Pyotr Maşerov: qəza, yoxsa sui-qəsd qurbanı?

540

Əziz Mustafa
Vaxtı ilə onun adı keçmiş SSRİ-nin ali dairələrində olduqca hörmətlə çəkilirdi. O, SSRİ-nin subyektlərini idarə edənlər arasında ən saf və təmizlərindən biri hesab edilirdi. Uzun illər SSRİ adlı bir imperiyaya sədaqətlə xidmət etmişdi və buna görə SovİKP MK Siyasi Bürosunun üzvü seçilmişdi. Brejnevdən sonra onu ölkənin ali rəhbəri sifətində məhz bu insanın idarə edəcəyi gözlənilirdi. Amma gözlənilmədən müəmmalı və bu günə kimi sirr olaraq qalan bir ölümlə üzləşərək həyatdan getdi. Amma bu günə kimi bu insanın müəmmalı ölümü ilə bağlı məsələ ətrafında çoxsaylı ehtimallar irəli sürülməkdədir və bu ehtimalların hər bir əslində məntiqi baxımdan ağlabatan görünür. Söhbət Belarus Kommunist partiyasının Mərkəzi komitəsinin birinci katibi, Siyasi Şuraya üzvlüyə namizəd, Sovet ittifaqı qəhrəmanı Pyotr Mironoviç Maşerovdan gedir. Pyotr Mironoviç Maşerov 1918-ci ildə Belarusiyanın Mogilyov quberniyasının şirki kəndində kasıb ailədə anadan olmuşdu.
Onun ulu babası 1812-ci ildə Rusiyaya hücum edən Fransa ordusunun əsgərlərindən biri idi. Maşero adlanan bu əsgər döyüşlərdən birində yaralanmış və geri çəkilən Fransa ordusu ilə birgə hərəkət edə bilməyərək Belarusda qalmağa məcbur olmuşdu. Buradada evlənmişdi.
Maşerovun valideynlərinin həyatı da ziddiyyətlərlə dolu olub. Belə ki, onun atası Miron sovet hökumətini sevmirdi. 1937-ci il, dekabr ayının 8-də antisovet təbliğatına görə Maşero Miron Vasilyeviç həbs edildi. Həmin il dekabr ayının 28-də o, 10 il həbsə məhkum edilib. 17 avqust 1959-cu ildə Belarus Ali Məhkəməsi ona bəraət verdi.
Anası Darya Petrovna isə partizanlarla əlaqə saxladığınıa görə, 1942-ci il dekabr ayının 9-da hitlerçilər tərəfindən güllələnib. Belə bir ailədə yetişən Pyotr Maşerov orta məktəbi bitirdikdən sonra Vitebsk universitetinə daxil oldu.
Universiteti bitirdikdən sonra o bir müddət orta məkətəbdə fizika-riyaziyyat müəllimi işlədi. Almaniya ilə müharibə başlayanda Maşerov orduya çağırıldı. 1941-ci ildə yaralanaraq əsir düşdü. Ancaq o tezliklə əsirlikdən qaça bildi. Özü ilə əsirlikdən qaçan bir qrup əsgərlə birlikdə partizan dəstəsi təşkil edərək, Belarus meşələrində almanlara qarşı təxribatlara rəhbərlik etməyə başladı. Dubnyak adı altında fəaliyyət göstərən Maşerovun rəhbərlik etdiyi partizanlar almanlara qarşı ən cəsarətli əməliyyatlara baş vuraraq onlara ağır zərbələr vururdular. Qısa müddətdə Moskva ilə əlaqə yaradan Maşerova 1942-ci ildə Şors adına iri partizan birləşməsinə rəhbərlik etmək tapşırıldı. Onun rəhbərliyi altında partizanlar 1942-ci ildə Vitebsk ilə Riqanı birləşdirən Drissa çayı üzərindəki olduqca strateji əhəmiyyət daşıyan körpünü partlatdılar. 1943-cü ildə o Rokossovski adına daha iri partizan dəstəsinə rəhbərlik etməyə başladı. Eyni zamanda o Vitebsk vilayət komsomol komitəsinə rəhbərlik etdi. Almanlara qarşı aparılan partizan müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə 1944-cü ildə Maşerova Sovet İttifaqı qəhrəmanı adı verildi. Müharibə başa çatandan sonra müxtəlif vəzifələrdə işlədi, 1965-ci ildən sonra isə o Belarus KP MK-nın I katibi təyin edildi.
Yeni vəzifədə Maşerov ilk günlərdən daha ciddi şəkildə çalışmağa başladı və qısa müddətdə Belarusu SSRİ subyektləri arasında öncül yerlərdən birinə çıxardı. Ölkəni demək olar ki, hərbi qanun qaydalara əsaslanan dəmir nizam-intizamla idarə edən Maşerovun şöhrəti ittifaq səviyyəsinə də yayıldı. Təmizkarlığı, saflığı, hər bir işi vaxtından əvvəl görməyə çalışması, sadə zəhmətkeşlərin problemlərini daim diqqət mərkəzində saxlaması onu milyonlarla belarusun sevimlisinə çevirmişdi. İş o yerə gəlib çatmışdı ki, Moskvadan əlini üzən bəzi şikayətçilər Maşerova müraciət edərək onun vasitəsi ilə problemlərinin həllinə nail olmağa çalışırdılar. Ona görə də Kremlin kuluarlarında Maşerov haqqında: “SSRİ Minskdən idarə edilir”,-deyirdilər.
Maşerov hədəfə alınır
