Qənaət ehtiyacı zərurət səviyyəsinə endirməkdir

417

”Ehtiyaclarını düzgün sıralaya bilməmək də israfın bir variantıdır. Təsəvvür edin ki, maaşla dolanan bir ailə bahalı bir restoranda övladına toy edir”.

İnsanların üzləşdikləri maddi problemlərin bir səbəbi də ehtiyacların düzgün sıralana bilməməsidir. Yəni hər kəs “ayağını yorğanına görə uzatmalıdır”. Amma bir çox hallarda müxtəlif səbəblərdən bu, mümkün olmur. Ümumiyyətlə, ailə büdcəsinin planlaşdırılması məsələsi ölkəmizdə hələ ki tam oturuşmayıb. Halbuki dünyanın bir çox ölkələrində artıq bu, ənənə halını alıb. Mətbuatın yazdığına görə, inkişaf etmiş ölkələrdə əksər ailələr öz büdcələrini planlaşdırırlar. Məsələn, Böyük Britaniyada ailələrin, təxminən, 90 faizinin ailə büdcəsini tərtib etdiyi bildirilir.

Bəzi ölkələrdə isə qənaət edilməsi məsələsi barədə əhaliyə hətta dövlət rəsmiləri tərəfindən də xəbərdarlıq edilir. Məsələn, bir müddət əvvəl Braziliyanın Prezidenti Dilma Rusef ölkə əhalisini “kəmərləri sıxmağa” çağırmışdı. Prezident ölkədə maliyyə sektorunun bərpa olunması üçün insanları belə bir sərt qənaət rejiminə keçməyə səsləmişdi: “Bu proses ölkəmizin iqtisadiyyatını balanslaşdırmaq üçün nə qədər lazımdırsa, o qədər davam edəcək”.

Bundan başqa, Qırğızıstanın Baş Naziri də əhalini elektrik enerjisinə qənaət etməyə və kömür ehtiyatı yığmağa çağırmışdı…

Tarixin hər mərhələsində həyat standartı yüksək olmur

Bəs ailə büdcəsinin planlaşdırılmaması, tərtib edilməməsi nə ilə nəticələnir? Əvvəlcə, ondan başlayaq ki, qənaət ehtiyacları düzgün sıralaya bilməkdən başlayır. “Ailəm” jurnalının redaktoru Aydın Ucal deyir ki, ehtiyacları düzgün sıralaya bilmək, yəni hansı problemi irəli, hansı problemi geri ala bilmək çox böyük məharətdir: “Etiraf edək ki, bu sahədə xeyli problemlərimiz mövcuddur. Tarixin hər mərhələsində həyat standartı yüksək olmur, bəzən yaxşı olur, bəzən pis. Ancaq ehtiyaclarını düzgün sıralayan ailə həmişə bir çıxış yolu tapır. Əmin olun ki, bir çox ailənin yoxsulluğuna səbəb israf və ya ehtiyaclarını düzgün sıralaya bilməməkdir. Çünki əslində ehtiyaclarını düzgün sıralaya bilməmək də israfın bir variantıdır. Təsəvvür edin ki, maaşla dolanan bir ailə bahalı bir restoranda övladına toy edir. Ancaq bu ailə uzun illər belini dikəldə bilmir. Niyə? – Çünki necə deyərlər, toyda yığdığını qaytarmaqla məşğuldur. Allah (c.c.) insana ağıl verib, iradə verib və buyurur ki, ağılla qərar qəbul etməyənin başına göydən bəla yağmur kimi yağar. Daha bir söz demirik, hər kəs ətrafına baxsın və hansı ehtiyacının hansı sırada olduğunu görsün”.

Ehtiyaclarını düzgün sıralaya bilməyən ailələr kreditə əl atırlar

Yəqin razılaşarsınız ki, ehtiyaclarını düzgün sıralaya bilməyən ailələr kreditə əl atırlar. Halbuki borca götürdüyünüz o pulun üstündə nə qədər əlavə faiz ödəyirsiniz. Kredit götürərkən ailənizin xərclərini də nəzərə almalısınız. İqtisadçılar bu fikirdədirlər ki, kredit ödənişi ailənin gəlirinin 20-25 faizini aşmamalıdır. Əks təqdirdə, daha da pis duruma düşə bilərsiniz.

