Qəbələnin dumanı, Mendinin gümanı

Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qəbələ” öz aktivinə üç xal yazmaq niyyətində idi. Bununla da öz azarkeşlərinə AZAL və “Simurq”dan aldığı yaralara məlhəm qoymaq istəyirdi. Lakin, necə deyərlər sən saydığını say, gör fələk nələr sayır. Yəni bu turda öz meydançasında “Neftçi” ilə qarşılaşan Qəbələ 1:3 hesabı ilə uduzdu. Yox, mən bu məğlubiyyət görə “Qəbələ”nin baş məşqçisi Roman Qriqoçuk kimi komandanın oyunçularını qınamaq fikrində deyiləm. Çünki əvvəla, belə bir səlahiyyət sahibi deyiləm. İkincisi də, yanlışlıqlara yol verəcəyimdən qorxuram. Amma bu yerdə çox hörmətli Roman müəllim Qriqorçukun 5-6 gün öncə ötən məğlubiyyətlə bağlı söylədiyi bir fikri ilə yazımı davam etdirmək niyyətindəyəm. Bəli, həmən bu baş məşqçi onda demişdi: “Ay “Qəbələ”sevərlər, düşünürəm ki, ardıçıl iki oyunda məğlubiyyət normaldır. Amma bu dəfə o nədənsə ardıcıl üçüncü məğlubiyyətin nə olduğunu əsla açıqlamadı. (Məlumat üçün bildirək ki, “Qəbələ” qış fasiləsindən sonra keçirdiyi 4 oyunun 3-də məğlub olub). Bununla həm futbolsevərləri intizarda qoydu, həm də “atalar üçdən deyiblər” misalımıza xələl gətirmiş oldu. Bununla bağlı həmin cənaba öz etirazımı bildirmək istədim. Amma son anda fikrimdən vaz keçdim. Çünki dost-tanışdan öyrəndim ki, sən demə, onun məmləkətindəki atalar həmişə ikidən deyiblərmiş. Əgər belə bir məlumat almasaydım, Roman müəllimin külünü göyə sovuracaqdım. Deyəsən, beynim yenə dumanlandı axı…

Duman demişkən, sən demə, “Qəbələ” hesabda irəlidə olarkən, birdən-birə, daha doğrusu, oyunun ikinci hissəsində duman gəlib. Bu da son anda “Qəbələ”ni pəjmürdə edib. Bəzi açıqlamalarda həmin dumanın “Neftçi” tərəfindən Qəbələyə gətirilməsi (bu “Neftçi”dən nə desən gözləmək olar) söylənilir. Deyirlər, od olmayan yerdən tüstü çıxmaz. Sizi bilmirəm, amma mən bu deyimdə bir həqiqət görürəm. Belə fikrə gəlməyim də əbəs deyil. Yəni dumanın məhz Qəbələyə “Neftçi”nin sifarişi ilə gəlməsi məndə əsla şübhə doğurmur. Buna faktlarım da var. Əldə etdiyim məlumata görə, həmin gün Qəbələdən başqa məmləkətimizin digər bölgələrində duman görünməyib. Üstəlik, həmin gün oyuna qədər Qəbələ şəhərində günəşli hava hökm sürüb. Digər faktım: “Neftçi”nin baş məşqçisi Arif Əsədov matçdan sonra görün nə deyib? Deyib ki, “Qəbələ” oyuna çox yaxşı başladı: “Amma sonradan (şübhəsiz ki, duman gələndən sonra demək istəyib – Q.M) komandam oyunu düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı”. Bir sözlə, bu kişi də, obrazlı şəkildə desək, “Neftçi”nin “Qəbələ”ni məhz dumanda boğduğunu dolayısı ilə etiraf edib.

Eşitdiyimə görə, “Qəbələ”nin bir oyunçusu, səhv etmirəmsə, Viktor Mendi komandasının xeyrinə bu dumandan yararlanmaq istəyib. Yəni dumana bürünüb özünü yalandan yerə yıxıb ki, heç olmasa bir penalti qazansın. (Halbuki “Neftçi”nin qapıçısı Aqil Məmmədov demişkən, epizodu davam etdirsəydi, bəlkə daha yaxşı sonluqla yekunlaşdıracadı). Lakin oyunun hakimi Elvin Əsgərov: “Ə, kimə gəlirsən, dur ayağa”, – deməklə onun arzusunu ürəyində qoyub, dumanlı gümanını puça çıxarıb.

”Qış dumanı qar gətirər”, – demiş babalarımız. Ancaq həmin oyundan sonra bu ifadə: “Qəbələ” dumanı “Neftçi”yə xal gətirər” kimi işlənməkdədir. Nə demək istəyirəm? Kim nə deyir desin, “Neftçi”nin qələbəsində Qələbə dumanı əsas rol oynadı. Dünən Qəbələdə yaşayan tanışım mənə bir maraqlı məlumat da verdi. Onun dediklərindən belə anladım ki, artıq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da bu uğursuzluğunun dumanla bağlı olduğunu başa düşüb. Hətta o, Abbas Tufarqanlının “Duman, gəl, get bu dağlardan, dağlar təzə bar eyləsin” misraları ilə yanaşı, “Başım üstdən çəkilməyir sis, duman” sözlərini də özünəməxsus şəkildə ifa edib. Buradan isə belə nəticəyə gəlmək mümkündür: onun: “Bəlkə bu yerlərə bir də gəlmədim, duman, salamat qal, dağ, salamat qal” (Məmməd Araz) sözlərini deyəcəyi gün də o qədər uzaqda deyil. Çünki o, artıq gələcəyinin dumanlı olacağının fərqindədir.

QVAMİ MƏHƏBBƏTOĞLU