Qəbula gələnlər nazirdən razı qaldılar

687

Təhsil naziri Ceyhun Bayramov  Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib.

Əvvəlcə təhsil naziri Ceyhun Bayramov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarının və Mingəçevir şəhər sakinləri ilə yanaşı, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Müraciətlər əsasən müəllimlərin işə qəbulu, iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Bərdə rayonu Səbinə Salahova bizimlə söhbətində deyib: “8 il Bərdə məktəbində ingilis dili müəlliməsi işləmişəm. Amma mənə məlum olmayan səbəblərdən qovluğumun içi dəyişdirilib. Yəni məni daimi işçi siyahısından çıxarıb, sənədlərimi müqavilə sənədləri ilə əvəz ediblər. İndi də işimə xitam verilib. Mən bütün bunları cənab nazirə danışdım. Çox sağ olsun nazir, məni çox gözəl qarşıladı. İnanıram ki, problemimi həllini tapacaq”.

Ağdam rayon sakini Abdullayeva Pərvanə isə Bərdə rayonunda müqavilə yolu ilə müəllim işlədiyni bildirib: ”Yaşadığım ərazidən 3 kəndi piyada keçib dərs dediyim məktəbə gedirəm. Bu mənə çox çətinlik yaradır. Həm də uşaqlarım azyaşlıdırlar, onlardan biri isə xəstədir. Üstəlik, aldığım məvacib də ancaq yol xərcimi ödəyir. İstəyirəm ki, məni yaşadığım Bərdə rayonunda dərslə təmin etsinlər. Onu da deyim ki, bu problemimlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. Bu gün cənab nazirə problemimlə bağlı müraciət etdim. Çox sağ olsunlar ki, o, problemimlə yaxından tanış oldu. Nazir mənim problemimin həll olunacağını bildirib. Sevincimin həddi-hududu yoxdur. Mənə bu sevinci yaşatdıqlarına görə Prezidentimizə, həmçinin cənab nazirə öz minnətdarlığımı bildirirəm”.

Esmira Hidayətova, Mingəçevir