Həmin dövrdə SSRİ-ni idarə edən Leonid iliç Brejnev və Aleksey Nikolayeviç Kosıgin artıq qocalmışdılar. Onların yerinə isə ən layiqli namizədlərdən biri kimi Maşerovun adı hallandırılırdı. Bu isə Brejnevin ətrafındakılarda Maşerova qarşı bir qısqanclıq əmələ gətirmişdi. Bəzi Siyasi büro üzvləri Brejnevin yanında yarı zarafatla: “Maşerovu tezliklə Moskvaya gətirmək lazımdır. Yoxsa belə getsə Minsk SSRİ-nin yeni paytaxtına çevriləcək, Maşerov isə oradan ölkəni idarə etməyə başlayacaq”,-deyirdilər. Aydın məsələ idi ki, bütün bunlar Brejnevi qısqandırmaya bilməzdi. Üstəlik, Kremldə Brejnevdən sonra özlərini ölkə rəhbəri kimi görən bir çox siyasi büro üzvləri, o cümlədən DTK şefi Andropov vardı. Həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Andropov Brejnevin sağ əli hesab edilirdi. O, artıq qocalmış və sərbəst şəkildə qərarlar qəbul edə bilməyən Brejnevin yerinə de-fakto ölkəni idarə edirdi. Üstəlik, həm Brejnev, həm də Andropov Maşerovu özləri üçün təhlükəli rəqib hesab edirdilər. Belə bir vəziyyətdə isə Maşerov Kreml üçün arzuedilməz adama çevrilməyə başlamışdı.
O dövrdə DTK bir neçə dəfə Maşerova ilişmək istəmiş, hətta onun fransız kökənli olduğunu belə üzə çıxarmışdı. Onun Fransadakı qohumları belə axtarılır və onlarla Maşerov arasında hansısa əlaqələrin tapılmasına cəhdlər edilirdi. Maşerovsa aydan arı, sudan təmiz idi və onun işində cüzi də olsa nöqsan tapmaq mümkün deyildi. Amma Maşerovun taleyi artıq həll olunmuşdu və Kreml ondan üzülüşmək üçün ənənəvi taktikasını işə salmağa hazırlaşırdı. Hər şeydən xəbərsiz olan Maşerov isə vəzifəsini vicdanla yerinə yetirməkdə idi. Əslində o, Moskvada hesab edildiyi kimi ölkə rəhbərliyinə can atmır və belə şey ağlından belə keçmirdi. Bununla belə Maşerov sözü üzə deməyi sevirdi və hərdən Kremldəki bəzi rəhbərlərin iş metodunu sərt şəkildə tənqid edirdi. Xüsusi ilə SSRİ-nin Əfqanıstana qoşun yeritməsi və bunun ardınca ölkənin ərzaq problemi ilə üzləşməsi Maşerov tərəfindən qəzəblə qarşılanmışdı. O, həmin dövrdə ərzaq probleminin üzə çıxmasına görə Kremldəki bəzi yüksək səviyyəli rəhbərləri tənqid edir və ölkənin bu vəziyyətə düşməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirdi. Əslində onun bu tənqidi çıxışları həm də ölkəni idarə etməkdə çətinlik çəkən Brejnevin bostanına atılan daş anlamına gəlirdi. Moskva Maşerovu birbaşa vəzifədən azad edə bilməyəcəkdi və bu, əhali arasında ciddi narazılığa səbəb ola bilərdi. Kreml nəhayət ki, köhnə iş metodunu işə saldı…
Sonralar Maşerovun müəmmalı şəkildə qəzaya uğramasını tədqiq edən SSRİ Baş Prokurorluğunun prokuroru Vladimir Kaliniçenko Maşerov haqqında: “Sovet İttifaqı Qəhrəmanı Maşerov Siyasi Büronun o dövrdəki digər üzvlərindən əsaslı şəkildə fərqlənirdi. O təvazökar, işgüzar, insanlarla asanlıqla dil tapmağı bacaran bir rəhbər idi. Ona görə də Maşerovu yalnız Belarusda deyil, SSRİ-nin hər yerində sevirdilər. O, respublika rəhbərlərini gəzdirən və o dövr üçün olduqca müasir hesab edilən maşınlarda deyil, köhnə QAZ-14 “Çayka”da getməyi sevərdi. Hər yerə mühafizəçilərsiz və ya olduqca az sayda cangüdənlərlə getməyi xoşlayırdı”.
Təsadüf, yoxsa sui qəsd?
1980-ci il oktyabr ayının 4-də saat 14.35-də Belarus KP MK-nın I katibi Maşerovun mindiyi dövlət nömrəsi 10-09 MMP olan QAZ-14 “Çayka” maşını Jodinoya tərəf istiqamət götürdü. Maşını təcrübəli sürücü E. F. Zaytsev idarə edirdi. Onun yanında isə Maşerov oturmuşdu. Arxada isə mühafizəçi mayor V. F. Çesnokov əyləşmişdi. Maşını xüsusi mühafizə dəstəsi müşayiət edirdi. Moskva- Brest magistralında sürücü sürəti saatda 100-120 kilometrə çatdırmışdı. Belarus rəhbərini müşayiət edən maşınlar ondan 60-70 metr aralıda hərəkət edirdilər. Avtomobil yolunun Smoleviç quşçuluq fabrikinin yanındakı yolla kəsişdiyi xəttə çatanda gözlənilmədən yola MAZ və onun ardınca isə yük maşını çıxdı. Maşerovun maşının qabağında gedən “Volqa”dakılar çətinliklə də olsa özlərini təhlükədən xilas edə bildilər. Ancaq Maşerovun sürücüsü əvvəlcə sürəti artıraraq yük maşınının yanından sürüşüb keçmək istədi. Amma maşını idarə edə bilmədi və yük maşınına zərblə çırpıldı. Həmin an Maşerov özünü gözləyən ölüm təhlükəsini hiss edərək, sağ əlini qabaq pəncərəyə dayaq kimi vermişdi. Ancaq bu, onu ölümdən xilas edə bilmədi.

