Qənirə Paşayeva:”Nə yaxşı ki, vaxtında getdin televiziyadan” dedim öz-özümə”

384

“Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır”. Bu fikirləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində paylaşıb. Millət vəkili daha sonra bildirib: “Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı: “Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın” və bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənin üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb “növbəti dəfə nə yaxşı ki, vaxtında getdin televiziyadan” dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verilişlərini xatırlayıb indiki ən reytinqli verilişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez “Qənirə xanım niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlmisiniz” deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, onu efirə çağırmayın deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görünməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək “vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək” deyir. Mən də uşaqlara narahat olmasın, mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də, verilişlərində də görünməsəm yaxşıdır” deyirəm. İnsanlar da deyir gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə… Allah böyüyən balalarımıza özü kömək olsun”.