Putin: “Təyyarəmizin vurulması Türkiyə ilə münasibətlərə ciddi təsir edəcək”

“Bu, arxadan vurulan zərbədir”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin dünən Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib. Soçidə İordaniya kralı II Abdulla ilə görüşdə Vladimir Putin bu hadisəni arxadan vurulan zərbə adlandırıb: “Təyyarəmiz Türkiyənin “F-16” təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. 6 min metr hündürlükdə, Türkiyə sərhədindən 1 km aralıda olarkən ona qarşı hücum olub. Bütün hallarda bizim qırıcı təyyarəmiz Türkiyə üçün təhlükə törətməyib. Bu, aydın olan məsələdir. Pilotlarımız həmin ərazidə terrora qarşı mübarizə aparıblar. Biz çoxdan müəyyən etmişik ki, Türkiyə ərazisində İŞİD-in nəzarətində olan yataqlardan gətirilmiş neft daşınır. Bu ərazidən böyük maliyyə axını gedir. İndi də bizə arxadan zərbə endirdilər”. V. Putin insidentin Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyini vurğulayıb: “Rusiya Türkiyəyə təkcə qonşu kimi yox, həm də dost ölkə kimi yanaşırdı. Bilmirəm bu, kimə lazım idi? Bizə lazım deyildi. Hadisədən sonra bizimlə dərhal əlaqə yaratmaqdansa, Türkiyə tərəfi məsələnin müzakirəsi üçün NATO-dakı tərəfdaşlarına müraciət edib. Guya Türkiyə bizim yox, biz Türkiyənin təyyarəsini vurmuşuq”.

Deputat Türkiyə ilə Rusiya arasındakı hava əlaqəsinin kəsməsini təklif edib

Rusiya Dövlət Dumasının vitse-spikeri, “Ədalətli Rusiya” fraksiyasının deputatı Nikolay Leviçev Rusiyanın Türkiyə ilə hava əlaqəsinin kəsməsini təklif edib. N. Leviçev “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradkoya Rusiya təyyarələri üçün terror təhlükəsinin artması ilə əlaqədar Rusiya və Türkiyə arasında hava əlaqəsinin kəsilməsi ilə əlaqədar müraciət ünvanlayıb. “Türkiyə hava limanlarında terror təhlükəsinə qarşı kompleks tədbirlər görülməyənədək Rusiya və Türkiyə arasında hava əlaqəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirəm”, – deyə müraciətdə qeyd olunub. Rusiyalı deputat “Turkish Airlines” aviaşirkətinin hazırda terror təhlükəsinin yüksək olduğu digər Türkiyə şəhərlərindən, o cümlədən İstanbuldan reyslər həyata keçirdiyini xatırladıb: “Türkiyə aeroportlarından Rusiyanın müxtəlif şəhərlərinə reyslər həyata keçirilir. Türkiyə hakimiyyətinin İŞİD-ə qarşı münasibətinin mənfi olmadığı şəraitdə döyüşçülərin Türkiyə aeroportlarına sızması ehtimalı yüksəkdir. Bu da Rusiya təyyarələri üçün terror təhlükəsini artıra bilər”.

“ABŞ Rusiya ilə Türkiyəni bölgədə

qarşı-qarşıya gətirmək istəyir”

“Hadisəni ətraflı şəkildə təhlil etmək lazımdır. Bayırbucak bölgəsindəki 2 təpədə Suriyanın rəsmi dövlətinə qarşı vuruşan mücahid qüvvələri-çeçenlər və uyğurlar var. Rusiya havadan, Suriya ordusu isə qurudan irəlilədikcə oradakı cihadçılar təlaşa qapılırlar. Bu hadisədə ABŞ Rusiya ilə Türkiyəni bölgədə qarşı-qarşıya gətirmək istəyir. Türkiyə də bu oyuna gələrək NATO-nun köməyinə müraciət edir. Rusiya təyyarəsinin vurulduğu bölgə ABŞ-İsrail koridorudur, bunu unutmamaq lazımdır”.

Bu sözləri APA-nın Tükiyə müxbirinə açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, digər tərəfdən, bölgədəki Lazkiyə-Dəməşq yolunun Suriya dövlətinin nəzarətindən çıxarılması istənilir, elə isə o coğrafiya da Suriya üçün həyati dərəcədə əhəmiyyətlidir: “Kaş Türkiyə başqalarının təhrikinə qapılaraq, o təyyarəni vurmayaydı, çünki Rusiyanın bunu unudacağını zənn etmirəm. Xatırlayın, 2008-ci ildə Gürcüstan Cənubi Osetiyaya hücum edərkən Rusiya oraya müdaxilə etdi. Keçən il Ukraynada cərəyan edən proseslərdə radikal addım ataraq Krımı özünə birləşdirdi. Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafını istəməyən və Avrasiya bölgəsində Rus-Türk əməkdaşlığına qarşı çıxanlar Suriyaərazisində iki ölkəni qarşı-qarşıya gətirməyə çalışır. Xatırlayın, Çin raketlərinin Türkiyəyə verilməsini nəzərdə tutan tender G-20 Zirvə toplantısından 1 gün qabaq ləğv edildi. Rus təyyarəsinin vurulmasından 1 gün sonra – sabah ABŞ Baş qərargah rəisinin birinci müavini Türkiyəyə gəlir. Bunları təsadüfi saymaq mümkün deyil. Türkiyə ilə Rusiya soyuqqanlı hərəkət edərək dərhal mütəxəssislərdən ibarət müştərək komissiya qurmalı və təyyarənin vurulmasının səbəblərini dəqiq şəkildə araşdırmalıdır. Bu hadisənin Rusiya ilə Türkiyə arasında düşmənçilik yaradacağına və iki ölkənin bölgədə münaqişəyə girəcəyinə inanmıram”.

“Sərhədlərimizi pozanlara qarşı tədbir görmək həm beynəlxalq haqqımız, həm də vəzifəmizdir”

“Türkiyə və ətrafında sülhü təmin etmək, ölkənin demokratiya, sabitlik və təhlükəsizliyini qorumaq naminə bütün mümkün vasitələri səfərbər edəcəyimizdən bütün dünya əmin olmalıdır”. Bu sözləri isə Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyənin hava sərhədlərini pozan təyyarələrə qarşı Türkiyə Silahlı Qüvvələrinin anında verdiyi reaksiya məhz bu çərçivədə anlaşılmalıdır: “Hava və quru sərhədlərimizi pozanlara qarşı hər cür tədbir görmək həm beynəlxalq hüquqdan irəli gələn haqqımız, həm də milli vəzifəmizdir. Sərhədlərimizin təhlükəsizliyindən, ölkəmizin alov çəmbəri içərisində rifahından, vətəndaşlarımızın həyatı və izzətindən söhbət gedirsə, hər cür fədakarlığa hazır olduğumuzu və hər cür tədbiri görəcəyimizi cümlə-aləmin bilməsini istəyirik”.