Bu günlərdə mətbuatda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Elçin Əliyevin bu mövzuda bir yazısına rast gəldim. E. Əliyev yazır: “Maddi problemlərin qarşısını almaq üçün ailə büdcəsinin planlaşdırılması şərtdir. Ailə büdcəsi ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas və başlıca mənbəyidir. Əgər ailədə büdcə planlaşdırılmırsa, gəlirlər kortəbii şəkildə xərclərə yönəldilirsə, ailədə qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, ailənin xərclərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ailələrin borclanmasına və ya qarşılaşdığı hər hansı maddi çətinlikdə kredit üçün banklara müraciət etməsinə gətirib çıxarır. Mənfi cəhətlərdən biri də ondan ibarətdir ki, ailələrin böyük bir qismi götürdükləri kreditləri öz gəlirlərinə daxil edirlər. Bu cür yanlış yönləndirmə gələcək aylar ərzində ailələrin xərclərinin artımında özünü büruzə verir. Belə ki, alınmış kreditlər, sadəcə, istifadə edildiyi başlanğıc anında ailə daxilində istehlakı canlandırır. Növbəti ayda kredit üzrə geri ödənişlər başlandığı andan etibarən isə ailədaxili xərcləri artırır və alıcılıq qabiliyyətini aşağı salır. Ailə büdcəsini planlaşdırmaq, ailə üzvlərinin əldə etdiyi gəlirlər və edilən xərcləri müəyyənləşdirmək, bu prosesi hər ay mütəmadi şəkildə davam etdirməklə ailələr qarşılaşa biləcəkləri maddi problemlərin öhdəsindən gələ bilər və əsassız borclanmalara yol verməzlər”.

Dinimizdə də qənaət və israf məsələlərinə çox ciddi önəm verilir. Rəsulullah (s.ə.s.) buyurur: Qiyamətdə hər kəs bu dörd suala cavab vermədən hesabdan qurtula bilməyəcək:

– Ömrünü necə keçirdi?

– Öyrəndiyi elm üzrə yaşaya bildimi?

– Malını haradan, necə qazandı və haralara xərclədi?

– Bədənini hansı işlərdə yordu, əldən saldı?

“Az yemək, az yatmaq, az danışmaq”- Peyğəmbərimizin (s.ə.s.) bizə qızıl tövsiyələrindən biridir.

Qənaət dünyaya olan ehtiyacı minimuma, zərurət səviyyəsinə endirməkdir.

Ailə büdcəsi planlaşdırılmırsa, qənaət yada düşmürsə…

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə ailələrimizdə ərzaq məhsullarına az qənaət edildiyini söyləyir. Onun sözlərinə görə, region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə xeyli geri qalır. Onun sözlərinə görə, qida məhsullarına, ərzaq məhsullarına qənaət etməklə ailə büdcəsində müsbət mənada dəyişiklik etmək olar. Ailə büdcəsinin planlaşdırılmasına gəlincə, Vüqar Bayramov bildirir ki, Azərbaycanda mətbuatda dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, az ailələr büdcələrini tərtib edirlər: “Ailə büdcəsinə mənfi təsir edən hallardan biri də gündəlik alış-veriş etməkdir. Təcrübə və araşdırmalar göstərir ki, həftəlik, aylıq alış-veriş qənaət baxımından daha münasibdir. Müəyyən qisim ailələr var ki, büdcəyə daxil olan maaşı ayın əvvəlində xərcləyib bitirirlər. Bu isə bəzi hallarda sonradan borc götürmə ilə də nəticələnir. Maaş alınan günlərdə, doğrudan da, pul nisbətən çox olduğundan zəruri ehtiyac olmayan şeylərə belə pul xərclənir. Odur ki, bu məsələlərdə diqqətli olmaq vacibdir. Ailələr var ki, kifayət qədər gəlirləri var, amma yenə də öz ehtiyaclarını tam ödəyə bilmirlər. Ailə büdcəsi planlaşdırılmırsa, qənaət yada düşmürsə, israfçılıq baş alıb gedirsə, onda həmin ailənin aylıq gəliri lap yüksək də olsa, bir məna ifadə etməyəcək.

Nicat İntiqam