Qəlyanın su məhlulunun içinə uyuşdurucu xarakterli maddələr də atırlar ki…

435

“Bu gün gənclərimizi zəhərləyən və kütləvi şəkildə yayılan təhlükəli viruslardan biri də ayrı-ayrı çayxanalarda, kafelərdə, restoranlarda təklif olunan sulu qəlyanlardır. Xüsusilə də gənclərin orqanizmi üçün yeni xəstəliklərə rəvac verən qəlyan çəkmə vərdişinə alışdırmaq kimi məqsədyönlü fəaliyyət göstərən şəbəkənin də olduğunu açıqca söyləmək olar”. Bunu millət vəkili Fazil Mustafa bildirib.
Deputat: “Aldığım məlumatlara görə bir çox hallarda bu qəlyanın su məhlulunun içinə uyuşdurucu xarakterli maddələr də atırlar ki, hər zaman yeniyetmələrdə tələbat yaransın və gəlib alıcı kimi pul xərcləsinlər. Əlbəttə, kiminsə biznes fəaliyyətinə qətiyyən qarışmaq niyyətimiz yoxdur, çayınızı verin, yeməyinizi verin, xidmətinizi göstərin, pulunuzu qazanın! Allah gəlirlərinizi min qat artıq etsin! İcarə götürdüyünüz obyektlərin sahiblərinin yanında da heç vaxt üzü-qara olmayasınız! Ancaq bu yeniyetmələri, gəncləri belə təhlükəli vərdişə yoluxdurmayın, haçansa və mütləq bunun fəsadı öz övladlarınızın, yaxınlarınızın başında da çatlayacaqdır. Bu, əslində bizim başlatdığımız etiraz kampaniyasıdır, fikrimcə, hamımız üçün ilk addım öz yaxınlarımızı, tanışlarımızı qəlyan çəkilən yerlərdən uzaq tutmaq olmalıdır”,-deyə qeyd edib.