“Qəbələ” artıq rəqib tanımır

Topaz Premyer Liqasının XXX turunda “Qəbələ” “Neftçi”ni məğlub etdi. Bununla da bu komanda yeddinci dəfə ardıcıl qələbəyə nail oldu. Bunula da mövsümə, kluba və futbolçularına məxsus rekordları yenilədi. Bu isə ötən tur seriyanı 6-ya çatdırmaqla tarixinin rekordunu müəyyənləşdirən “Qəbələ” üçün yeni nailiyyətdir. Belə ki, sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri bakılılara məğlubiyyətin əvəzini eyni hesabla çıxıb. Artıq 61 gündür xal itirməyən “Qəbələ” bu müddətdə “Neftçi”yədək “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Bu isə mövsümün yeni rekordudur. Topaz Premyer Liqasının 2014/15 mövsümündə daha çox ardıcıl qələbə qazanan olmayıb. Necə deyərlər, artıq “qırmızı-qaralar” – “Qəbələ” rəqib tanımır. Azərbaycan kuboku uğrundakı yarışlarda uğursuz çıxış etmiş “Qəbələ” Topaz Premyer Liqasının növbəti turlarında da qələbələr seriyasını davam etdirmək niyyətindədir.

“Əgər bunu etsək…”

Topaz Premyer Liqasının XXX turu çərçivəsində keçirilən oyundan sonra “Qəbələ” klubunun yarımmüdafiəçisi Aleksey Qay qələbələr seriyası ilə bağlı sualı cavablandırarkən: “Konkret düstur deyə bilməyəcəm”, – söyləyib: “Baş məşqçi bu suala daha yaxşı cavab verə bilər. Amma asan olmadı. Biz çatışmayan komponentlər üzərində çox çalışdıq. İndi bunu bəhrəsini görürük. Lakin arxayınlaşmaq olmaz. Görüləsi işimiz yenə var”. İddialarının hər kəsə bəlli olduğunu vurğulayan Aleksey Qay hazırkı vəziyyətdə komandasının avrokuboklara vəsiqəni təmin etdiyini söyləməyin çətin olduğunu qeyd edib: “Bu haqda danışmaq tezdir. Mövsümün başa çatmasına hələ çox var. Biz indi ən azı mövqeyimizi qorumalıyıq. Bunun üçün də çox işləməli, uğurlu nəticələr qazanmalıyıq. Avrokuboklara yollanmağı təmin etməyimizlə bağlı səsləndirilən fikirlərlə razı deyiləm”. Buna rəğmən o: “Mövsümü elə yerdə bitirməliyik ki, yayda avrokuboklarda oynayaq. Mübarizə bunun uğrunda gedir”, – deyib.

Viktor Mendi (”Qəbələ” klubunun hücumçusu) isə qələbələr seriyasının sirrini belə açıqlayıb: “İndi daha yaxşı oynayırıq, meydanda bir-birimizi asan başa düşürük. Mövsümün əvvəlində isə belə deyildi. Komandanın özünə gəlməsi üçün zamana ehtiyac var idi. Vaxt keçdikcə, daha yaxşı oyun nümayiş etdirəcəyik”. O: “Üçüncü pillədə yer alan “Neftçi” ilə xal fərqini 3-ə endirdiniz. Artıq bürünc medallara iddialısınızmı?” sualına da özünəməxsus şəkildə cavab verib: “Fikrimizi buna yönəltmək istəməzdik. Əsas odur qələbə seriyasının davamını gətirək, oyunumuzu daha da yaxşılaşdıraq. Əgər bunu etsək, bürünc medal özü gələcək”.

“Çalışmalıyıq ki…”

“Düşünürəm ki, ilk üçlüyə düşmək uğrunda mübarizədə ən çətin rəqiblərimizdən biri ilə matçda vacib qələbə qazandıq. Artıq bu oyundan sonra Avropa Liqasına getmək şansımız daha da artdı”. Bu sözlər isə “Qəbələ”nin yarımmüdafiəçisi Ruslan Abışova məxsusdur. Təcrübəli futbolçu komandasının qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağını deyib: “Son 7 turda sərgilədiyimiz oyunu davam etdirə bilsək, istəyimizə nail ola biləcəyik. Amma yenə də arxayınlaşmaq olmaz. Elə növbəti turda bizi çətin Lənkəran səfəri gözləyir. Gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, “Xəzər Lənkaran” hələ də iddialı rəqibdir. Bu matçda da qələbə qazanmağa çalışacağıq. Çünki komandamız bu gün yaxşı səviyyədədir. Çoxları düşünür ki, “Qəbələ” Azərbaycan kubokundan kənarda qaldığı üçün daha yaxşı oyun sərgiləyir. Kubokda da mübarizəni davam etdirmək istərdik. Amma bu o demək deyil ki, kubokda olmadığımız üçün Premyer Liqada güclü təsir bağışlayırıq. Sadəcə bir məqsədimiz var – hər oyundan yalnız qələbə ilə ayrılmaq”.

Qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da qələbələr seriyasını davam etdirə biləcəklərinə əmindir: “Son oyunlar  göstərdi ki, mən və komandam düzgün yoldayıq. Amma daha da inkişaf etməliyik. Çalışmalıyıq ki, daha da irəli gedək”. Onun sözlərinə görə, ardıcıl qələbələr əlavə motivasiyadır: “Bu, oyunçuları növbəti gözəl oyunlara kökləyir”.

… Bəli, bu gün kubokdan tam əlini üzən “Qəbələ” bütün fikrini çempionata yönəldib. Elə bu səbəbdən də o, rəqib tanımır. Nəyin bahasına olursa olsun avrokubok yarışlarının da iştirakçısı olmaq istəyir. Bu çətin yolda ona uğurlar arzulayırıq.

Məhəmməd Rəsulov