“Pulunu mənzil bazarında saxlamaq istəyənlərin sayında azalma var”

0
563

Son günlər mətbuatda Bakının mərkəzində mağazaların, gözəllik salonlarının, restoranların bağlanması barədə məlumatlar yayılır. Sahibkarlar bunu icarə haqlarının yüksək olması, müştəri azlığı ilə əsaslandırırlar. Bəs ölkədə müşahidə olunan bu durğunluq daşınmaz əmlak bazarına necə təsir göstərib? Məlumdur ki, cəmiyyət tərəfindən ən çox izlənilən, təqib edilən mövzulardan biri də daşınmaz əmlak bazarında olan qiymətlərdir. Son iqtisadi vəziyyətin mənzil alğı-satqısına nə qədər təsir etdiyini öyrənmək üçün ekspertlərə müraciət etdik.

“Daşınmaz əmlak bazarında durğunluq müşahidə olunmaqdadır. İstər yaşayış binalarının, istər ofislərin qiymətlərinin aşağı düşməsi, alıcıların azalması ilə bağlıdır”. Bu sözləri “Zaman Azərbaycan” qəzetinə müsahibəsində iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi. Onun sözlərinə görə, təklif dəyişməyib, amma tələb dəyişib: “Alıcıların sayı azaldığı üçün tələbdə azalmalar müşahidə edilir. Bu baxımdan birmənalı şəkildə daşınmaz əmlak bazarında qiymət azalmaları özünü göstərir. Bizim qiymətləndirmə onu göstərir ki, bu ilin 9 ayında 14%-ə yaxın qiymət azalması olub. Bu əsasən, köhnə binalarda özünü göstərir, amma yeni tikililərdəki hazır, sahibi tərəfindən satılan mənzillərdə də qiymət azalmaları var. İnşa edilmiş, amma MTK-lar tərəfindən, hələlik, satılmayan evlərdə isə qiymət azalması nisbətən azdır”.

“Vətəndaşlar yığıma üstünlük verirlər”

Növbəti aylarda da qiymətlərin azalacağını qeyd edən ekspertin sözlərinə görə, bu, əsasən Rusiyada yaşayan azərbaycanlıların əvvəlki illərə nisbətən az mənzil almaları ilə bağlıdır: “Rusiyada yaşayan həmyerlilərimizin iqtisadi vəziyyətinin nisbətən pisləşməsi tələbin azalmasına gətirib çıxardı. Eyni zamanda digər səbəb vətəndaşların yığıma üstünlük verməsi ilə bağlıdır. Qlobal çətinlik başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da yığıma marağı artırır. Xüsusən, nisbətən bahalı istiqamətlərə vəsaitlərin yönəldilməsində azalmalar müşahidə edilməkdədir. Mənzil bazarı kommersiya xarakterli olmadığı üçün bazara kommersiya məqsədilə yanaşan alıcıların sayında da azalmalar var. Əvvəllər ev alıb, müəyyən müddətdən sonra satanda gəlir əldə etmək mümkün idisə, artıq belə gəlir əldə etmək mümkün deyil. Ona görə də pulunu mənzil bazarında saxlamaq istəyənlərin də sayında azalmalar var. Çünki qiymət azalmalarının davam edəcəyindən ehtiyat edirlər. Ümumilikdə, 2015-ci ildə daşınmaz əmlak bazarında 17% qiymət azalması proqnozlaşdırılır. Güman olunur ki, ilin sonuna qədər bu, davam edəcək”.

“Mərkəzi Bank artıq 3 ildir ipoteka krediti şərtlərinin sadələşdiriləcəyi ilə bağlı açıqlama verir”

İpoteka kreditlərinin sadələşdiriləcəyi təqdirdə, qiymətin necə olacağını proqnozlaşdırmağın çətin olduğunu bildirən Bayramovun sözlərinə görə, daha dəqiq məlumatı Mərkəzi Bank verə bilər: “Mərkəzi Bank artıq üç ildir ki, ipoteka krediti şərtlərinin sadələşdiriləcəyi ilə bağlı açıqlama verir. Güman etmirəm ki, ipoteka şərtləri asanlaşdırılsa, ciddi dəyişiklik olacaq. Çünki ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcmi stabil 50 milyon manatdır. Şərtlər yüngül olmadığı halda belə, həmin vəsait xərclənir, bazara daxil olur. İpoteka proqramı çərçivəsində bazara daxil olan vəsaitin həcmində heç də dəyişikliklər olmayacaq. Proqramın şərtlərinin yüngülləşdirilməsi bazarda qiymət artımına gətirib çıxarmayacaq”.

Makler Şamo Mikayılov isə bizimlə söhbətində dedi ki, bazarda alıcı, demək olar ki yoxdur: “Bu səbəbdən qiymətlərdə azalmalar var. Təxminən 15-20% qiymət azalması müşahidə olunur. Bununla belə, yenə də ev almaq istəyənlərin sayı çox deyil. Ofislərin icarə qiymətlərində də azalmalar müşahidə olunur. Lakin icarə qiymətləri çox da azalmayıb. Buna baxmayaraq, icarədən imtina edən iş adamları olur. Bundan əlavə, Rusiyadan gələn azərbaycanlılar, əvvəlki illərdə daşınmaz əmlak bazarında aktiv olsalar da, son vaxtlar çox zəifdirlər. Əksəriyyəti Rusiyada işlərin zəif olması, valyutalarının “ölməsi” səbəbindən ölkəmizə qayıdırlar və işsiz qalırlar”.

Rasim Məmmədli