“Qəbələ” bu dəfə “Simurq”u ram edə biləcəkmi?

454

Aprelin 9-da Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Turun bir görüşü paytaxtda, digərləri isə Sumqayıtda, Lənkəranda və Qəbələdə baş tutacaq.

Ötən tur Qəbələdə ağır məğlubiyyətə uğramış AZAL bu tur Baksell Arenada “Qarabağ”ın qonağı olacaq. Turnir cədvəlinin birincisi ilə altıncı pillədə qərar tutmuş komandanın qarşılaşmasında kimin favorit olduğunu demək bir qədər çətindir. Çünki XXVIII turdan zəif təsir bağılayan və austayderlə heç-heçə oynayan “Qarabağ”, deyəsən, formada deyil. Buna rəğmən, oyunun gərgin keçəcəyi istisna olunmur. Hər halda, AZAL-ın bu görüşdə yalnız əzmkarlıq göstərməyə çalışacaq.

Yeri gəlmişkən, qeyd edək ki, “Qarabağ”ın və milli komandanın futbolçusu Vüqar Nadirov autsayderlə matçdakı xal itkisini belə şərh edib: “Oyuna qələbə qazanmaq üçün çıxmışdıq, ancaq alınmadı. Arxayınlaşma yox idi. Yəni xal itkimizi bununla bağlamaq olmaz. Futboldu da, arada sürpriz nəticələr olur”. O bu turda qarşılaşacaqları AZAL haqqında bu sözləri deyib: “AZAL yaxşı komandadır. Onlarla çox qarşılaşmışıq. AZAL “İnter”in tərzində oynayır. Hücum xətti güclüdür, müdafiəsi də yaxşıdır. Düzdü, son matçda 0:4 hesabı ilə uduzdular. Amma bu, AZAL-ın zəif komanda olduğunu göstərmir”.

“Görsəm ki, “Neftçi” uduzur…”

Bu turda “ağ-yaşıllar” – “Xəzər Lənkəran” Xəzər Lənkəran Mərkəzi Stadionunda ötən tur “Simurq”u minimal hesabla ((1:0)) məğlub etmiş və hazırda turnir cədvəlinin üçüncü pilləsində 45 xalla qərar tutan “Neftçi”ni qəbul edəcək. Bu oyunda “Flaqman” “İnter” ilə aradakı xal fərqini azaltmaq üçün, təbii ki, dəridən-qabıqdan çıxacaq. Yeri gəlmişkən, “Neftçi”nin baş məşqçisi Arif Əsədov bu komandaların duellərinin həmişə gərginliyi ilə seçildiyini deyib: “Düzdür, “Xəzər Lənkəran”ın heyətində gəncləşdirmə siyasəti aparılıb. Ancaq Lənkəranda “Neftçi”yə qarşı prinsipiallıq heç vaxt bitməyib. Əksinə, onlar “Neftçi” ilə matça tamam başqa cür motivasiya olurlar. Bunu özünüz də görəcəksiniz. Üstəlik, azarkeşləri də onlara dəstək verəcək, çünki rəqib “Neftçi”dir. Bir sözlə, bizi heç də asan oyun gözləmir. “Artıq arxayınıq, Avrobkuoka vəsiqəni təmin etmişik” fikrindən uzağıq. Qarşıdakı görüşə də növbəti addım kimi baxacağıq”.

”Neftçi” klubunun Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayev ANS telekanalında yayımlanan “Günə baxan” verilişinin qonağı olarkən ona ünvanlanmış: “Neftçi” uduzsa,  futbolçuları hansı cəza gözləyir?” sualını zarafatyana cavablandırıb: “Futbolçuları heç bir cəza gözləmir. Özüm də gedəcəyəm. Görsəm ki, “Neftçi” uduzur, meydana çıxacam. Bəlkə, qol da vurdum”.

