Qəlblərdə yaşayan Qarabağ

728

Zaman-zaman yadellilərin göz dikdiyi, tarixin ayrı-ayrı məqamlarında bədnam qonşularımızın yuxusunu qaçıran Qarabağ bölgəsi ilə bağlı son otuz ilə yaxın baş verən olaylar təkcə soydaşlarımızın deyil, bütövlükdə türkdilli xalqların da nisgilinə, ortaq dərdinə çevrilmişdir. Artıq çoxdan bəri Qarabağla bağlı türkdilli xalqların ədəbiyyatında da yer alan yüzlərlə poetik nümunələr, çeşidli nəsr əsərləri mövcuddur və ağrı-acılı bu mövzu əsrlər boyu əzəli torpaqlarımıza göz dikən ermənilərin məkrli addımlarını dünya ictimaiyyətinə tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb etməkdədir.
Yeri gəlmişkən deyək ki, türk dünyasının ayrı-ayrı coğrafi məkanlarında yaşayıb yaradan gənc yazarların Qarabağ mövzusunda qələmə aldıqları poetik nümunələri Azərbaycan oxucusuna təqdim etmək baxımından Dünya Gənc Türk Yazarlar Birliyinin xəttiylə ölkəmizdə reallaşdırılan layihələr böyük əhəmiyyət kəsb edir. Məhz elə bu baxımdan da yuxarıda adı çəkilən beynəlxalq qurumun – DGTYB-nin  şəhərimizdəki Gənclər Evində keçirilən tədbirdə oxucuların diqqətinə təqdim olunan “Qəlbdəki və qələmdəki Qarabağ” və “Şeir çələngi” kitabları da bu istiqamətdə atılan ən uğurlu addımlardan hesab edilə bilər.
Tədbiri giriş sözüylə açan 87 saylı Kəlbəcər rayon tam orta məktəbinin direktoru, şair Elşən Əzim, özünün də təmsilçisi olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin önəmli fəaliyyətindən, qurumun Məsləhət Şurasının sədri Əkbər Qoşalının ayrı-ayrı türk məmləkətlərində yaşayan yazarları tanıtmaq baxımından gördüyü əməli işlərdən və sözügedən hər iki nəşrin gərəkli olmağından danışdı.
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının rəhbəri Əkbər Qoşalı ötən yüzilliyin sonlarından fəaliyyət göstərən DGTYB-nin indiyə qədər türkdilli ölkələrdə yaşayan istedadlı gənclərin ədəbi yaradıcılığının təbliğində mühüm rol oynadığını qeyd etməklə, təqdim olunan hər iki kitabın bu istəklə nəşr edildiyini bildirdi.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə “Qəlbdəki və qələmdəki Qarabağ” və “Şeir çələngi” almanaxlarında şeirləri dərc olunan gənc soydaşlarımızın,- o cümlədən gənc türk, özbək, qırğız, türkmən, tatar və kərkük… əsilli söz adamlarının Qarabağa, bütövlükdə isə ölkəmizə yönəlik diqqətlərini yüksək qiymətləndirdi.
“Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov qardaş türkdilli xalqların ədəbiyyatlarından nümunələri əks etdirən hər iki kitabın oxucular üçün gərəkli olduğunu qeyd edib, bu işdə zəhmət sərf edənlərə minnətdarlığını bildirdi.
Şəhər İcra Hakimiyyətinin 1 saylı Sahə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Rizvan Mikayıllı hər iki nəşrin gərəkli olduğundan bəhs edərək dedi: “Kitabla tanış olarkən görürük ki, bizimlə yanaşı ayrı-ayrı türkdilli ölkələrdə yaşayan yazarlar da illərdən bəri cənnət timsallı torpaqlarımızı qanlı caynaqlarına keçirən ermənilərin məkrli niyyətlərindən yaxşı halıdırlar və bu əlaməti onların qələmə aldıqları yazılardan açıq-aşkar hiss etmək olar.
ekbb

Tədbirə qatılan ədəbiyyatsevərlərdən Zahid Qasımlı, Nəsib Süleymanov, Yusif Ələkbərov, Ehtiram Sadıqzadə, Ramal İsmayılzadə, Aşıq Hikmət “Qəlbdəki və qələmdəki Qarabağ” və gənc şair İntiqam Yaşarın tərtib etdiyi “Şeir çələngi”ni uğurlu nəşr adlandırmaqla hər iki almanaxın oxucuların yaddaşında dərin iz salacağını əminlik hissi ilə söylədilər.
DGTYB-nin tədbirlərində fəal iştirakına görə şair Elşən Əzimə qurumun fəxri fərmanı təqdim ediləndən sonra Əkbər Qoşalı təqdimatı keçirilən almanaxlar barədə ürəklə danışanlara, şəhər İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirdi.
Esmira Hidayətova.