Putin: “Rusiyanın Türkiyəyə münasibəti dəyişməyəcək”

0
575

Rusiya, Suriya sərhəddində Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “SU-24” tipli təyyarənin qara qutusunun Moskvaya gətirildiyini açıqlayıb. Rusiyanın Müdafiə Naziri Sergey Şoyqunun sözlərinə görə, Suriya ordusuna bağlı xüsusi təyinatlılar tərəfindən ərazi təmizlənib və qara qutu tapılıb. Rusiya Prezidenti Putin, qara qutunun beynəlxalq mütəxəssislərlə birlikdə açılmasını tapşırıb: “Hələ ki, qara qutunun açılmasını istəmirəm. Bu işi ancaq beynəlxaq mütəxəssislərlə birlikdə açacağıq”.

“Qara qutudan müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməz qalacaq”. Bu sözləri də Rusiya Prezidenti Vladimir Putin Müdafiə Naziri Sergey Şoyqu ilə görüşündə bildirib. Onun sözlərinə görə, qara qutunun “oxunulması” prosedurunda iştirak etmək istəyənlərin hamısını dəvət etmək lazımdır. “Bu başdan qeyd etmək istərdim ki, müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, bizim Türkiyə hakimiyyətinin törətdiyi əmələ münasibətimiz dəyişməyəcək. Bir daha demək istəyirəm ki, biz Türkiyəyə yalnız dost ölkə deyil, terrorla mübarizədə müttəfiq sayırdıq və heç kim alçaqcasına və xaincəsinə kürəyə vurulan bu cür zərbəni gözləmirdi”, deyə Putin qeyd edib.