”Xəzər Lənkəran”ın sierra-leoneli yarımmüdafiəçisi Alfred Sankonun futbolinfo.az-a saytına müsahibəsində qələbə üçün meydana çıxacaqlarını deyib: “Başqa çıxış yolumuz yoxdur. Doğma meydanda oynamaq da bizim üstünlüyümüzdür. Bacardığımızı edib 3 xal qazanmalıyıq. “Neftçi” yaxşı komandadır. Onlar da bu əzəli rəqabətdən qalib ayrılmaq istəyir”. Hətta o, öz adından belə bir “bəyanat” da verib: “Mən öz adımdan bütün lənkəranlı fanatlara qələbə sözü verirəm. “Neftçi”ni Lənkərandan məğlub yola salacağıq”.

Qeyd edək ki, 8 ildir ki, “Neftçi” “Xəzər Lənkəran”ı Lənkəranda məğlub edə bilmir.

Məlumat üçün bildirək ki, paytaxt klubu “Xəzər Lənkəran”la növbəti tur matçına ciddi itkilərlə çıxacaq. Baş məşqçi Arif Əsədovun “Böyük oyun”da 3 futbolçunun xidmətindən yararlanmayacağı dəqiqdir. Bunlar Məqsəd İsayev, Ernest Nfor və Rauf Əliyevdir. Məqsəd İsayev artıq mövsümü qapayıbsa, çoxdandı zədədən əziyyət çəkən Ernest Nfor yenicə fərdi məşqlərə başlayıb. Lakin onun nə zaman sıraya dönəcəyi qeyri-müəyyəndir. Rauf Əliyev isə “Simurq”la qarşılaşmadan bir gün əvvəl suçiçəyi xəstəliyinə yoluxub və Bakıya qayıdıb. Sabiq “Xəzər Lənkəran”lı 2-3 həftə komandasına kömək edə bilməyəcək. Bundan əlavə, müdafiəçi Denis Silva da zədədən əziyyət çəkir. Onun da Lənkərandakı qarşılaşmada iştirakı sual altındadır. Digər braziliyalı müdafiəçi Karlos Kardozonun isə zədəsi yüngüldür.

“Hədəfimiz böyükdür”

Turun daha bir maraqla gözlənilən qarşılaşması Qəbələdə keçiriləcək. Ötən tur rəqibinə 4 top fərqi ilə qalib gəlmiş Roman Qriqorçukun yetirmələri – “Qəbələ” bu dəfə öz meydançasında “Simurq”u sınağa çəkəcək. Son 5 turda hər oyunda fərqlənmiş Qəbələ Simurqdan da maksimum xal almağa çalışacaq. “Qəbələ”nin təcrübəli futbolçusu Rəşad Sadiqov komandasının “Simurq”la oyunun çox gərgin keçəcəyini bildirib: “Simurq”la oyunlar heç vaxt asan keçmir. Təkcə biz yox, digər komandalar da “Simurq”la qarşılaşanda çətinliklə üzləşirlər. Buna baxmayaraq, matça qələbə üçün çıxacağıq. Öz meydanımızda oynayacağıq. Odur ki, qələbədən başqa digər nəticə haqda düşünmürük. Son 5 oyunda ardıcıl qalibiyyətlər əldə etmişik. Komandada əhval-ruhiyyə yüksəkdir. Qələbə seriyasını “Simurq”la matçda da davam etdirmək istəyirik. Hədəfimiz böyükdür. Avrokubokda oynamaq üçün əlimizdən gələni əsirgəmirik”.

“Qəbələ” klubunun kapitanı Ruslan Abışov isə komandası üçün başağrısına çevrilən “Simurq”la bağlı bu sözləri deyib: “Simurq”u doğma meydanda qəbul edəcəyik. Bəli, bundan əvvəlki iki görüşdə rəqibimizə məğlub olmuşuq. Üstəlik bizi kubokdan da kənarlaşdırdılar. Çalışacağıq ki, kubokdakı məğlubiyyətin də əvəzini çıxaq”.

