“Qəbələ”də çıxış edən gənc futbolçulardan biri də Ürfan Abbasovdur. Komandası kimi, Ürfanın da mövsümə startı pis alınmamışdı. Lakin sonradan zədə ilə üzləşən müdafiəçi bu səbəbdən bir müddət komandasına kömək edə bilmədi. Zədədən qayıtdıqdan sonra yenidən əsas heyətdəki yerini bərpa edən Ürfana baş məşqçi Yuri Syomin nə dərəcədə güvəndiyini göstərdi. “Rəvan”la oyunda rəqib qapısına yol tapan 22 yaşlı müdafiəçi bu mövsüm göstərdiyi performansıla bağlı düşüncələrini “Çempion”a açıqladı. Arxa xətt oyunçusu öz çıxışı ilə yanaşı, Syomin, kubokun finalı və gələcək hədəfləri barədə danışdı. “Qəbələ”dən ayrılmağı düşünmədiyini qeyd edən Ürfanın müsahibəsini sizə təqdim edirik.
– Artıq mövsüm yekunlaşmaq üzrədir. Geridə qalan müddət üçün öz çıxışını necə dəyərləndirərdin?
– Mövsüm mənim üçün normal alındı. Mövsüm zədəmi çıxmaq şərtilə, məncə, pis alınmadı. Qəbul edirəm ki, pis oynadığım oyunlar da oldu. Əsas odur ki, məşqçi mənə güvənirdi.
– Mövsüm başlayanda öz qarşına hansı məqsədləri qoymuşdun? Bunun öhdəsindən gələ bildinmi?
– Hədəflərim var idi. İlk növbədə “Qəbələ”nin avrokuboklara vəsiqə qazanması həm komanda, həm də mənim üçün vacib idi. Biz buna nail olduq və hədəflərimə çatdığımı deyə bilərəm.
– Baş məşqçi Yuri Syominlə münasibətiniz
necədir? Səncə, o, gənclərə kifayət qədər şans verir?
– Syominlə yaxşı münasibətimiz var. Baş məşqçimiz cavanlara üstünlük verir.
– Amma bunu mövsümün gedişində görmək mümkün deyildi. Sən də daxil olmaqla, Syomin bir neçə gənc futbolçunu müxtəlif matçlarda sınaqdan keçirdi. Hər görüşdə birinizə şans verməsi taktiki düzülüşlə bağlı idi? Yoxsa, rusiyalı mütəxəssis gənclərdən istədiyini ala bilmirdi?
– Mən bu barədə nəsə deyə bilmərəm. Amma qış fasiləsinə qədər oyunların çoxunda mən iştirak etmişəm. Ondan sonra zədələndim və bu da heyətdən müəyyən müddət kənarda qalmağımla nəticələdi. Sağalandan sonra da formadan uzaq olduğum üçün bir müddət
şans qazana bilmədim.
– Birgə işlədiyin bir neçə məşqçi olub. Syominin onlardan fərqi nədədir?
– Syomin elə məşqçidir ki, onun mübarizə aparan futbolçulardan xoşu gəlir. Ona görə də, onun yaratdığı komandalarda mübarizlik olur. Bu işdə isə ən vacib məsələ xarakterdir.
– “Qəbələ”nin cari mövsümdəki çıxışını necə dəyərləndirərdin? Komandanız üçün mövsüm məncə, heç də stabil alınmadı. Xüsusən də, 3-cü dövrədə çətinlik çəkdiyiniz göz önündə idi. Səncə, bunlara səbəb nə olmuşdu?
– Futbolda hər şey ola bilər. Komandamız mövsümə yaxşı start vermişdi. Amma sonra gedişat bir az dəyişdi. Hər oyunu yüksək səviyyədə keçirə bilməzsən ki. Bizdə də bir ara “qara zolaq” yarandı. Ancaq şükürlər olsun ki, yenidən yaxşı mübarizə aparıb, bu vəziyyətdən çıxa bildik.
– Qarşıda sizi kubokun finalında “Neftçi” ilə çətin oyun gözləyir. Bu matç barədə düşüncələrin nədir?
– Final oyunu olduğu üçün tamam başqa ab-havada keçəcək. Biz sona kimi mübarizə aparacağıq. Kim güclüdürsə, o da qalib gələcək. İnşallah, qalib gələn tərəf biz olarıq.
– “Qəbələ” ilə müqavilə müddətinin sonuna hələ bir il qalır. Gələn mövsümü də bu komandada keçirəcəksən?
– Bəli. Heç bir klubdan təklif olmayıb. Elə mənim də “Qəbələ”dən ayrılmaq fikrim yoxdur. Burada mənim üçün hər cür şarait yaradılıb və işlərim qaydasında gedir.
HARUN SADIQLI