Qəbələdə gördüklərinə inana bilmirdilər…

0
418

Sayca 3-cü dəfə təşkil edilən “Qəbələ Kuboku” böyük ajiotaj doğurdu və gözləniləndən də baxımlı alındı. Yarış yeniyetmələr arasında keçirilməsinə baxmayaraq, Qəbələdə əsl futbol bayramı yaşanırdı. Bütün şəhərin 4 gün ərzində yeganə müzakirə mövzusu məhz bu yarış idi. Turnir boyu bəndəniz də Qəbələdə olduğumdan, diqqətimi çəkən maraqlı məqamları sizinlə bölüşmək istəyirəm.

Baza və meydançalara

söz ola bilməz

Qəbələ Azərbaycanın, bəlkə də, ən çox inkişafda olan turizm bölgəsidir. Oraya gedən insanlar üçün o qədər gözəl istirahət yerləri, əyləncə mərkəzləri düzəldilib ki, heç kim Qəbələdə darıxmaz, sıxılmaz və hətta bacardığı qədər çox qalmaq istəyər. İdman jurnalisti olduğumdan, məni ən çox klubun bazası maraqlandırırdı. Baza və meydançaların səviyyəsi isə bir sözlə, mükəmməldir. İstər əsas, istərsə də ehtiyat meydançalar olsun, hamısının ot örtüyü ən ideal səviyyədə idi. Şəxsən mənim fikrimcə, Bakıda və əksər bölgələrdə olan əsas stadionların ot örtüyü “Qəbələ”nin heç ehtiyat meydançaları səviyyəsində deyil. İngilis və azərbaycanlı nümayəndələrin gün boyu qayğısı sayəsində meydançalar heç korlanmırdı.

Məşhur klub

nümayəndələrini

heyran edən nə idi?

Avropanın qabaqcıl futbol ölkələrinin komandaları Qəbələdə gördüklərinə inana bilmirdilər. “Liverpul”, “Fənərbağça”, “Udineze”, “Anderlext” kimi komandaların nümayəndələri bazaya həsəd aparırdılar və bunu hər açıqlamalarında dilə gətirirdilər. Elə təşkilatçılıq da çox yüksək səviyyədə idi. Qonaqlar onlara göstərilən diqqətdən razı idilər. “Qəbələ” rəhbərliyi qonaq komandaların hər birinin düşərgəsinə bir neçə tərcüməçi təyin etmişdi ki, bu da həm ünsiyyət qurmağı, həm də jurnalistlərin müsahibə almalarını asanlaşdırırdı.

İşləməyimizə

mane olan amillər

Jurnalistlərdən söz düşmüşkən, Bakıdan 20-dən çox media nümayəndəsi klubun təşəbbüsü ilə Qəbələyə aparılmışdı. Əlbəttə, jurnalistlərin də onlara yaradılan şəraitdən narazılıq etməyə haqları yoxdur. 5 ulduzlu otellərdən birində qalırdıq və klub nümayəndələri əlimizi cibimizə atmağa imkan vermirdilər. Otel işçiləri də bizə xoş münasibət göstərirdilər. Ancaq bəzi xırda nöqsanları da qeyd etməliyəm. Məsələn, stadionda “vayfay” quraşdırılmadığından, internet problemi var idi. Təmir işlərinin hələ yekunlaşmadığını nəzərə alsaq, bunu müəyyən mənada başa düşmək olar. Bizə problem yaradan əsas amil isə hər oyundan sonra musiqi qoşulması idi. Oyunlar arasında yaranmış fasilələr zamanı müsahibələr almaq imkanımız olurdu ki, yüksək səslə qoşulan musiqi buna maneçilik törədirdi.

Bakıdan gedən məşhurlar

Qəbələdəki turnirə Bakıdan gedən tanınmış futbol adamları da var idi. Oğlu “Neftçi”nin U-15 komandasında oynayan Etibar Tarıverdiyev və “flaqman”ın uşaq futbol məktəbində qapıçıları hazırlamaqla məşğul olan Hüseyn Məhəmmədov ilk gündən orada idilər. Məhəmmədov “Neftçi”nin oyunları zamanı baş məşqçidən çox tapşırıqlar verir və can yandırırdı. Bundan əlavə, Rüstəm Rəhimov, Nazim Süleymanov, Səmədağa Şıxlarov kimi məşhurlar da oyunları izləyirdilər. İsgəndər Cavadov isə son gündə Qəbələyə getmişdi və mükafatlandırma mərasimində qaliblərin boynundan medallar asdı. “Qəbələ”nin əsas komandasının köməkçi-məşqçisi Sənan Qurbanov, klubun seleksiya işlərinə nəzarət edən Böyükağa Ağayev, həmçinin onun köməkçiləri Xaqani Məmmədov, Namiq Əliyev, Ramin Quliyev, Yaşar Abuzərov da ilk gündən sona qədər oyunları diqqətdə saxlayırdılar. İsgəndər Cavadov kimi, “Qəbələ”nin keçmiş futbolçusu Azər Həşimov da klubun dəvəti ilə son günün oyunları üçün Qəbələyə yollanmışdı.

