Qəbirstanlıqdan keçən yol

653

Ros İvan utancaq, balaca bir kişi idi – o qədər utancaq ki, kəndlilər onu “Göyərçin” adlandırır, “İvan Qroznı” (Qrxunc İvan – rus çarı) deyə ələ salırdılar. İvan hər axşam kənd qəbirstanlığının yanında olan meyxanəda dayanardı. O, qəbirstanlığın o biri tərəfində yerləşən  öz tənha daxmasına getmək üçün heç vaxt oradan keçməzdi. Qəbirstanlıqdan keçməyin ona çox vaxt qazandıra biləcəyi halda, o, heç vaxt, hətta tam ay işiğında belə oradan keçməmişdi.

Bir qış gecəsi, acı külək və qarın meyxanənı döyəclədiyi vaxt, müştərilər yenə öz rişxəndlərinə başladılar.

İvanın zəif etirazı onların iztehzalarını daha da gücləndirdi və onlar insafsızca lağ etdikləri zaman gənc bir kazak leytnant öz qorxulu şərti ilə onların mübahisəsini susdurdu.

– Sən göyərçinsən, İvan. Sən bu soyuqda bütün qəbirstanlığın ətrafını dolanırsan, lakin onun içərisindən keçməyə cəsarət eləmirsən.

İvan mızıldandı:

 – Qəbirstanlıqdan keçmək bir şey deyil, leytnant. O da bütün torpaqlar kimi adi torpaqdır.

Leytnant ucadan dedi:

 – Elə isə mərc tuturam! Bu gecə qəbirstanlıqdan keç, İvan, sənə beş rubl – beş qızıl rubl verirəm!

Bəlkə arağın təsirindən, bəlkə də beş qızıl rubl tamahından idi, heç kəs dəqiq bilmədi ki, İvan dodaqlarını nəmləndirərək niyə birdən:

– Oldu, leytnant. Mən qəbirstanlıqdan keçəcəyəm! – dedi.

Meyxanə inamsızlıq uğultusu liə əks səda verdi. Leytnant adamlara göz vurub, qılıncını belindən açdı.

– Buyur, İvan, qəbirstanlığın ortasına çatanda bu qılıncı ən böyük qəbirin qabağında yerə dikərsən. Səhər biz oraya gedəcəyik. Qılıncı dikilmiş görsək, beş qızıl rubl sənin!

İvan qılıncı götürdü. Hamı onun sağlığına badə qaldırıb:

– İvan Qroznının sağlığına! – dedilər. Meyxanə qəhqəhələrlə doldu.

Meyxanənin qapısını arxasınca örtəndə külək İvanın ərtafında uğuldadı. Soyuq bıçaq kimi kəsirdi. O, uzun paltosunun yaxasını düymələdi və torpaq yolu keçdi. O, hələ də leytenantın onun arxasınca hamıdan uca səslə qışqıraraq dediyi:

 – Beş rubl, göyərçin! Yaşasan! – sözlərini eşidirdi.

İvan qəbirstanlığın qapısıni itələyib açdı. O, sürətlə yeriyirdi. Torpaq, sadəcə torpaq…hər hansı bir torpaq kimi torpaq.

Lakin qaranlığın zəhmi çox ağr idi; beş qızıl rubl…

Külək zalım, əlindəki qılınc da buz kimi idi. İvan uzun, qalın paltosunun içərisində titrədi və axsaq adam kimi qaçmağa başladı. O, məzarı tanıdı. Bəlkə də ağlayırdı – bunu külək gizləyirdi. O, üşüyərək və qorxmuş halda dizləri üstünə oturdu və qılıncı bərk torpağa sancdı. Yumruğu ilə onu qəbzəsinə qədər batırdı. İş bitmişdi. Qəbirstanılq…mərc…beş qızıl rubl.

İvan dizləri üstündən qalxmaq istədi. Lakin tərpənə bilmədi. Onu nə isə tutub saxlayırdı. Naməlum, tükənməz və müdhiş bir qüvvə buraxmırdı onu. Dəhşətli qorxudan sarsılmış İvan təlaş içərisində var qüvvəsi ilə dartındı, özünü çəkdi, xilas olmağa çalışdı. Ancaq onu nə isə tutub saxlayırdı. O, qorxu içərisində qışqırdı, sonra mənasız qığıltılı səslər çıxardı.

Səhər İvanı qəbirstanlığın ortasındakı məzarın qarşısında yerə düşmüş halda tapdılar. Üzü donub ölmüş adamınkından daha çox hansısa naməlum bir qorxudan ölmüş adamın üzünə oxşayırdı.

Leytnantın qılıncı da İvanın uzun paltosunun yerə sərilmiş ətəklərinin üstündən var qüvvəsi ilə vurduğu yerdə idi.

Amerika yazıçıs Leo Kalvin Rostenin (1908-1997) əsərini ingiliscədən tərcümə edən: Rahib Alpanlı