“Qəbələ” uduzdu, “İnter”lə “Neftçi” heç-heçə etdi

499

“Qəbələ” futbol komandası UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 2-də “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşıb.

Boris Payçadze adına “Dinamo Arena”da keçirilən oyunda hesabı yerli futbolçular açıblar. İlk qolu 63-cü dəqiqədə Jaba Jiqauri vurub. On bir dəqiqə sonra “Qəbələ” hesabı bərabərləşdirməyə nail olub. Cavab topu Cavid Hüseynovun hesabına yazılıb. Oyunun 83-cü dəqiqəsində “Dinamo”nun oyunçusu Giorgi Papunaşvili komandasını hesabda yenidən irəli çıxarıb.

Beləliklə, gərgin keçən oyun 2:1 hesabı ilə “Dinamo”nun xeyrinə başa çatıb. Rəqibə minimal hesabla uduzan Qəbələ futbolçuları növbəti mərhələyə çıxmaq şanslarını itirməyiblər.

Komandalar arasında cavab görüşü iyulun 9-da Qəbələdə keçiriləcək.

 

“Neftçi” heç-heçə ile barışdı

“Neftçi” iyulun 2-də “Bakcell Arena”da Monteneqronun “Mladost” komandasını qəbul edib.

Türkiyəli baş hakim Ali Palabıyığın idarə etdiyi oyunun 34-cü dəqiqəsində monteneqrolu futbolçu Duşan Laqator hesabı açıb. İki dəqiqə sonra “Neftçi”nin futbolçusu Kamal Qurbanov cavab topunu vurub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi heç-heçə yekunlaşıb.

İkinci hissədə üstünlüyü ələ alan “Neftçi” oyunun 55-ci dəqiqəsində rəqib qapısından ikinci topu keçirib. Ruslan Qurbanovun ötürməsini Araz Abdullayev qola çevirib. Lakin futbolçularımız qələbə hesabını qoruyub saxlaya bilməyiblər. Matçın 87-ci dəqiqəsində “Mladost”un futbolçusu Luka Mirkoviç hesabı bərabərləşdirib.

Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 9-da Monteneqroda keçiriləcək.

“İnter” uduzmadı

“İnter” Bakı təmsilçisi iyunun 2-də Albaniyanın Lac şəhərindəki eyni adlı stadionda yerli “Laçi” klubunun qonağı olub.

İspaniyalı baş hakim Karlos Del Kerronun idarə etdiyi oyunun 20-ci dəqiqəsində “Laçi”nin futbolçusu Sequn Adeniyinin vurduğu top qapı tirinə dəyib geri qayıtsa da, komanda yoldaşı Aqim Meto hücumu qolla tamamlayıb. Görüşün ilk hissəsi “Laçi”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə fəal başlayan “İnter”in futbolçuları matçın 47-ci dəqiqəsində rəqib qapısında yol tapıblar. Nika Kvekveskirinin dəqiq zərbəsi hesaba tarazlıq gətirib – 1:1. Oyunun sonunadək hər iki tərəf qol vurmağa cəhd etsə də, top qapıdan keçməyib.

Beləliklə, görüş 1:1 hesablı heç-heç ilə yekunlaşıb.

Komandaların cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.