 

azSonralar qəzaya səbəb olan yük maşınının sürücüsü Nikolay Pustovit istintaqa verdiyi ifadəsində demişdi: “Həmin gün gecə yatmamışdım və yuxusuz idim. Buna baxmayaraq, getdiyim yolun hər qarışına bələdəm və hətta gözüyumulu belə bu yolda hərəkət etmək mənim üçün çətin deyil. Həmişə də, o cümlədən qəza baş verən gün də bu yolla sakit gedirdim. Amma həmin gün qarşımda “MAZ” markalı maşın gedirdi. Aramızdakı məsafə 60- 70 metr idi. Lakin heç gözləmədiyim halda “MAZ”ın sürücüsü qəfil əyləci basdı. Həmin an artıq sürəti tənzimləyə bilmədiyimi hiss etdim. Ona görə də mən onunla toqquşmamaq üçün sükanı sağa döndərdim. Sonra güclü zərbə hiss etdim və alov gördüm”.

Güclü zərbə Pustoviti maşının qapısı ilə birlikdə bir neçə metr ətrafa tullayıb. Pustovit də od tutub yanırmış, onu ancaq köməyə gələn adamlar xilas ediblər. Amma burada da qəribə, müəmmalı məqamlar az deyil. Nə üçün Maşerovu müşayiət edən maşınlar ondan xeyli aralıda və olduqca yüksək sürətlə gediblər. Onlar Maşerovdan müəyyən edilmiş məsafədə olmalı və bununla bağlı qoyulan qaydalara əməl etməli idilər. Qəza ilə bağlı hadisə yerinə gələn Dövlət Yol Polisinin rəhbəri və Daxili İşlər Nazirliyinin generalı hadisə yerinə baxdıqdan sonra dərhal: “Bu elə-belə qəzaya oxşamır”,-demişdilər.

