Püşkatma başlayır

465

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək tədbirdə 16 komanda 4 qrupa bölünəcək.

Püşkatma saat 12:30-da başlayacaq. Mərasimdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Püşkatmada yalnız Azərbaycan yığması iştirak etməyəcək. Belə ki, qaydalara əsasən meydan sahibi püşksuz A qrupunun 1-ci komandası olacaq. Bu qrupun digər 3 komandası, həmçinin B, C və D qruplarını təşkil edən “dordlük”lər püşklə müəyyənləşəcək.

Püşkatma zamanı komandalar iki səbətdə yer alacaq. Elit-raundda qrup qalibi olan 8 komandadan ən yaxşı nəticəyə malik 7 yığma 1-ci səbətdə qərarlaşacaq. Bu komandalardan biri A qrupunda yer alacaqsa, digər “dördlük”lərin hərəsinə iki səpələnmiş daxil olacaq.

A səbəti
Danimarka
Ukrayna
İtaliya
Almaniya
Portuqaliya
Fransa
Serbiya

B səbəti
Belçika
Şotlandiya
İngiltərə
Bosniya və Herseqovina
Hollandiya
İsveç
Avstriya
İspaniya

Püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olacaq. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç – yəni 4 oyun baş tutacaq. Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları 4 stadionda keçiriləcək.

Qeyd edək ki, çempionatın oyunları Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Qarabağ Stadium” və 8-ci km qəsəbə stadionunda keçiriləcək.