Qəbələ növbəti beynəlxalq musiqi festivalına ev sahibliyi edəcək

420

Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.
İyulun 23-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu musiqi festivalına yenidən ev sahibliyi edəcək. Qəbələ şəhərində avqustun 1-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Xatırladaq ki, festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər-İohannesburq Filarmonik orkestri, İsrailin “Brass kvintet”i, “Kiyev solistləri” milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.