Qəbul imtahanları: oxumaq qədər psixoloji hazırlıq da önəmlidir

759

Nicat İntiqam
Hər il ali məktəblərə qəbul imtahanı ərəfəsində həm abituriyentlərin, həm də onların valideynlərinin həyəcanı artır. Bu ərəfədə imtahanlara hazırlaşmaq qədər ona psixoloji hazır olmaq da çox vacibdir. Bəs abituriyenlər və onların valideynləri nələri bilməli və nələrə diqqət etməlidirlər? Mövzu ilə bağlı suallarımızı cavablandıran Qafqaz Universitetinin Abituriyent Mərkəzinin müdiri Adil Vəliyev bir neçə maraqlı məqama toxundu: “Mən imtahanları bir az da seriallara bənzədirəm. Əvvəla, hər sinfin dərsini vaxtında oxusan, ilin axırında daha rahat və daha məhsuldar olar imtahan verəcək şəxs üçün. Ancaq bunu da bilirik ki, belə bir şeyin olması o qədər asan deyil. Vaxtında oxumadığın dərslərinin üstündən keçsən, axırda təxminən belə bir vəziyyət alınır: 11 seriyalı bir seriala baxmalısan. Ancaq bunun ilk 10 bölümünə baxmadan, birbaşa 11-ci bölümə baxırsan. Yəni nəticə olaraq heç nə anlamırsan. Oxumağı seriala oxşatmaqda, məncə, yanılmıram. Çünki həyatda hər hansı bir yerə gəlmək, hər hansı bir nəticə əldə etmək istəyirsənsə, sözün məcazi mənasında, seriala 1-ci bölümdən baxmağa başlamalısan ki, məhz 11-ci bölümündə nə deyildiyini, nəticənin necə əldə edildiyini anlaya biləsən. İmtahanı heç vaxt dünyanın sonu, həyatının düyün nöqtəsi kimi düşünmək lazım deyil. Belə düşünmək üçün, məncə, bir səbəb yoxdur. Çünki belə imtahanlardan əslində 11-ci sinfə gəlib çıxana kimi abituriyentlər çox keçiblər”.
Yaşının sənə verdiyi gözəllikdən istifadə etmiş olursan
Abituriyent Mərkəzinin müdiri Adil Vəliyev dedi ki, bu məsələdə abituriyentin özünə güvənməsi də çox önəmli faktordur: “Abituriyent adını tələbə adı ilə əvəz edəcəyinə inanmalısan. Bu, digər imtahanlardan azca fərqlidir (çətin deyil). Fərqi isə bundan ibarətdir ki, məktəbi universitetə dəyişirsən. Bu qədər asan olan bir şeydən niyə qorxasan ki? Sənə 2 saat 30 dəqiqə vaxt verilir, ilk 45 və son 15 dəqiqədə sinif otağını tərk etmək olmaz və imtahan qaydalarını pozmaq olmaz deyilir. Həm adını (abituriyent), həm oxuduğun yeri (məktəbi) dəyişib, yaşının sənə verdiyi gözəllikdən istifadə etmiş olursan. Yəni burada bir çox abituriyentlərin düşündükləri kimi “dəhşətli” bir şey yoxdur”.
“Son günü beyninizin dincəlməyinə ayırın”
A. Vəliyevin sözlərinə görə, imtahandan əvvəlki son günü abituriyentlər beyinlərinin dincəlməyinə ayırmalıdırlar: “Rahat olun, bacardığınız qədər bol oksigen qəbul edə biləcəyiniz bir yerdə gününüzü keçirin ki, imtahana xoş aura ilə başlamağınıza kömək olsun. Çalışın ki, imtahan başlamazdan ən azı 40 dəqiqə əvvəl imtahan verəcəyiniz sinifdə olasınız ki, otaqdakı ab-havaya və sizinlə imtahana girəcək abituriyentlərlə münasibət quraraq, üzərinizdə olan və ya olacaq stresi ata biləsiniz (əgər varsa). Ancaq münasibəti elə qurmalısınız ki, imtahan vaxtı sizə heç bir maneə yaratmasın (kömək istəmək kimi)”.
Ekspertin sözlərinə görə, imtahan vaxtı görəcəyiniz, eşidəcəyiniz hər bir şey sizin əhvalınıza pis və ya yaxşı təsir edə bilər: “Bunun üçün imtahan verəcəyin gün ancaq ona köklənməlisiniz. İmtahan vaxtı karandaşdan – içəcəyiniz suya kimi hər bir şeyə diqqət etməlisiniz və bunları imkan varsa, 1 gün əvvəldən almalısınız. Geyiminizin, karandaşınızın açıq rəngli olmasına fikir verin. Çünki boğucu rəng sizin sıxılmağınıza şərait yarada bilər. İçəcəyiniz su isə adi, rəngsiz və tamsız olsa daha yaxşı olar”.
“Qohumlarınızı davaya gedirmiş kimi özünüzlə aparmağa ehtiyac yoxdur”
Qafqaz Universitetinin Abituriyent Mərkəzinin müdiri bir maraqlı məqama da toxundu: “İmtahana gedəndə qohumlarınızı davaya gedirmiş kimi yanınızda aparmağa heç ehtiyac yoxdur. Onlar sizə imtahan vaxtı kömək edə bilməyəcəklər və sizdəki özünəgüvən hissinə pis təsir edəcəklər. Hətta deyərdim ki, imtahan vaxtı “tez yazım, valideynlərim günün altında birtəhər olmasınlar” deyə düşünəcəksiniz. Halbuki buna ehtiyac yoxdur. Çünki beyninizi eyni vaxtda iki ayrı nüans üçün işlədəcəksinizsə, həm tez yorulacaqsınız, həm də bu günə kimi bildiklərinizi yorğunluq səbəbilə unudacaqsınız. Bundan başqa, həm də valideynlərinizin təşvişinə səbəb olacaqsınız. Odur ki, bunlardan uzaq olmaq lazımdır”.
Adil Vəliyev deyir ki, ən əsas məqamlardan biri də sual kitabçası paylananda seçilən qrupda abituriyentin ən yaxşı bildiyi fəndən yazmağa başlamasıdır: “Həm beynini yormadan, həm də daha həvəslə digər sualları yazmaqda bu üsul sizə kömək edəcək. Sual kitabçasını yazmağa başlayanda hər fənnə aid olan sualları bitirdikdə, onu vaxtında cavab kartınıza köçürsəniz, bu sizin üçün daha rahat olar. Bu halda sizin abituriyent dilində desək, “sürüşdürmək” şansınız minimuma enmiş olar. Son sözümü isə əziz valideynlərə demək istərdim: övladlarınızın bir az daha rahat olmaları və özünəgüvən hisslərinin yaranması üçün onlara nələri bacardıqlarını görmələrinə kömək edin”…