Sadə əcnəbilər

Şəxsən mənim ən çox heyran qaldığım məsələ “Qəbələ”nin əcnəbi nümayəndələrinin davranışları idi. Toni Adams deyəndə insanın ağlında əlçatmaz dahi bir futbolçu canlanır. Həqiqətən də, Adams “Arsenal”da oynayanda heç kim təsəvvür belə, etmirdi ki, nə vaxtsa onu yaxından görəcək. Ancaq Qəbələdəki turnir boyu bazada oğlu ilə ora-bura gedib-gələn, önünə çıxanla zarafatlaşan, deyib-gülən və sadə vətəndaş kimi görünən adam məhz həmin Adams idi. Onun kimi, Qəbələ Futbol Akademiyasının direktoru Stenli Brard da əsl sadəlik nümunəsi idi. O boyda akademiyanın direktoru stadionun işçilərinə hərtərəfli kömək edirdi. Brard gah meydançadan kabel çəkirdi, gah atılmış butulkaları yığırdı. Bir sözlə, özünü heç vəzifəli bir şəxs kimi göstərmirdi. Mükafatlandırma mərasimindən dərhal sonra bir tufan qopdu ki, hərə özünü bir tərəfə atdı. “Qəbələ”nin bəzi nümayəndələrinin tələm-tələsik maşınlarına minib aradan çıxdıqları bir vaxtda Brard jurnalistləri gözlədi və onların bir neçəsini maşınına mindirib otelə apardı. Bütün bu davranışlar həmin məşhurların karyerasının yüzdə biri qədər karyeraya malik olmayan azərbaycanlı klub nümayəndələri üçün əsl nümunə olmalıdır.

Fərid Nəbiyevə diqqət

Bu turnirdə elə uşaqlar var idi ki, onlar, bəlkə də, gələcəkdə dünya ulduzu olacaqlar. Hər komandada seçilən 1-2 oyunçu var idi. Məsələn, “Rapid”in qapıçısı Aleks Knyejanrek, “Anderlext”in hücumçusu Misel de Luz gələcək vəd edən oyunçulardır. Ancaq turnirdə 2 futbolçu var idi ki, onlar istedadları ilə hamını qabaqlayırdılar. Söhbət “Rapid”in hücumçusu Kevin Arase və “Qəbələ”nin yarımmüdafiəçisi Fərid Nəbiyevdən gedir. Kevin ilk oyundan diqqətləri üzərinə çəkdi və maraqlananda məlum oldu ki, o, artıq “Bavariya” ilə müqavilə bağlayıb. Turniri izləyən hər kəsin gözü isə Fəriddə idi. Təsadüfi deyil ki, “Udineze” və “Liverpul” rəsmiləri onun oyununa heyranlıqlarını bildirir və gələcəkdə akademiyalarına apara biləcəklərini qeyd edirdilər. Əsl “10 nömrə” kimi çıxış edən kapitanın ara paslarına, ideal uzun ötürmələrinə söz ola bilməzdi. Hətta bizim Premyer Liqadakı əksər futbolçular onun kimi dəqiq ötürmə verə bilmirlər. “Atletiko”nun da maraq dairəsində olan Fəridi təklif gələrsə, “Qəbələ” mütləq göndərməlidir. Əks təqdirdə, o da böyüyüb Azərbaycan çempionatında oynayacaq və indikilərin bir tayı olacaq. Amma Fərid Avropaya yollansa, əminəm ki, gələcəyin ulduz futbolçuları arasında göstəriləcək.

Fəridlə bağlı diqqətimi çəkən bir məsələni də qeyd edim. Fikrimcə, fərdi mükafatlandırma zamanı “Qəbələ” öz oyunçusuna haqsızlıq etdi. Təkcə mən yox, bir çoxları onu turnirin ən yaxşısı hesab edirdi. Ancaq təəssüf ki, Fərid nəinki ən yaxşı futbolçu, heç ən yaxşı yarımmüdafiəçi mükafatına da layiq görülmədi. Bu amil futbolçunun psixologiyasına mənfi təsir göstərə bilər.

“Fənərbağça”

turnirə kölgə saldı

Gözləmək olardı ki, Qəbələdə azarkeşlər və futbol ictimaiyyəti “Qəbələ” və “Neftçi”dən sonra “Fənərbağça”ya azarkeşlik edəcəklər. Lakin belə olmadı. Bu da səbəbsiz deyil. Çünki “Fənərbağça” tərəfi turnirə kölgə salacaq addım atmışdı. Məsələ burasındadır ki, “sarı-lacivərdlilər”in heyətində ən azı 3 “lipa” var idi. Futbolçuların hamısının boyu standart idi. Bəli, digərlərində də uzunboylular var idi. Amma “Fənərbağça”nın bir neçə futbolçusunun saqqallı olması diqqətimi çəkdi. 15 yaşlı uşaqda o boyda saqqal nə gəzir? Heç olmasa, oyuna çıxanda üzlərini də qırxmırdılar ki, hiss olunmasın. Həmin uşaqların hər birinin doğum tarixinin 1999-cu il yanvarın 1-i göstərilməsi də Türkiyə klubunun “lipa”laşdırma işini peşəkar səviyyədə görmədiyini göstərir.

İndi başa düşürəm ki, Türkiyə klubları niyə güclü futbolçu yetişdirə bilmir, Almaniyadakı “qürbətçilər”ə göz dikirlər.

Layiq olan qazandı

“Fənərbağça”nın oyunlarda asanlıqla qələbə qazanmasının səbəbini yəqin ki, bildiniz. Buna baxmayaraq, finalda “Anderlext” səddi onlar üçün keçilməz oldu. Çünki Belçika təmsilçisi kuboku qazanmağa ən layiqli komanda idi. İlk oyundan sonra artıq bir çoxları “Anderlext”i favorit hesab edirdi. Çünki çox səliqəli və sürətli futbol sərgiləyirdi. Yekunda da layiq olan komanda kuboku qazandı.

RUSLAN SADIQOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here