“Qəbələ” də Qəbələni tanıdacaq

616

Artıq abadlıq və yenidənqurma işləri futbol klublarına da sirayət edib. İndi, demək olar ki, bütün klublarımız qış fasiləsindən yararlanaraq təmizlik işləri aparırlar. Bu yerdə bizə ancaq “Həmişə təmizlikdə” demək qalır ki, onu da deyirik. Onu da qeyd edək ki, bu məsələdə “Xəzər-Lənkəran” və “Qəbələ” öndə gedir. “Xəzər-Lənkəran” artıq 13 oyunçu ilə yollarını ayırıb. “Qəbələ”yə gələnlərin, daha doğrusu, gətirilənlərin sayı isə rəsmi məlumata görə artıq dörd nəfərdir. Bu göstəricinin artması istisna olunmur. Bunlardan biri yerlidir, digər üçü isə “Çernomorets” klubundan transfer olunub. Ukraynadan üç futbolçunun transferi, şübhəsiz ki, Dorinel Muntyanunun istefasindan sonra”Qəbələ”yə yeni baş məşqçi təyin olunmuş ukraynalı mütəxəssis Roman Qriqorçukla əlaqədardır. Ötən ilin dekabr ayının ikinci ongünlüyündən “Qəbələ”də fəaliyyətə başlayan yoldaş Qriqorçuk belə getsə, “Çernomorets”in bütün oyunçularını “Qəbələ”yə cəlb edəcək. Hər halda, qısa zaman kəsiyində 3 nəfərin transferi belə qənaətə gəlməyə əsas verir. Bir də bu faktı götür-qoy edəndə adama elə gəlir ki, Roman Qriqorçuk indiyədək “Çernomorets”dən başqa dünyanın heç bir komandasının oyunu, oyunçuları ilə maraqlanmayıb. Zarafatı qoyaq bir kənara…

Şəxsən mənə elə gəlir ki, Roman Qriqorçuk Qəbələyə ilk dəfə ayaq basanda bu bölgənin inkişafı onda olduqca xoş təəssüratlar yaradıb. Üstəlik, son illər ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilən Qəbələnin artıq beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etdiyini eşidəndə isə barmağını dişləyib və deyib: “Əcəba, bu Qəbələ bir Avropa şəhəridir ki… Bəs nədən onun futbol komandasının sorağı dünyanın müxtəlif ölkələrindən gəlməsin? Axı bu idman növünün inkişafı üçün burada hər cür şərait var. Nədən bu potensialdan istifadə olunmur? Bir də başa düşə bilmirəm, niyə belə şəraiti olan komanda mütləq liderlər sırasında, birinci pillədə qərarlaşmasın? Niyə bu komanda avrokuboklarda çıxış etməsin? Niyə bu komanda turnir cədvəlində altıncı yerdə qərarlaşmalıdır? Axı ondan əvvəl yer tutmuş bəzi komandalarla müqayisədə “Qəbələ”yə qayğı daha çoxdur”. Və odur ki, elə ilk gündən yoldaş Qriqorçuk qolunu çırmalayıb işə girişib. Bu mənada o, olduqca iddialı görünür desək, yanılmarıq. Elə onun gətirdiyi futbolçular da çox iddialıdırlar. Hər halda, məşqçi ilə oyunçuların fikirlərini üst-üstə düşməsi çox yaxşı haldır. Yeri gəlmişkən, hazırda Antlayada təlim-məşq toplantıları keçirən komandalarımızın rəsmiləri də iddialı çıxışlar edirlər. Lakin mənə görə onların bu iddiaları növbəti vəddən başqa bir şey deyil.

Yenə yeri gəlmişkən, indi bəzilər deyirlər ki, “Qarabağ”ın çempionluq mübarizəsində əsas rəqibi “İnter”dir. Amma şəxsən mən bu fikirlə əsla razı deyiləm. Nədən ki, “İnter” “Qarabağ”la mübarizə aparacaq gücdə deyil. İkincisi də, baş məşqçiləri Kaxaber Sxadadze Gürcüstan yığması ilə anlaşıb və onun fikri artıq oradadır. Yəni o artıq bir əlinə ikinci qarpızı da alıb. Atalarımız isə bu yerdə deyiblər ki, bir əldə iki qarpız tutmazlar. Heç cempionluq uğrunda əsas mübarizə “Qarabağ” və “Neftçi” arasında da getməyəcək. Dünya şöhrətli baş məşqçiləri dişinə vurmaqda ad çıxarmış, indi isə gəncləşməyi qarşısına məqsəd qoymuş “Xəzər-Lənkəran”dan isə danışmağa dəyməz. Nədən ki, gedən on üç nəfərin yerinə gələcək gənclərin bir-biri ilə dil tapması hələ çox vaxt aparacaq. Əsas mübarizə, məncə, “Qəbələ” ilə “Qarabağ” arasında gedəcək. O da doğrudur ki, bu gün “Qəbəl”ə liderdən, yəni “Qarabağ”dan on beş, “İnter”dən on, “Neftçi”dən yeddi xal az toplayıb. Lakin bu faktlar iddialı görünən “Qəbələ” üçün o qədər də qorxunc görünmür.

Bir sözlə, inanırım ki, Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” “Qarabağ”dan sonra dünya futbol aləminə səs sala, adını yazdıra biləcək ikinci bölgə komandamız olacaq. Qəbələ məhz onun sayəsində həm də futbol şəhəri kimi də tanınacaq.

QVAMİ MƏHƏBBƏTOĞLU