Qəbələdə musiqi festivalı davam edir

354
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VI Qəbələdə Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Böyük musiqi bayramı günlərində dünya şöhrətli ifaçıların bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalın qonaqlarının da böyük marağına səbəb olur. Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə axışırlar.  İyulun 27-də festivalın proqramına uyğun olaraq daha bir kamera musiqisi axşamı oldu.

Kamera musiqisi axşamında “Kiyev solistləri” Milli Kamera ansamblı çıxış etdi. Konsertdə Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonskinin, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu xanım Tatyana Şafranın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Konsertdə klassik Avropa bəstəkarları İohan Sebastian Baxın “Alegro”, “Adagio sempre”, Feliks Mendelsonun simli orkestr üçün simfoniya və digərlərinin əsərlərindən parçalar təqdim edildi.
“Kiyev solistləri” Milli Kamera ansamblının musiqi rəhbəri Dmitri Yablonski, bədii rəhbəri Natali Duşenkodur. Ansambl ifaçılıq mədəniyyətinin dünyada təmsil olunmasındakı müstəsna xidmətlərinə görə, Ukraynanın Xarici İşlər Nazirliyi tərəfindən “Ukrayna mədəniyyəti səfiri” adına layiq görülüb.
Avqustun 1-dək davam edəcək musiqi bayramında görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edir.