“Qədim xalçalardan olsa idi, çoxdan uçardı”

480

İndiki kimi yadımdadır. Uzun qış gecələrində nənəm mənə hər dəfə nağıl söyləndən sonra onu o ki var sorğu-suala tutardum: “Niyə qardaşları quyuya ip ilə düşmüş Məlikməmmədin ipini kəsdilər? Niyə o boyda divə qalib gələn qəhrəmanımız Cırtdan çırtdan boyda olub? Nənə, heç xalça da uçarmı?” Nənəm də hər gecə deyirdi ki, yat, böyü, sonra özün hər şeyi başa düşəcəksən: “Əsas məsələ, bala, yatmaqdadır, yatmasan, böyüməzsən”. Uzun sözün qısası, nənəmə o qədər bu kimi suallar ünvanlayardım ki…Nə gizlədim, nənəmin söylədiyi nağıllar arasında uçan xalça ilə bağlı nağıllar məni daha çox özünə cəlb edərdi. Yenə indiki kimi yadımdadır. Günlərin bir günü böyüməyimi gözləməyib evimizdəki çox qədim bir xalçanın üzərində oturub onu nənəmin mənə söylədiyi nağıllardakı kimi uçmağa məcbur etməyə başladım. Lakin nə qədər çalışdımsa, sehrli sözlərlə nə qədər dilə tutdumsa, onu “xoda” salıb göylərə qaldırıa bilmədim ki, bilmədim. Sözün düzü, məktəbə gedən günə kimi onun üzərində işlədim. Amma yenə də bir şey hasil olmadı. Bu xobbimi də hamıdan, hətta nənəmdən də gizli saxladım ki, kimsə məni bacarıqsızlıqda günahlandırmasın… Amma bütün səylərimə baxmayaraq, evdəkilər bundan xəbər tuta bildilər.

…Bu günlərdə yolum evimizə (xeyli vaxt idi ki, getməmişdim) düşəndə bir anlığa uşaqlıq illərimi yada saldım. Birdən bir zamanlar uçurmaq istədiyim xalcamız yadıma düşdü. Odur ki, onun üzərində oturub bir daha o illərə qayıtmaq istədim. Lakin o qədim xalçanı yerində tapa bilmədim. Təşvişimi başa düşən böyük bacım yarızarafat, yarıgerçək: “O uçub getdi” deyəndə sanki dünya gözlərimdə qaraldı. Əmimgilə (onlarda da bizdəkinə bənzər xalca vardı) cumdum ki, heç olmasa onların xalçalarının üzərində oturmaqla o illərimi xatırlayım, lakin burada da xalçanın uçduğunu söylədilər. Bütün kəndi ələk-vələk etsəm də, uşaqlıq illərimi yada salmağa bir qədim xalça tapa bilmədim. Uzun sözün qısası, onların söhbətlərindən belə məlum oldu ki, neçə il öncə kəndimizə gəlmiş bir qrup xarici qədim xalçaları (təkcə xalçalarımı?) dəyər-dəyməz qiymətə alıb aradan çıxıb. Elə bu səbəbdən də indi kəndimizdə qədim əl işlərindən əsər-əlamət qalmayıb. Onlara bələdçilik edən də elə “bizimkilər” olublar. (Elə tarixən başımıza oyunlar açanlar “bizimkilər” olmayıblarmı?)

Bəli, indiyədək respublikamızdan xarici ölkələrlə minlərlə xalca uçurulub. Lakin dünyanın heç bir ölkəsində onların Azərbaycana məxsusluğu barədə danışılmır. Qaçırılmış uşaqlar kimi, hər kəs onları öz dillərində danışdırmağa, onlara müxtəlif adlar verməyə çalışırlar. Bir sözlə, bizə addımbaşı müasirliyi təlqin edən qərblilər dünənimizi bu şəkildə də əlimizdən almaqdadırlar. Bədii dildə desək, sürətlə dünənindən uzaqlaşan qərb bu gün bizim dünənimizi özlərinəməxsus şəkildə, şou əhlinin dili ilə desək, oranjeman etməkdədir. Bu isə o deməkdir ki, qərbin bu gün yaşadığı mədəniyyəti biz elə dünən yaşamışıq.

… Kənddən qayıdanbaş avtobusun arxa çərgəsində oturmuş qoca bir qarının nəvəsinə uçan xalça ilə bağlı nağıl danışdığının şahidi oldum. Nağılın şirin yerində nəvə nənəsinin sözünü kəsərək: “Yaman gopa basırsan a… Heç xalca da uçarmı, ay nənə? Elə biri bizim evdəki xalca… heç yerindən tərpənmir” , – deyə dilləndi. Nənə: “Eh, ay bala, o xalça ya “belqiyski”, ya da “türesski”dir, bizim qədim xalçalardan olsa idi çoxdan uçardı”, – dedi.