Görünür, qəza ssenarisi öncədən diqqətlə hazırlanıbmış. Məsələ ilə bağlı bir fakt da diqqətdən kənarda qalmışdı. Maşerovun sürücüsü faciə günü paltarının altından qəza baş verəcəyi halda, özünün ağır zədə almasına imkan verməyəcək zərbəyə davamlı xüsusi geyim geymişdi. Halbuki o əvvəllər heç vaxt belə geyimdən istifadə etməmişdi. Belə ehtimal etmək olar ki, sürücü Zaytsev öncədən baş verəcək hadisədən xəbərdar edilibmiş. O da sağ qalmaq üçün bu geyimdən istifadə edib. Lakin Zaytsev bununla da özünü ölümdən xilas edə bilməmişdi. Yenə də nə üçünsə istintaq komissiyası bu fakta xüsusi diqqət verməmişdi. Halbuki belə qəzalarda ən cüzi bir fakt belə hadisənin səbəblərinin üzə çıxarılmasına yardım edir. Amma olduqca təcrübəli əməliyyat işçilərindən təşkil olunan komissiya üzvlərinin bu ciddi faktı “nəzərdən qaçırması”, görünür, müəyyən səbəblərlə əlaqədar olub.

Maşerovun qəzaya düşməsi ilə bağlı məsələni araşdıran komissiya da bununla əlaqədar günahın müşayiət kortejinin üzərinə düşdüyünü bildirdi. Amma qəzaya səbəb kimi Pustovit göstərildi və ona 15 il həbs cəzası kəsildi. Pustovit isə həbsxanada cəmisi 5 il yatdı. Hansısa güclü əl Pustovitin vaxtından əvvəl azad edilməsinə nail oldu. Halbuki dövlət rəsmilərinə qarşı hansısa insidentdə günahlandırılan şəxslərə münasibət, adətən, çox sərt olurdu və onlar asanlıqla bağışlanmırdılar. Pustovitin isə vaxtından əvvəl həbsdən çıxması bu məsələnin öncədən DTK tərəfindən hazırlanan ssenari əsasında həyata keçirildiyini ehtimal etməyə imkan verir.

Maşerova qarşı sui-qəsd həyata keçirildiyi barədə o dövrdə çoxlu sayda ehtimallar ortaya çıxmışdı. Necə deyərlər, onun müəmmalı ölümü ilə bağlı müxtəlif şayiələr dolaşmaqda idi. Bu da əsassız deyildi. O dövrdə bütün İttifaqda yüksək hörmətə və nüfuza malik olan Maşerovun dəfnində Kremlin yüksək səviyyəli nümayəndələrindən yalnız Sov. İKP MK katibi Zimyanin iştirak etmişdi. Halbuki rəsmi protokola görə, dəfndə ən azı dövlətdə vəzifəsinə görə Brejnevdən sonra ikinci və ya üçüncü vəzifə tutan şəxslər iştirak etməli idilər. Amma görünür, Kremldə “qəza qurbanı” ilə vidalaşmaqdan utanmışdılar, ya da öz rəqiblərindən birini aradan götürdükləri ilə bağlı sevinclərini büruzə verəcəklərindən ehtiyat etmişdilər. Nəhayət, bir məqama da diqqəti cəlb etmək istəyirik. Belə ki, Maşerov kimi xüsusi hörmətə malik olan və ən yüksək vəzifələrdən birini tutan dövlət rəsmisinin qəzası ilə bağlı məsələnin araşdırılmasına Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşları cəlb edilməmişdilər. Halbuki Maşerovla müqayisədə hər hansı bir yüksək vəzifəsi olmayan aşağı səviyyəli dövlət rəsmiləri analoji hadisə ilə üzləşdikdə dərhal DTK bu işi xüsusi nəzarətinə götürürdü və burada düşmən əlinin olub-olmamasını araşdırırdı. Amma bu dəfə DTK susurdu, sanki baş verən qəzanın onlara heç bir aidiyyəti yox idi. Bu da qəzanın öncədən DTK tərəfindən planlaşdırıldığını və bu işdə onlardan şübhələnənlərin əsassız olmadıqlarını göstərir. Yenə də yaddan çıxarmaq olmaz ki, həmin dövrdə Brejnevdən sonra ölkəni idarə edəcək şəxsin Maşerovla bərabər, DTK şefi Yuri Andropovun olacağı da vurğulanırdı. Maşerovun “qəzası” Andropovun hakimiyyətə gedən yolunu açmış və onun qarşısındakı əsas maneəni aradan qaldırmışdı.

