Psixoloq: “Stressdən qaynaqlanan aktivlik insandakı müsbət resursları zədələyə bilər”

1173
Frustrated student

Stress, əsəb, depressiya günümüzün əsas problemlərindən biridir. Demək olar ki, hər insanda rast gəlinən bu vəziyyət sosial həyatı ciddi şəkildə təsiri altına alır. Stresdən qorunmaq isə, demək olar ki, mümkün deyil. Çünki gündəlik həyatımız gərginlik yaradan səbəblərlə əhatələnib. Elə səhər evdən çıxandan axşam qayıdana qədər stress yolyoldaşımız olur. Avtobusun gecikməsi, mindikdən sonra nəinki əl tutmağa, hətta ayaq qoymağa belə yerin olmaması, yoldakı tıxaclar, siqnal səsləri, iş və ailə həyatındakı problemlər stresin başlıca səbəbləridir.

Bəs stress insanda hansı problemlərə yol açır? Stresdən qorunmağın yolları varmı? Hansı vəziyyətdə daha ağır fəsadları ola bilir?

“Əgər insan empatiya qura bilmirsə,
hər zaman hadisələr onda qıcıq yaradacaq”
Nəzərə almaq lazımdır ki, stress xəstəlik deyil, vəziyyətdir. Və insan bədəni bu prosesə müxtəlif formada reaksiya verir. Əgər stress halı uzun müddət davam edirsə, bu, psixoloji problemlərə gətirib çıxara bilir. Bu zaman insanda yorğunluq, halsızlıq, diqqət dağınıqlığı, yuxusuzluq kimi hallar müşahidə olunur. Uzunmüddətli gərginlik başda mədə və həzm sistemi olmaqla bir sıra xəstəliklərə zəmin yaradır.
Psixoloq Murad İsayev bildirdi ki, hər bir insanın stresə düşmə ehtimalı yüksəkdir: “Hər bir insanda stresə meyillilik əmsalı var. Bu da insana görə dəyişən bir vəziyyətdir. İnsanın tez özündən çıxması, kənardakı proseslərdən dərhal təsirlənməsi və ya qarşısındakının danışığından qıcıqlanması tamamilə fərdi xüsusiyyət daşıyır. Bu, orqanizmin stresə qarşı dözümlülük əmsalından asılıdır. Stress faktorunu yaradan səbəblər primitiv məsələlərdən irəli gəlir. Təəssüflər olsun ki, bu gün ölkəmizdə insanlar hər bir məsələdə stresə düşə bilirlər. Xırda bir söz, kiçik bir hərəkət konflikt səbəbi ola bilir. Hər bir insanın motivasiya, möhkəmlik deposu olur ki, bu da onu stresə qarşı qoruyur. Baş verən hər bir proses həmin depodan dözümlülüyünü azaldır. Bunlar üst-üstə yığıldığından bəzən insan ən xırda məsələyə reaksiya verə bilir. Bu da həmin anın stresi deyil, əvvəlcədən yığılmış gərginlik o anda partlayır. İnsanların bir-birinə qarşı eqoistcəsinə davranışları münasibətlərin pozulmasına səbəb olur. Çoxlarında humanizm anlayışı bir az aşağı səviyyədədir. İnsan problemlərə empatiya duyğusu ilə yanaşmalıdır. O, hər zaman özünü qarşısındakı insanın yerinə qoymağı bacarmalıdır. İstər yol keçərkən, istər avtomobil idarə edərkən, kimləsə konflikti olarkən belə özünə qarşı tərəfdən baxmağı bacarmalıdır. Əgər insan empatiya qura bilmirsə, hər zaman özünü haqlı görürsə, hadisələr onda qıcıq yaradacaq”.

“Passiv həyat tərzi insanları
ünsiyyətdən uzaqlaşdırır”
“Dözümlülük əmsalını aşağı salan digər faktorlardan biri də stresi aradan qaldıran səbəblərə diqqət etmirik. İlk növbədə, passiv həyat tərzi, fiziki aktivliyin olmaması kimi hallar insanlarda özünəqapalılıq yaradır. Get-gedə insanlar hərəkətsizliyə daha meyilli olurlar. Gündəlik həyatda da bu hala çox rast gəlirik. Məsələn, sərnişin az qalır ki, avtobusu evinin qabağına sürdürsün; dayanacaqda düşüb bir az yol yerimək istəmir. Elmi araşdırmalar göstərir ki, gün ərzində 1 saat açıq havada yeriyən insanda stresə meyillilik daha aşağı səviyyədədir. Passiv həyat tərzi və virtual aləmdə vaxt keçirmək insanları canlı ünsiyyətdən uzaqlaşdırır və vaxt keçdikcə onlar bu halı normal qəbul edir, əksi ilə razılaşmırlar”- , deyə psixoloq qeyd etdi.
M. İsayev stress anında insanda adrenalinin yüksəldiyini və bunun da fiziki aktivliyə yol açdığını vurğuladı: “Əgər insan stresə qarşı reaksiya vermirsə, deməli, onun dözümlülük əmsalı çoxdur. İnsan stresə girəndə avtomatik olaraq qanda müəyyən aktivləşdirici müdafiə hormonları – adrenalin sintezi olur. Bu da insan beynini aktiv saxlamağa kömək edir; insanda özünü diqqətli, hazırcavablılıq kimi göstərir. Lakin bu heç də müsbət bir göstərici deyil. Stresdən qaynaqlanan bu proses özü insanın içindəki müsbət resurslarını parçalaya bilər. Aktivlik məhz mənfidən doğduğuna görə insandakı motivasiya depolarını zədələyir.
Stresdən uzaq olmaq üçün idmanla məşğul olmaq, müsbət düşüncələrə yer vermək, motivasiyanı artıran məşğuliyyətlərə yönəlmək və sağlam qidalanmaq vacibdir”.

Xəyalə Sadıqova