Qədim yurd yerimiz Dərbənd: tarixlərin şahidi şəhər

Bu şəhərin yaşı bilinmir. Arxeoloqlar və tanınmış tədqiqatçı tarixçilərdən bəziləri onun 3 min, bəziləri isə 5 min yaşı olduğunu söyləyirlər.
 Amma bu qədim türk yurdunda – Dəmirqapı Dərbənddə aparılan son qazıntı işləri onun eramızdan  4-5 min il əvvəl salındığını göstərir. Təsadüfi deyil ki, “Kitab-i Dədə Qorqud”da Dəmirqapı Dərbəndin də adı çəkilir. Dərbəndin qədim türk yurdu, qədim türk mədəniyyət mərkəzlərindən biri olması əksər tarixçilər tərəfindən sübuta yetirilib. Eramızın ilk yüzilliklərində Dədə Qorqud bu ulu yurd yerində at oynatmış, hündürboylu türk alp ərənlərin qəhrəmanlıqlarına söz qoşmuş, qopuzu ilə onları öymüş, tərifləmiş, onlara göstərdikləri igidliklərə uyğun da ad vermişdi. Tanınmış tədqiqatçıların bəzilərinin fikrincə, Dədə Qorqudun da qəbri Dərbənd şəhərindədir.

Məşhur alman səyyahı Adam Oleari (17-ci əsr), türk səyyahı Evliya Çələbi və başqaları Dədə Qorqudun qəbrinin Dərbənddə olduğunu bildirmişlər. “Dərbəndnamə” adlı tarixi əsərdə də bununla bağlı məlumat verilib. Tarix elmləri doktoru, professor Yaqub Mahmudovun sözlərinə görə, təkcə bu iki fakt (Dədə Qorqudun qəbrinin Dərbənddə olması və “Kitab-i Dədə Qorqud”da Dərbəndin adının ulu yurd yerləri arasında tez-tez çəkilməsi) Dərbəndin eramızdan min illər əvvəl qədim türk mədənyyətinin mərkəzlərindən biri olduğunu söyləməyə imkan verir. Yeri gəlmişkən, onu da deyək ki, bir vaxtlar bu şəhər Azərbaycanda dillər əzbəri, qəhrəmanlıq rəmzi idi. Koroğlu dastanında Koroğlunun “Dərbənd səfəri” adlı bir qol var. Bu qolda Dəmirqapı Dərbənd Azərbaycanın ana şəhərlərindən biri kimi şirin bir dillə, sevilə-sevilə tərənnüm edilir. Ümumiyyətlə götürdükdə isə, vaxtilə Dərbənd Azərbaycanın qapısı hesab edilib. Buna da səbəb Dərbəndin olduqca əlverişli bir coğrafi mövqedə yerləşməsi olub. Dərbənd şimalda Azərbaycanın giriş qapısı idi. Xəzər dənizinin

sahilində yerləşən bu şəhər həm də Azərbaycanın Şimali Qafqaza, Volqa boyuna, Avropaya və Türküstana (Orta Asiyaya) açılan qapısı rolunu oynayırdı. Dərbəndin adı ilk dəfə eramızdan əvvəl  6-cı əsrdə yunan coğrafiyaşünasları Qekatey və Miletski tərəfindən çəkilib.  Farslar bu şəhəri Darbənd (qapı), Azərbaycan türkləri isə Dəmirqapı Dərbənd və ya sadəcə olaraq, Dərbənd adlandırıblar. Böyük İpək Yolunun üzərində yerləşən Dərbənd həm də böyük ticarət mərkəzi kimi qədim və orta əsrlərdə Yaxın Şərqdə geniş şöhrət qazanmışdı. Strateji bir ərazidə yerləşdiyindən dəfələrlə Dərbənd şimaldan alanların, cənubdan isə farsların dağıdıcı hücumlarına məruz qalıb. Amma hər dəfə də şəhər yenidən dirçələrək ayağa qalxmağı bacarıb. Azərbaycan Albaniyası dövründə Dərbənd bu dövlətin ana şəhərlərindən birinə çevrilmişdi.

714-cü ildə ərəb sərkərdəsi Həbib ibn Məsləmə Dərbəndi ələ keçirdi. Nəticədə Dərbənddə islam sürətlə yayıldı. Orta  əsrlərdə və ondan sonrakı dövrlərdə Dərbənd Azərbaycanın ana şəhərlərindən biri olaraq qalmışdı. Rusiyanın Dərbəndi işğal etməsindən sonra (əvvəlcə 1722, sonra 1813-cü ildə) da bu şəhər Azərbaycanın adi şəhərlərindən biri kimi qalmışdı. Yalnız ötən əsrin 30-cu illərinin sonlarında Stalinin göstərişi ilə Dərbənd Azərbaycandan alınaraq Rusiyanın tərkibinə verildi. Buna baxmayaraq, Dərbənd bu gün də azərbaycanlılara aid olan əsas xüsusiyyətlərini saxlaya bilib. Son siyahıyaalmaya görə, Dərbənddə 130 min nəfər yaşayır.

Əhalinin 35 faizini (qeyri-rəsmi məlumatlara görə isə, 45-55 faizini) azərbaycanlılar təşkil edirlər. Son dövrlərdə Dərbəndə ləzgilərin kütləvi şəkildə axın etməsi onların sayının artmasına səbəb olub. Hazırda Dərbənddə yaşayanların 25 faizini ləzgilər, 20 faizini isə tabasaranlılar təşkil edirlər. Dərbənd qədim abidələrlə zəngindir. Şəhərdə V əsrə aid edilən qədim Dərbənd qalası, Narınqala və dənizə doğru uzanan qədim qoşa divarlar görənləri indi də heyrətləndirməkdə davam edir. Dərbənddə həmçinin 8-14-cü əsrlərə aid edlən Cümə məscidi, mədrəsə (15-19-cu əsrlər) minarəli məscid (14-19-cu əsrlər) Şah Abbas məscidi, Qırxlar məscidi (17-ci əsr) Sultan Bəyazid hamamı (17-18-ci əsrlər) Xan məqbərəsi (18-ci əsr), yeraltı su anbarı (8-17-ci əsrlər) var. Bu qədim abidələr Dərbəndin keçmiş şöhrətindən xəbər verir. Bir sözlə, Bakıdan 3-4 saatlıq məsafədə yerləşən və həsrətimizin bir parçası olan Dərbənd bu  gün inamla sabaha doğru addımlayır. Yolun açıq olsun, qədim yurd yerimiz, anasından ayrı düşərək ürəyi şan-şan olan ana şəhərimiz.

Əziz Mustafa