmaqla özünün hərbi potensialını daha da gücləndirməkdə olduğunu nümayiş etdirdi.

İqtisadi sahədə İran beynəlxalq  iqtisadi layihələrə, o cümlədən TANAP-a qoşılmaq imkanı əldərək öz neft və qazını yenidən dünya bazarına çıxarmaq imkanı əldə edəcək. Bu isə İran iqtisadiyyatına milyardlarla dollar gəlir gətirərək bu ölkənin yeni iqtisadi inkişafına, daha da güclənməsinə yol açacaq.

Razılaşmaya görə, İranın hər hansı nüvə obyekti nə öz fəaliyyətini dayandırılmayacaq. İranın bütün nüvə obyektlərində, o cümlədən Natanz, Fordo, İsfahan və Ərakda dinc nüvə fəaliyyəti davam edəcək. Bütün bu kompleks tədbirlər İranın yalnız öz ərazisində nüvə proqramını davam etdirməsinə imkan verəcək. Eyni zamanda İran, AES-lərin fəaliyyətini davam etdirmək üçün sənaye məqsədilə nüvə yanacağı hasil etmək hüququnu özündə saxlayır.

Nəhayət anlaşma çərçivəsşndə İrana qarşı sanksiyalar ləğv ediləcək, xarici banklardakı hesablar aktivləşdiriləcək, İranın dünya ölkələrinə neft satışına qoyulan qadağalar ləğv ediləcək, dondurulmuş vəsaitlər geri qaytarılacaq.

 

Qərb niyə İrana güzəştə getdi?

Təbii ki, İranda 1979-cu ildə baş verən islam inqilabından sonra Tehranla bütün siyasi və iqtisadi əlaqələri kəsərək adı çəkilən ölkəyə qarşı açıq şəkildə düşmənçilik siyasəti yeritməyə başlayan ABŞ-ın və onun müttəfiqlərinin gözlənilmədən geri addım atmaları çoxlu sayda suallar ortaya çıxarıb. Belə bir fikir vurğulanır ki, Qərbin İrana münasibətdə geri addım atması və Tehrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə başlamasının arxasında daha çox Rusiya amili dayanır. Belə ki, Rusiyanın Ukraynaya məxsus Krımı işğal edərək ölkənin cənub-şərqində separatçıları dəstəkləməsi və Qərbə qarşı yeni soyuq müharibə savaşı açması Avropanı Şərqdən gələn böyük bir təhlükə altında qoyub. Eyni zamanda SSRİ dağılandan sonra dəfələrlə Rusiyanın özünün MDB məkanında və bölgəyə qonşu ölkələrdə siyasi və iqtisadi maraqlarını təmin etmək üçün Qərbə qarşı qaz savaşı açması Avropa üçün ciddi təhdid mənbəyinə çevrilmişdi. Belə bir vəziyyətdə Rusiyanın Ukraynaya qarşı açıq təcavüzə əl atması və  BMT tərəfindən tanınan sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi barədəki prinsiplərini kobud şəkildə tapdalaması və beynəlxalq hüquq normalarına məhəl qoymaması Qərbin səbr kasasını daşdırdı. Bu müstəvidə də Qərbin uzun illər boyunca düşmən və şər yuvası adlandırdığı İrana münasibətdə yeritdiyi siyasəti dəyişdirməkdən başqa çarəsi qalmadı.

Qərb İranın nüvə tədqiqatları ətrafında apardığı danışıqlarda qarşı tərəfə güzəşətə getməklə həm siyasi, həm də iqtisadi maraqlarının təmin edilməsini önəmli məsələ kimi qarşıya qoyub. Bu anlaşma Qərbə Rusiyanın qaz şantajından xilas olmağa, eyni zamanda dünənə kimi düşmən gözündə gördüyü İranın simasında bölgədə yeni hərbi siyasi müttəfiqini tapmağa imkan verəcək. Buna paralel olaraq qeyd etdiyimiz kimi Qərb Tehrana münasibətdə güzəştə getməklə Rusiyanın əlindən İran kartını almış olacaq. Əgər dünənə kimi Rusiya Qərbin sanksiyalarına qarşı İrandan dəstək almağa ümid edirdisə, bundan sonra o Tehranın simasında əsas müttəfiqlərindən birindən məhrum olmuş olacaq. Qərblə İran arasında əldə edilən son razılığın bölgədə həmçinin yeni siyasi vəziyyət əmələ gətirərək bir çox ölkələrin, o cümlədən Türkiyənin Avropa üçün hərbi və siyasi əhəmiyyətini itirməsinə yol açacağı ehtimal edilir.

 

Problemlər davam edir

İranla Qərb arasında əldə edilən son razılıq nə qədər uğurlu hesab edilsə də, tərəflər arasında  həllini gözləyən problemlər kifayət qədərdir. Bu baxımdan Yəməndə baş verən son hadisələr və adı çəkilən ölkəyə münasibətdə ABŞ-ın Səudiyyə Ərəbistanını dəstəkləməsi Tehranda açıq şəkildə əsəbiliklə qarşılanır. Tehran bunu Qərbin bölgədə İrana qarşı yeni cəbhə açması kimi dəyərləndirir. Buna paralel olaraq İran Qərb tərəfindən tətbiq edilən sanksiyaların ləğvini tələb edir və bu olmadan aprelin 1-də tərəflər arasında imzalanan anlaşmanın reallaşmayacağını bəyan edir. Bunu Türkiyə prezidenti Ərdoğanın Tehrana səfəri zamanı İran rəhbərliyi ilə keçirdiyi görüşündə prezident Ruhaninin verdiyi açqlamalar da sübut edir. Altılıq ölkələri ilə imzalanan anlaşmanı müsbət qiyəmətləndirən Ruhani: “Anlaşmanın reallaşması ilk növbədə ölkəmizə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından asılı olacaq”,-deyib.

Bütün bunlar isə Qərbi İrana münasibətdə onun maralqarını nəzərə aldığını göstərən addımlar atmağa məcbur etməkdədir. Bu da öz növbəsində Qərbin Yəməndə İran tərəfindən dəstəklənən husilərin ölkəni tam şəkildə ələ keçirməsinə göz yumması ilə müşahidə olunmaqdadır. Əgər bir müddət əvvəl ABŞ Yəmənə Səudiyyə Ərəbistanın quru əməliyyatını dəstəkləyirdiə, hazırda bu məsələdə susmağa üstünlük verir. Belə ehtimal edilir ki, Səudiyyə Ərəbistanın Yəməndə quru əməliyyatına başlamaqda tərəddüd etməsi məhz Vaşinqtondan arzu edilən səviyyədə dəstək ala bilməməsi ilə bağlıdır. Belə başa düşmək olar ki, müyyən dövr üçün Qərb İranın bölgədəki siyasi maraqlarını təmin etməsinə göz yumaraq buna mane olmayacaq. Hər halda Obama rejiminin İsrailin narazılığına məhəl qoymadan İranın güclənməsinə yol açan yeni siyasəti həyata keçirməkdə davam etməsi, Vaşinqtonun bölgədə Tehranı aparıcı siyasi güc kimi qəbul etdiyini bir daha  sübut etməkdədir…

Əziz Mustafa