“Qəbələ” uduzdu, “İnter” isə rəqibini məğlub etdi

611

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün növbəti matçına çıxdı. Qəbələ təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyada “Çukariçki”nin qonağı olub.

Birinci təsnifat mərhələsində “Dinamo”nu mübarizədən kənarlaşdırmaqla tarixində ilk dəfə mərhələ adlayan Roman Qriqorçukun komandası bu uğurun davamını gətirməyə çalışacaqdı. Bunun üçün “Qəbələ” səfərdən sərfəli nəticə ilə qayıtmalı idi. Lakin “qırmızı-qaralar” rəqibinə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Azərbaycanda keçiriləcək.

Təmsilçilərimizdən “İnter” klubu bu gün növbəti matçını keçirib.

Zaur Svanadzenin komandası İslandiyada “Hafnarfyordur” klubunun qonağı olub. İlk mərhələdə “Laçi”ni (Albaniya) mübarizədən kənarlaşdıran “İnter” II təsnifat mərhələsini də keçməklə uğursuz sindroma son qoymaq niyyətindədir.

“İnter” daha öncəki illərdə ilk mərhələni uğurla adlasa da, II təsnifat mərhələsində dayanıb. Bu dəfəki rəqib isə İslandiyanın “Hafnarfyordur” klubu idi. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan Zaur Svanadzenin komandası ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb – 2:1.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 23-də Bakıda keçiriləcək.