“Problemlərimiz olsa da…”

Bu tur “Sumqayıt” turnir cədvəlinin zirzəmisindəki “Bakı”nı qəbul edəcək. Məlumat üçün bildirək ki, maddi problemlərdən başı açılmayan “Bakı”da gərginlik hələ də davam edir. (”Bakı”nın ötən turda Premyer Liqanın lideri “Qarabağ”dan 1 xal alması çoxlarını təəccübləndirib). Buna rəğmən, Bakı”nın kiprli futbolçusu Georgios Pelagios vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib: “Sumqayıt”la matça hazırlığımız davam edir. Problemlərimiz olsa da, məşqlərə çıxırıq. Əlimizdən gələni edirik ki, hər şey yaxşı olsun. Biz hər oyun meydana eyni məqsəd üçün çıxırıq. Ötən tur Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Sübut etdik ki, problemlər olsa da, nəticə göstərmək olar. Düzü, mən də maaşımı almamışam. Buna görə FİFA-ya müraciət etmək fikrində deyiləm. “Bakı” mənim bir parçamdır. Mövsümün sonunadək komandanı tərk etməyəcəm”. Məlumat üçün bildirək ki, komandaların son 5 oyununda 4 heç-heçə qeydə alınıb. Bu matçlarda bakılılar qalib gəlməyiblər. Paytaxt təmsilçisi səfərdəki son 4 qarşılaşmada qol buraxıb.

Qeyd edək ki, XXIX turda “İnter” istirahət edəcək.

Yenə nəzərdə tutulmayıb

Topaz Premyer Liqasında XXIX turun oyunları televiziya vasitəsilə canlı yayımlanacaq. “İdman Azərbaycan” kanalı aprelin 9-da baş tutacaq turun iki matçını tamaşaçılara canlı təqdim edəcək.

Öncə saat 17:00-dan etibarən “Qarabağ” – AZAL matçını göstərəcək kanal bundan iki saat sonra startı veriləcək “Qəbələ” – “Simurq” qarşılaşmasını da yayımlayacaq. Maraqlıdı ki, “Xəzər Lənkəran” – “Neftçi” matçının yayımı yenə nəzədə tutulmayıb. Lakin azarkeşlər “Lənkəran TV” saytı vasitəsilə bu görüşü izləyə biləcəklər.

“Nokdaun”a düşənlər

Məlumat üçün bildirək ki, Topaz Premyer Liqasının arxada qalan 28 turunda 12 böyük hesablı nəticə qeydə alınıb. apasportun məlumatına görə, 9 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar üç və ya daha çox top fərqi ilə qalib gəlib. “İnter” hamıdan çox – 4 dəfə rəqiblərini “nokdaun”a salıb. “Qarabağ”, “Simurq” və “Xəzər Lənkəran”ın hərəsi iki dəfə belə uğura sevinib. “Neftçi” və “Qəbələ”nin cəmi 1 böyük hesablı qələbəsi var. Sonuncular da buna XXVIII turun AZAL-la görüşündə nail olub – 4:0. Bu nəticə qonaqların cari çempionatdakı 4 top fərqli yeganə qələbəsidir. Ümumiyyətlə isə 12 belə hesabdan 6-da 4, 5-də 3, yalnız birində 7 top fərqi qeydə alınıb.

Ən çox darmadağın olanlara gəlincə, 12 belə nəticədən yarısı “Bakı”nın hesabındadır. Paytaxtın eyniadlı təmsilçisi 6 dəfə böyük hesaba üzülüb. AZAL-ın 3, “Qəbələ”nin 2 “Sumqayıt”ın 1 belə yenilgisi var.

Qeyd edək ki, “Simurq” və “İnter”in hərəsi iki dəfə “Bakı”nı böyükhesabla üstələyib.

Məhəmməd Rəsulov