Qəhrəman can verər yurdu yaşatmaq üçün

0
183

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmadılar, eyni zamanda Vətənin bölünməzliyinə imza atdılar. Belə oğullardan biri də əslən şuşalı olan Mingəçevirdə doğulub boya-başa çatan Hüseynov Əzəmi Əli oğludur.

Əzəmi Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevirdə anadan olub. 2010 cu ildə 14 nomrəli tam orta məktəbin 11-çi sinif məzunu olub. Həmin ili  Mingecevir MDU (Politexnik İnstitutunun) Energetika fakultəsinə qəbul olunub. 2014-cü ildə institutu bitirib hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti başa vurandan sonra 2016-cı ildə Zaqatalada və Mingəçevirdə davam etdirib.

İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarına qatılıb. Suqovuşan uğrunda gedın döyüşlərdə  yaralı yoldaşlarını döyüş zonasından çıxararkən snayper gülləsinə tuş gəlib və şəhid olub.

Şəhidimizin anası Sayad xanım bizimlə söhbətində oğlu ilə qürur duyduğunu dedi: ”Oğlum şəhid olmazdan bir gün əvvəl mənimlə telefonla danışdı. Dedi, ana, narahat olma, hər şey yaxşıdır. Məni ürəkləndirdi. Amma bilməzdim ki, bu onun son danışığı idi. Əslimiz şuşalıdır. Mənə deyərdi ki, ana, məni bu qədər çox istəmə, mən vətənin balasıyam, bir şuşalı balası kimi torpaqlarımızı azad edəcəyəm, Şuşaya bayrağımızı sancacağam”.

Sayad ananın söhbətini dinlədikcə düşündüm ki, nəinki şəhidləri, şəhidlik zirvəsinə yuksəlmiş oğul yetişdirən anaları da unutmaq olmaz. Onun  gözlərində bir qürur, bir oğul həsrəti sezilirdi. O,oğlunun şəkillərini göstərib haqqında qürurla danışırdı. Belə anaların ziyarətinə getmək ən azından bizim vətəndaşlıq borcumuzdur.

Əzəmi 3 bacının bir qardaşı idi. Böyük bacısı Elnarə xanım bizimlə həmsöhbət edərkən bildirdi ki, həmişə fəxr etmişəm ki, Əzəmi mənim qardaşımdır: ”Həmişə mənimlə dərdləşərdi. Mənə ürək-dirək verərdi. Döyüş bölgəsinə yollananda dedi ki, bacı, ürəkli ol, mən gedirəm, müharibədir hər şey ola bilər. Şəhid olsam anamdan muğayat ol. Onu da bildirim ki, qardaşım namaz əhli idi.  Özü də çox sadə oğlan olub. Hətta toyunda gəlin maşınını bəzəməyə qoymadı. Dedi ki, ancaq bayraq ola bilər. Həmin bayrağı mən saxlamışam. Mənə söz vermişdi ki, həmin bayrağı saxla, Şuşa alınanda aparıb oradakı evimizə asarıq. Bu onun ən böyük arzusu idi. 3 il həmin bayrağı saxladım. Amma bayrağı onun son mənzilinə gətirməli oldum. Dedim, qardaş, məni bağışla əmanətini bura gətirdim. Qardaşımla bağlı xatirələrim çoxdur. Deyirdi ki, uşaqlarınızı idmançı, bir də hərbiçi kimi görün. Qardaşımız  and yerimiz idi. Qardaşıma vətənpərvərlik Böyük Vətən müharibəsi iştirakçısı olan babam Qara Hüseynovdan keçmişdi deyərdim”.

Bacılar qardaşları haqqında danışarkən onun əsgər yoldaşlarına qan verdiyini də bildirdilər: ”Təsəllimizi həm torpaqlarımızın azad olunmasından, həm də qardaşımızın qanı əsgər yoldaşlarının damarlarında axdığından alırıq. 3 bacı 3 qardaş idik. Amma onlar həyatda qalmayıb. 1992 ci ildə  Şuşadan Mingəçevirə məcburi köçkün gəldik. İki aydan sonar Əzəmi dünyaya gəldi. Əzəmi olanda ona iki ay ad qoymadıq ki, bu da qalmayacaq. İki aydan sonra ona Qurandan götürülmüş Əzəmi adı verdik. Əzəmi ölmədi   bu gün üçün yaşayıbmış. Əzəmi uşaqlıqdan qəhrəman idi ki, ölmədi, yaşamaq uğrunda savaşdı. Son mənzilə aparılarkən çöhrəsinə son dəfə baxdım. Sanki gülürdü, dedim, qardaş, arzuna çatmısan“.

Elnarə xanım daha sonra dedi ki, qardaşım sevgiyə də, əhdinə də vəfalı olub. Sevdiyi qızı hələ orta məktəbdə oxuyanda istəmişdi. Onlar institutuda birgə bitirib ailə həyatı qurdular.

Minayə xanım həyat yoldaşı Əzəminin son mesajından söz açdı  və  ömrünün axırına qədər onun yazdıqlarını  unutmayacağını bildirdi: ”İnsan böyüyər beşikdə məzarda yatmaq üçün, qəhrəman can verər yurdu yaşatmaq üçün”. Bir gün şəhid olsam, başını dik tut, mənimlə fəxr elə”.

Bacıların ən böyük arzusu Şuşaya qayıtdıqdan sonra bir zamanlar valideynlərinin yaşadığları küçəyə  Əzəminin adının verilməsidir.

Biz də şəhid analarına, bacılarına demək istərdik ki, şəhidlər ölmür, şəhidlər unudulmur. Onlar uğrunda şəhid olduqları bu torpağa, bu elə, bu obaya adlarını öz qanları ilə yazıblar. Bu torpaq şəhid qanları ilə müqəddəsləşib. Allah şəhidlərimizə rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir