Putin: “Türkiyənin NATO-ya müraciət etməsi bu ölkə üçün alçaldıcıdır”

0
705

Rusiya Suriya Prezidenti Bəşər Əsədə sığınacaq verə bilər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin “Bild” jurnalına müsahibəsində bunun mümkünlüyündən danışıb. “Məsələ ilə bağlı müzakirələrin aparılması hələ tezdir. Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq verib. Bu, Əsədi sığınacaqla təmin etməkdən daha çətin idi”. Putin qeyd edib ki, bu kimi məsələlər müzakirə olunmazdan öncə Suriyaxalqına iradəsini ifadə etmək üçün imkan verilməlidir: “Əgər seçkilər demokratik üsulla baş tutsa, onda demək olar ki, Əsədə heç yerə getməyə ehtiyac qalmayacaq. Vacib deyil ki, o prezident olsun, ya yox”.

Almaniya mətbuatına müsahibəsində Putin, “Su-24” hadisəsindən sonra Türkiyənin NATO-ya müraciət etməsinin bu ölkə üçün alçaldıcı olduğunu bildirib: “Türkiyə rəhbərliyi terrorçulara zərbə endirən təyyarəmizi vuraraq həyata keçirdikləri hərbi cinayət aktı barədə Rusiya ilə danışmaq əvəzinə, NATO baş qərargahına gedərək müdafiə üçün ora müraciət ediblər. Bu, olduqca qəribə görünür, hətta fikrimcə, Türkiyə üçün alçaldıcı vəziyyətdir”.

Rusiya Prezidenti bildirib ki, Moskva və Ankara münasibətlərindəki problemlər Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı deyil. Lakin bununla yanaşı, o, NATO-nun bütün məsələlərə müdaxiləsinin də anlaşılan olmadığını diqqətə çatdırıb: “Türkiyəyə heç kim hücum etməyə hazırlaşmır. Lakin əgər Türkiyənin dünyanın hansısa nöqtəsində, qonşu dövlətlərdə marağı varsa, bu o deməkdir ki, NATO bu maraqları müdafiə etməlidir?”

Putin bu tip oxşar insidentlərin irimiqyaslı toqquşmalara gətirib çıxarmayacağına ümidvar olduğunu da söyləyib: “Rusiya təhlükəsizliyinə hər hansı təhdid yaranacağı təqdirdə, əlində olan bütün mümkün vasitələrlə özünü müdafiə etməyə hazır olacaq”.