Putin Türkiyəni hədələdi

527

Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib: “Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun”.

“Türkiyənin indiki rəhbərliyi ilə anlaşmaq mümkünsüzdür”. Bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında deyib.

“Təcrübə göstərir ki, bizim üçün anlaşmaq çətindir və yaxud da praktiki olaraq bu, mümkün deyil. Hətta biz “hə” deyərkən, arxadan bizə zərbə vururlar, özü də anlaşılmayan səbəblər üzündən. Buna görə də dövlət səviyyəsində perspektiv görmürəm”, – deyə o vurğulayıb.

Rusiyanın Türkiyə ilə onun üçün həssas olan məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduğunu deyən Putin bildirib ki, Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsi ilə müzakirə etmək üçün imkanları olsa da, bunu etməyib.

“Nəyə lazım idi bunu (Su-24 təyyarəsini vurmaq-red.) etmək? Mən anlamıram. Bəlkə onlar düşünürdülər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya o ölkələrdən deyil”, – deyə o bildirib.

Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib: “Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun”.

Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbərliyini amerikalılara yaltaqlanmaqda ittiham edib. O, bildirib ki, Rusiyanın Su-24 təyyarəsini vurmaqla Türkiyə rəhbərliyində təmsil olunanlar ABŞ-a yaltaqlanmaq məqsədi güdüb.

“Biz bilmirik ki, bu işdə üçüncü tərəf var ya yox. Lakin Türkiyə rəhbərliyindən kimsə amerikalılara yaltaqlanmaq qərarına gəlibsə, bunun doğru addım olub-olmadığını bilmirəm. Ümumiyyətlə, bunun amerikalılara lazım olub-olmadığını da bilmirəm”, – deyə o qeyd edib.

“Hazırlanacaq qətnamə Suriya

rəhbərliyini qane etməlidir”

“Suriyadakı müharibəni biz başlamamışıq. Orada ayrı-ayrı əməliyyatlar keçiririk”, deyən V. Putin qeyd edib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır.

Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin bildirib ki, rəhbərlikdə kimin təmsil olunacağını yalnız ölkənin xalqı müəyyən etməlidir.

“Heç vaxt razılaşa bilmərik ki, kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsinlər. Bu məsələ ilə bağlı ABŞ-ın baş katibi ilə danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir. Ümumilikdə biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”, – deyə o vurğulayıb.

Putin əlavə edib ki, sözügedən qətnamə Suriya rəhbərliyini də qane etməlidir. Çünki bu təklif Suriyadakı qanlı münaqişənin həlli üçün bir cəhddir.

Rusiyanın Suriyadakı hərbi bazasına gəldikdə isə Putin məsələ ilə bağlı birmənalı cavab verməkdə çətinlik çəkib: “Orada bizə hərbi baza lazımdır ya yox bilmirəm. Əmin deyiləm ki, Suriyada hərbi bazaya gərək var. Kimisə tapmaq lazımdırsa, onsuz da tapacağıq”.

“Qərb Ukraynaya onu idarə etdiyini göstərir”

“Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır”. Belə bir bəyanatla çıxış edən V. Putin hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər gördüyünü deyib: “2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi.

Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir”.

V. Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: “Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq”.

“Terror əleyhinə “İslam koalisiyası”nın

anti-Rusiya xarakterli olduğunu düşünmürəm”

“Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan İslam koalisiyasının anti-Rusiya xarakterli olduğunu düşünmürəm”, deyə çıxış edən Rusiya prezidenti qeyd edib ki, yeni koalisiyanın yaranması anlaşılan deyil.

“Bir halda ki, ABŞ rəhbərliyi altında koalisiya qüvvələri mövcuddur və yeni alyansın tərkibindəki dövlətlərin əksəriyyəti, o cümlədən Səudiyyə Ərəbistanı orada yer alır, onda yeni alyansın yaranmasına ehtiyac anlaşılan deyil”, – deyə o vurğulayıb.

Bununla yanaşı Putin məqsəd və məramından asılı olmayaraq terrorla mübarizədə birləşməyin vacibliyini önə çəkib.