Qələbənin 70 ili tamam oldu

464
Faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə Azərbaycan müdafiə nazirinin təbirik mətni yayılıb.
 Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Vətən müharibəsi veteranlarını 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səmimi salamlarını çatdırıb: “Siz Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş, qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmisiniz. İndi sizin sinənizi ölkənin ən yüksək orden və medalları bəzəyir. Harada, hansı cəbhədə vuruşmağınızdan asılı olmayaraq azərbaycanlı olduğunuzu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmisiniz.

Qələbənin 70 illiyi ərəfəsində mən bir daha ömrü yarıyolda qırılan, müharibədə həlak olan silahdaşlarınızı hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirəm.

Əziz veteranlarımız, siz Böyük Vətən müharibəsi veteranlarının sonuncu mogikanlarısınız və yaşınızın 90-ı çoxdan haqlamasına baxmayaraq, ixtiyar çağınızda da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində səylərinizi əsirgəmirsiniz”.

Nazir qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev veteranların xidmətlərini həmişə yüksək qiymətləndirib, onları xalqımızın qızıl fondu adlandırıb: “Siz daim ölkə rəhbərliyinin, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmusunuz.

Arzu edirəm ki, bundan sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşayasınız. Qələbə gününü gördüyünüz kimi, nəvə-nəticələrinizin Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də sizlərə qismət olsun!”

 

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 70 il keçir.

 

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

 

Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

 

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

 

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.