Qəzanın təsadüfi olmadığını və onun öncədən düşünülmüş şəkildə həyata keçirildiyinə Maşerovlar ailəsi də şübhə etmirdi. Məsələn, sonralar Maşerovun qızı N. P. Maşerova yazmışdı: “Atam Sov.İKP plenumuna iki həftə qalmış qəza nəticəsində öldü. O vaxt SSRİ Nazirlər Sovetinin sədri Kosıgin xəstə idi. Plenumda Kosıginin vəzifəsindən azad edləcəyi və onun yerinə atamın təyin ediləcəyi ilə bağlı məsələ artıq yüksək səviyyədə həllini tapmışdı. Amma mən başa düşürəm ki, atam o vaxt çoxlarının vəzifə yolundakı maneəyə çevrilmişdi. Məsələn, atamın məhz “qəzasından” sonra Qorbaçovun ulduzu parlamağa başladı və onun vəzifə kürsüsünə gedən yolu açıldı”.

Maşerova qəza ilə bağlı DTK-nın ünvanına hər hansı bir ittiham səsləndirmir. Çünki bu, təhlükəli idi və ona həyatı bahasına başa gələ bilərdi. Amma əvəzində atasını sevməyənlərdən olan Qorbaçovun adını çəkməklə o, atasına qarşı sui-qəsd həyata keçirilməsinə işarə vurur. Xüsusi istintaq işlərinin aparılması üzrə tanınmış müstəntiq V. İ. Kaliniçernko isə Maşerovun qəzası ilə bağlı: “Mən DTK-nın mükəmməl texniki imkanlara malik olmasını və istədiyi adamı aradan qaldırmağa qadir olduğunu yaxşı bilirəm. Maşerovun qəzası da yüksək texniki vasitələrə əsaslanaraq törədilmişdi. Maşerovu müşayiət edən və ondan irəlidə gedən mühafizə maşını xüsusi aparatla təchiz edilmişdi. Bu aparat vasitəsilə arxadan gələn Maşerovun maşınındakı sərnişinlər şüalandırılmışdı. Nəticədə bir anlığa özünü idarə etməkdən məhrum olan sürücünün qəza törətməsi üçün imkan yaradılmışdı”,-deyir.

Tarix elmləri doktoru Arkadi Rusetski: “Maşerovun nə səbəbdən qəzaya uğraması ilə bağlı əsas suala cavab tapılmadı. Axı nə üçün Respublika rəhbərinin maşınını müşayiət edən kortej məhz yolların kəsişmə nöqtəsində müşayiət etdiyi şəxsdən 150 metr aralanır və gözlənilmədən sürəti iki dəfə artırır? Sizcə onların bir hərəkəti təsadüfi ola bilərdimi? Əlbəttə, yox”,-deyir.

Sonralar müstəqil Belarusun ilk baş naziri olmuş Vyaçeslav Kebiç: “ Maşerovun qəzaya uğraması təsadüfi deyildi və öncədən xüsusi plan əsasında hazırlanmışdı”,-demişdi.

Bütün bunlar isə göstərir ki, Maşerovun müəmmalı şəkildə qəzaya düşməsinin arxasında Kremldə gedən siyasi oyunlar dayanırdı. Hakimiyyət uğrunda SSRİ-nin ali dairələrində gedən mübarizə Maşerovun müəmmalı qəza nəticəsində dünyasını dəyişməsinə səbəb oldu. Onu da deyək ki, Brejnevdən sonra ölkəni idarə edən Andropov da sonralar müəmmalı şəkildə dünyasını dəyişdi… Yəni hakimiyyət uğrunda Kremldə gedən mübarizədə DTK şefi belə özünü qoruya, canını xilas edə bilmədi…