Pxenyan böyük müharibəyə başlaya bilər

535
Koreya Xalq Demokratik Respublikası martın 2-də başlayan ABŞ və Cənubi Koreyanın müştərək Key Resolve və Foal Eagle adlı hərbi təlimlərini “Amerikanın strategiyası çərçivəsində xalq respublikasının sosial quruluşunu devirməyə hesablanan aqressiv aksiya” hesab edir. 
Belə bir bəyanatla KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edib. Diplomat, həmçinin təlimlərin gedişində ABŞ tərəfindən yol veriləcək hər hansı bir təxribata cavab olaraq Pxenyanın vətənin birləşdirilməsi uğrunda böyük müharibəyə başlamağa hazır olduğu barədə də xəbərdarlıq edib. Bəyanatda qeyd olunur ki, ABŞ hərbi təzyiqin köməyi ilə Şimali Koreyanın diqqətini iqtisadi quruluşdan və xalqın rifahını yaxşılaşdırmaq istiqamətində görülən işlərdən yayındırmağa cəhd göstərir, eyni zamanda, Koreya yarımadasının Şimalı və Cənubu arasında münasibətlərin normallaşdırılmasına əngəl törətməyə çalışır. Pxenyanın Cənubi Koreya və ABŞ-ın irimiqyaslı təlimlərdən müvəqqəti imtina etməsini, buna cavab olaraq ölkəsinin nüvə sınaqlarını dayandıracağını, eyni zamanda bu məsələ ilə bağlı danışıqlar aparmağı təklif etdiyini deyən Xarici İşlər Nazirliyinin rəsmisi Amerika hökumətinin bu təşəbbüsü rədd etdiyini, Prezident Barak Obamanın isə KXDR-ə qarşı əlavə sanksiyaların tətbiq edilməsi barədə qərar verdiyini xatırladıb. “Şimali Koreya ABŞ-la hər cür müharibə formasına hazırdır, xalq ordusu isə Vaşinqtonun düşmənçilik münasibətinə ədalətli qisas zərbələri ilə cavab verəcək”, – deyə diplomat sözlərinə əlavə edib.

 

Şimali Koreya ABŞ-la Cənubi Kareya qoşunları tərəfə raket atıb

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə etiraz əlaməti olaraq, iki yaxınmənzilli ballistik raket buraxıb. Raketlərin uçuş radiusu təxminən 490 kilometr olub. Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər Şimali Koreyanın Nampxo şəhərindən Koreya yarımadasının şərqinə doğru atılıb. Yapon dənizinə düşən ballistik raketlərlə əlaqədar Yaponiya hökuməti də etirazını bildirib. Yaponiya rəsmilərinin məlumatına görə, raketlər Yaponiyanın ərazi sularına yaxın bölgəyə düşüb.

Rəsmi Seul və Vaşinqtonun birgə təlimlərində 10 minlərlə hərbi qulluqçu iştirak edir. Şimali Koreya hökuməti bu təlimlərə qarşı öz etirazını bildirərək bunu “işğal məşqi” adlandırır.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ-ın martın 2-də başlanan müştərək təlimləri aprelin 24-dək davam edəcək. Təlimlərə Koreya Respublikası ordusunun 200 minə qədər əsgəri və sayı 3,7 min ABŞ hərbçisi cəlb olunacaq. Eyni zamanda paralel olaraq yarımadanın cənubunda martın 2-dən 13-nə qədər Cənubi Koreya və ABŞ-ın komanda-qərargah manevrləri də keçiriləcək. Bu manevrlərdə isə 10 min koreyalı və 8,6 min amerikalı hərbçinin iştirakı gözlənilir.